Modern.az

Nazirlərin “ÜÇ ZƏRF”i...

Nazirlərin “ÜÇ ZƏRF”i...

Ölkə

31 Oktyabr 2013, 21:58

Mahir Qabiloğlu


Sovet dövründə qəşəng bir lətifə vardı. Vəzifəyə təzə keçən adamlar üçün nəzərdə tutulmuşdu. Bunu təkcə lətifə yox, kreslo başına keçən insanın etaplı hərəkət  strategiyası da adlandırmaq olardı. Amma ötən əsrdən miras qalan bu ənənə də yavaş-yavaş pozulur. Nə başınızı ağrıdım, əvvəlcə lətifəni yadınıza salım, sonra  sözümün dalın gətirərəm.

Günlərin bir günü bir naziri işdən çıxarırlar. Son olaraq kabinetini boşaldır, möhürü, seyfin açarlarını yeni nazirə təhvil verir. Yeni nazir seyfdə üç zərfin qaldığını söyləyəndə - eks-nazir “onları sənə saxlamışam. Üstünü də “1”, “2”, “3” nömrələmişəm. Çətinə düşəndə növbəylə açarsan” deyir.

Beləliklə aylar keçir. Günlərin bir günü nazirin işi çətinə düşür. Yoxlama yoxlama dalınca gəlir. İş o yerə çatır ki, işini Mərkəzi Komitənin iclasına da çıxarırlar. Çıxılmaz vəziyyətdə qalan nazirin yadına “Üç zərf” düşür. Birinci zərfi açır. Görür ki, yazılıb: “Bütün günahları yıx özündən əvvəlki nazirin üstünə”.

Belə də edir. Təhlükə o an sovuşur. Beləcə nazir vəzifəsində möhkəmlənir. Əli-qolu açılır. Daha böyük işlər həyata keçirməyə başlayır. Uğurları artmaqla yanaşı, buraxdığı səhvlər, xətaları da çoxalır. Köhnə nazirin komandası da qorxusundan səsini çıxara bilmir ki, birdən işdən çıxararlar. Əmrlərə səssiz-səmirsiz itaət edirlər.

Bir müddət sonra yenidən “qara buludlar” nazirin başının üstünü alır. Bu dəfə o vaxt itirmədən 2-ci zərfi açır. Görür ki, yazılıb: “Bütün günahları yıx işçilərinin üstünə”.

Elə də edir. Kollegiya çağırır. Nazirliyə gələn komissiyanın gözü qabağında işçilərini danlayır. Müavinləri, idarə rəislərini işdən qovur. Aşağı vəzifəlilərə isə “töhmət” verir. Beləcə təhlükə sovuşur.

Nazir daha böyük şövqlə işini davam etdirir. Özündə bir arxayınçılıq yaranır. “Fironluğ”a başlayır. Fikirləşir ki, “axı, ehtiyatda hələ bir zərfi də qalır”.

Günlərin bir günü yenə də vəziyyət gərginləşir. Buraxılan səhvləri, anonim məktubları araşdırmaq üçün komissiyalar yenidən nazirliyin üzərinə şığıyır. Nazir isə heç keyfini pozmadan seyfi açır, üçüncü zərfi götürür. İçindən məktubu çıxarır. Görür ki, yazılıb: “Sən də “Üç zərf” hazırla””.

İndi gündəmi yeni nazirlərin həyata keçirdikləri yeni təyinat xəbərləri bürüyüb. Hətta saytlarda bu informasiyalar oxunma sayına görə liderdirlər. “Üç zərf” prinsipi də pozulub.

Nazirlər 1-ci və 2-ci zərfi kabinetə girən kimi açırlar. 3-cü zərfə isə heç gözlərinin ucuyla da baxmırlar. Deyəsən başa düşürlər ki, üçüncü zərfi açmağa, “Üç zərf” hazırlamağa heç macal da tapmayacaqlar. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı