Modern.az

Ümidini yuxulara bağlayan “məktəbli”

Ümidini yuxulara bağlayan “məktəbli”

Ölkə

31 Oktyabr 2013, 09:45

Ağdam şəhəri ötən əsrin səksəninci illərində qızıl dövrünü yaşayırdı. Amma onun qızıl olduğunu o illərdə hiss etmirdik. Bu gündə o qızıl dövrdən ağız dolusu danışır, yorulmuruq. Hər danışdıqca nəysə yeni bir məqamı yada salırıq…

Həmsöhbətim sıravi ağdamlılardan biridr. Bir  nomrəli məktəbdə təhsil alıb. Oxuduğu dövrü yaddan cıxara bilmir. Həyatın mənası, dadı-duzunun  məhz o illərlə getdiyini deyir…

Uşaqlıq xatirələri hər birimizdə silinməz izlər qoyur. Hansı yaşı haqlasaqda, məhz o illərdə qarşılaşdığımız hadisələr yaddaşımızın dərin qatlarında qalır. Həmsöhbətim üçün bir nömrəlini təsvir etmək, dəhlizlərini, hətta güzgülərini xatırlamaq çətin olmadı…

Beləliklə, adını çəkilməsində maraqlı olmayan xanım həmyerlimlə bir  nömrəli barəsində danışırıq…   

Yuxumda evimizdən çox məktəbimizi görurəm. Özu də lap köhnə vaxtını…

1979-cu ildə Nisə Kərimovanın sinfinə-1B sinfinə getmişəm…

Bir nömrəlinin  böyük həyəti vardi. Həyətin aşağı hissəsində 5-6 pilləkən qalxmaqla 4 otağı olan ibtidai siniflərin korpusuna daxil olurdun…

Sinif otağımız ikincisiydi. “A” sinfinə Nübar muəllimə dərs keçərdi. Hər ikisi öz mehribanlığı ilə seçilərdi...

“Zavuçumuz” qohumumuz olan Ənvər Nəsibov idi. O illərdə məktəbin direktoru Sabir Qasımov, direktor müavini isə Tahirə Quliyeva idi. Əməkdar müəllim Hacı Hacızadə də bu məktəbdə çalışırdı. Yuxarı siniflərdə  sinif rəhbərimiz  Xalidə Axundova idi.

Adamı dərsə çağıranda az qala çıgırardı. Tezdən dərsə bəzən yuxulu halda gəldiyimizdən bu səs sanki yuxudan ayıldardı bizi…

Siyahıda adım ikinci gəlirdi. Çağrılanda ayaq üstə yerimizdə dayanar, özümüzü elə göstərərdik ki, sanki dəsri hazırlamadığımıza görə utanarıq. Altdan-altdan da gülərdik. Amma bunu  Ənvər müəllim görməzdi.

Ənvər müəllimin fakturası gəmi kapitanına oxşadığından ona bəzən “Bosman” müəllim də deyərdilər. Sənətinin vurğunu idi rəhmətlik…

Hər müəllimimdən bir tarixçə yadigar qalıb mənə…

Azərbaycan  dili və ədəbiyyatı müəllimi  dərsnən bərabər, hər sözün yaranma tarixindən danışar, öyüd-nəsihət verməkdən yorulmazdı. Yaddaşlı müəllimə idi. Bəzən böyük tənəffüsdən  qayıdanda dərsə gecikərdik. O da o ki var danlayırdı bizi.  “Ay bala tənəffüsünüz  10 dəqiqədi. Niyə gəcikirsiz axı”-, sözünü elə mədəni və mülayim dildə deyərdi ki,  utandığımızdan  o biri dəfə dərsinə vaxtında gələrdik.

Bir gün dərsdə patefonda Qədir Rustəmovun “Sona bülbüllərini” oxutduranda nədənsə bərk kövrəlib ağlamışdım…

Ədəbiyyat kabinetində səliqəli plakatlar, dahilərin şəkilləri, onların ən yadda qalan şeirləri  və sitatları yazılmış plakatları asılmışdı…

Böyüdükcə dərslərə marağım azalmışdı. İndi peşmançılıq hissi çəkirəm. Ədəbiyyat müəlliməm deyirdi ki, ay bala oxu, oxumasan vallah  pis günə qalacaqsan. Çox peşiman olacaqsan. Oxusan savadli biri olardın…

Anam vaxtsız dünyadan köçdü. 34 yaşında. Heç bir gün görməmiş dünyadan qəflətən köçdü…

Vaxtsiz itki mənim oxumağıma da ciddi təsir elədi. Amma buna baxmayaraq ingilis dilini cox sevərdim. İngilis dili muəlliməmiz  Almaz Bağırova  “Lahiclar” məhəlləsində qalırdı…

İtki hisslərini birdə Ağdamı tərk edəndə hiss etdim. Sanki ikinci dəfə anamı itirmişdim…

Bu gün şəkillərə baxarkən, o illəri xatırlayanda görürsən ki, bir nömrəli nə qədər yüksək bir zirvədə dayanıbmış… 

Məktəbin arxa tərəfində idman meydançası və istixana var idi. Meydança dəmir cağ dəmirlə ayrılmışdı. Burada hər növ idmanla məşğul olmaq üçün şərait yaradılmışdı.

Dördüncü sinfi məktəbin üçüncü mərtəbəsindəki  sinif otagında keçərdik.

Məktəbin divar qəzeti də burada asılardı. Qabaqcıl şagirdlər aylıq divar qəzetinin hazırlanmasına cəlb edilərdilər. Hər gün məktəbin pilləkənləri qara neftlə silindiyindən, səhər məktəbdən neft qoxusu gələrdi…

Birinci mərtəbədə pilləkənin aşağısında iki güzgü var idi. Hər tənəffüs yuxarı sinfin qızları o güzgüyə baxar, səliqə səhmanlarına fikir verərdilər. Pioner qalstkumuzun şax durması və parıldaması üçün  az   qala əldən ayaqdan gedərdik.

Bir nömrəlinin birinci mərtəbəsində emalatxana, tarix, rus dili, riyaziyyat və  dəhlizin sonunda isə hərbi hazırlıq otagı var idi.  Hərbi hazırlıq dərsləri çox ciddi şəkildə  keçilərdi. Hərbi müəllim Vidadi Əliyev idi.

İkinci mərtəbəyə qalxırıq. Pilləkəndən qalxanda sağ tərəfdə kimya-biologiya otağı gəlirdi. Otağın içərisində labaratoriya ucun lazım olan avadanlıqlar qoyulmuşdu. Hər partada su krantı çəkilmişdi.

Sol otaqda isə riyaziyyat kabineti idi. Burada cəbr, riyaziyyat, həndəsə dərsləri keçilərdi. Riyaziyyat cəbr həndəsə haqqında məlumatlar, bir də dahilərin dediyi sözlər yazılmış plakatlar asılmışdı…

Iki sinif otagı yan-yana idi. Biri Azərbaycan dili otağı, o biri ədəbiyyat. Ən gözəl otaq ədəbiyyat otağıydı. Bu sinifdə dərs oxumamaq sadəcə gunahıydı. Pəncərədə elə gözəl dibçək gülləri yığılmışdı. Qızlarımız daim güllərə qulluq göstərərdi…

Bir dəfə acıq dərsimiz oldu. Onda 6-ci sinifdə oxuyurdum. Muəlliməmiz dedi ki, açıq dərsə Xudu Məmmədov gələcək. hamımıza tapşırdı ki, nə sual versə sərbəst cavablandırın. Guləruz olsa da, ciddi sərt görkəmdə bir insan içəri keçdi.

Salamlaşdı. Özunu təqdim elədi. “Xudu Məmmədov mənəm”-, dedi…

Məktəbdən əlavə olaraq həftənin iki gününü emalatxanada keçirərdik. 1sentyabr 1987-ci ildən 18 may 1989- cu ilə kimi Ağdam məktəblərarası Peşə Əmək İstehsalat Kombinatında Makinaçılıq və muasir karguzarlıq proqramı üzrə makinaçı ixtisasına yiyələndik...

Bəli, o illərdə sanki bam-başqa aləmdə yaşamışıq. Artıq o vaxtdan 24 il keçir, amma bu gündə o illərdən həsrətlə danışırıq...

Bu gündə ümidimizi itirməmişik. İnanırıq ki, yenidən şəhəri bərpa edəcək, ondan  da  müasir şəhər salacagıq. Hər bir Azərbaycan vətəndaşı isə xəyalları kerçəkləşdirəcəyimiz günün  uzaqda olmamasına ümid edir...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı