SSRİ 20 ildən çoxdur bitib, ancaq sovet ideologiyasının şüurlarmızdakı qalıqları hələ də davam etməkdədir
Bu yazımızda SSRİ dövründə mühacirət yaşamağa məcbur olmuş bir sıra tanınmış şəxsiyyətlərimizin, özəlliklə də Məhəmməd Əmin Rəsulzadənin «Vətəni qoyub qaçanlar» kimi ittiham olunması məsələsinə aydınlıq gətirməyə çalışacağıq. Bu ittihamı irəli sürənlər arasında həm yaşlı nəslin, həm də gənc nəslin nümayəndələri vardır. Belə ki, Azərbaycan Cümhuriyyətindən, onun liderlərindən, o cümlədən M.Ə.Rəzulzadədən söz düşəndə və onların gördükləri böyük milli əməllərdən bəhs olunan zaman bəziləri bir sıra ittihamlarla yanaşı, «Vətəni qoyub qaçıb» məsələsini xüsusilə qabardırlar.
Bu cür düşünənlərin fikrincə, xüsusilə Rəsulzadə 1920-ci il 27 aprel işğalından sonra Azərbaycanı heç bir şəkildə tərk etməməliydi. Bir sözlə, Rəsulzadə ölümü bahasına olsa belə Vətəndə qalmağa razı olmalıydı, nəinki çıxıb getməyə. Əgər o, Vətəndən sağ olaraq gedib xaricdə yaşayıbsa, deməli ən azı günahkardır. Hətta, bəziləri də tapılır ki, bu məsələlərin əsil mahiyyətini bilmədən deyirlər ki, məsələn filankəslər Vətəni tərk edib heç hara getmədilər, ancaq Rəsulzadə və başqaları xaricə mühacirət etdilər.
Bizə elə gəlir ki, burada bir neçə aydınlıq gətirilməsi vacib məsələ var. Onlardan biri Rəsulzadənin Azərbaycandan hansı şəkildə ayrılmasıdır. Belə ki, Rəsulzadə Sovet Rusiyasının 11-ci Qızıl Ordusunın Azərbaycanı işğal etməyə başladığı tarixlərdə, yəni 27 aprel işğalından bir az sonra sonra Bakını gizli şəkildə tərk edərək xaricə yox, İsmayıllıya-Lahıca üz tutmuşdur. Bir neçə ay Lahıcda yaşayan Rəsulzadə sonra Rusiya bolşevikləri tərəfindən yaxalanaraq Bakıya gətirilmiş və həbsxanya salınmışdır.
Rəsulzadə «Bir türk miliyyətçisinin Stalinlə ixtilal xatirələri» əsərində bu hadisəni belə anladır: «Qızıl Ordunun aktiv yardımı ilə məmləkət sovetləşdirilirdi. Yəni sözdə Sovet Azərbaycanı Cümhuriyyəti ünvanı mühafizə edilirdisə, işdə demokratik milli bütün müəssisələr ortadan qaldırılır, liderlər təqib olunur, qızıl istila terroru hər tərəfi qovururdu. Fövqalədə ixtilal məhkəməsi mənasına gələn «Çrezvıçayka» cəza makinəsi (maşını) durmadan çalışır, gözdə bulunan bütün münəvvərlər (aydınlar) biri-biri arxasından yaxalanaraq zindanlara atılır, bir qismi də əlli-ayaqlı ortadan qeyb olurdular. Qızıl qasırğa devirmədik milli bir müəssisə, kəsmədik bir şəxsiyyət buraxmadı.
Bu şərtlər daxilində bir müddət saxlandıqdan sonra əski mücadilə arkadaşlarımdan mərhum Kazımzadə Abbasqulu bəylə bərabər Bakını tərk etmiş, əski Şirvan vilayətinin mərkəzi Şamaxı civarında Qafqaziya sıra dağları ətəyində Lahıc deyilən bir yerdə gizlənmişdik. Bulunduğumuz yer bir sui-təsadüf nəticəsində kəşf edilmiş, yaxalanaraq Bakıya geri gətirilmiş və o zaman Çeka deyilən siyasi polis müəssisəsinin fövqalədə işlər şöbəsi olan «Osobı otdel»ə təslim edilmişdik».
Fikrimizcə, Rəsulzadənin bir çox Azərbaycan Cümhuriyyəti liderlərindən (Nəsib bəy Yusifbəyli və b.) və başqa tanınmış ziyalılardan (Firidun bəy Köçərli və b.) fərqli olaraq rus bolşevikləri tərəfindən yaxalanan zaman dərhal öldürülməməsində bir neçə amil mühüm rol oynamışdır. Bu amillər arasında ən önəmlisi Rəsulzadənin Azərbaycan xalqı arasında ən yüksək nüfuz sahibi olması idi. Hər halda, Sovet Rusiyasının Azərbaycandakı ağaları (S.M.Kirov, S.Orconikidze, Pankratov və b.) yaxşı başa düşürdülər ki, Rəsulzadə ilə bağlı radikal addımın atılması xalq arasında onlara qarşı ciddi narazlıq yaradacaqdır. Bu baxımdan, məhz Azərbaycan xalqının etibarını itirməmək və siyasi böhrana yol verməmək üçün Rəsulzadəyə toxunulmamışdır. Hətta, Rəsulzadə yaxalanaraq Bakıya gətiridikdən sonra hər şeyin qaydasında olduğunu xalqa çatdırmaq üçün, «Kommunist» qəzetində Azərbaycan Sovet hökumətinin sədri Nəriman Nərimanovun imzası ilə ilk səhifədə rəsmi məlumat da dərc olunmuşdur: «Məhəmməd Əmin Rəsulzadənin vilayətlərdə hər cür təhlükdən qorumaq məqsədilə Sovet hökuməti onun paytaxta gətirilməsinə qərar vermişdir. Burada isə həyatı əmniyyət altındadır, əhalinin bu xüsusda əmin olmasını və həyəcana düşməməsini tövsiyə edirik».

Eyni zamanda, vaxtilə İranda yaxın dostluq münasibətləri yaranmış tanınmış inqilabçılardan Heydər Əmioğlunun Rəsulzadəni açıq şəkildə müdafiə etməsi də, bu məsələdə az rol oynamamışdır. Belə ki, H.Əmioğlu Rəsulzadənin həbsi ilə bağlı başda Sovet Azərbaycanın rəhbəri Nəriman Nərimanov olmaqla bir sıra nufuzlu şəxslərə baş vuraraq, «Məhəmməd Əminin başından bir tük belə əskik olmamalıdır!» - demişdir. Ona görə də, istər Moskvanın Azərbaycandakı nümayəndələri, istərsə də Sovet Azərbaycanının rəhbərləri Rəsulzadə məsələsində ehtiyatlı davranmağı və Mərkəzdən gələn əmr əsasında hərəkət etməyə üstünlük vermişlər.
Həmin dövrdə Rəsulzadənin toxunulmazlığında önəmli amillərdən biri də Stalinlə bağlı olmuşdur. Tanınmış tarixçi Mövsüm Əliyev bu haqda yazır ki, 1920-ci il aprel hadisələrindən sonra Rəsulzadə Lahıcda həbsə alındı: «Onun tutulması xəbəri həmin ilin noyabrın əvvəllərində Vladiqafqaz şəhərində olan İ.V.Stalinə çatdırıldı. Stalin heç kəsə xəbər vermədən Bakıya gələrək, XI Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-in Millətlər Komissarlığı adından göstəriş verdi və özü şəxsən həbsxanaya gedib M.Ə.Rəsulzadəni azad etdi. Bununla, İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran keçmiş inqilabçı dostu M.Ə.Rəsulzadənin qarşısında öz tarixi vicdan borcunu yerinə yetirdi». Bu məlumatdan da bəlli olur ki, Rəsulzadənin toxunulmazlığında əsas rolu Azərbaycan xalqı oynamışdır. Çünki Stalin Rəsulzadənin həbsi xəbərini bir müddət sonra öyrənmiş və həmin məsələyə müdaxilə etmişdir.
Yeri gəlmişkən, kimlərsə Stalinin Rəsulzadəni xilasından ağızdolusu danışıdıqları halda, nədənsə eynisini Stalinə etmiş Rəsulzadənin bu əməlini ya «unudurdar», ya da ötəri şəkildə toxunurlar. Halbuki Rəsulzadənin həyatının o zamanlar xilası mümkün olduğu halda, Stalin üçün belə bir şans ümumiyyətlə qalmamışdır. Əlbəttə, əgər Rəsulzadə olmasaydı…
Bütün hallarda Rəsulzadənin toxunulmazlığının sonrakı mərhələsində Stalin də mühüm rol oynamışdır. Bunu, Rəsulzadə xatirlərində də açıq şəkildə ifadə etmişdir. Çünki Stalin Bakıda həbsxanada görüşərkən Rəsulzadəyə bildirmişdir ki, yerli kommunistlər onun haqqında iki rəydədirlər: Rəsulzadə ya öldürülməli, ya da ömürlük həbs edilməlidir. Stalin isə təklif edir ki, onunla Moskvaya getsin, çünki burada qalarsa bəhanə edib onu yenə də öldürə bilərlər.
Bütün bunları yazmaqda məqsədimiz odur ki, Rəsulzadə Vətəni qoyub heç hara qaçmamışdır. O, şəxsi iradəsi ilə öncə Lahıca getmiş və orada bir müddət gizli şəkildə yaşamış, ancaq burada yaxalanaraq Bakıya gətirilmişdir. Daha sonra Stalinin açıq şəkildə ifadə etdiyi kimi Rəsulzadə ya Azərbaycanda qalıb ölməli, ya da bir ümid işartısı olaraq Moskvaya getməyə razı olub hansısa bir yolla bolşeviklərdən qurtularaq milli mücadiləni davam etdirməli idi. Ona görə də Rəsulzadə ikinci yolu seçdi və bununla da xalqı qarşısında böyük fədakarlıq etdi.
Çünki Rəsulzadə ikinci yolu seçməklə öz həyatını deyil, Azərbaycanı və onun milli varlığını yaşatmış oldu. Ancaq əvəzində o, bütün ailəsini Vətən və Millət uğrunda qurban verdi. Oğlu Rəsul güllələndi, yerdə qalan ailə üzvüləri və əksər qohumları Qazaxıstana sürgün edildi. Sürgündə M.Ə.Rəsulzadənin analığı, həyat yoldaşı vəfat etdi. Bir qızı Lətifə soyuqdan donub öldüyü halda, digər qızı Xalidə isə Bakıya qayıtdıqdan sonra itkin düşdü. Halbuki Rəsulzadə Stalinin Moskvada ona etdiyi təkliflərlə razılaşsaydı, bəlkə də başına bu qədər faciələr gəlməz, «Vətəni qoyub qaçıb» və sair bunu kimi ittihamlara məruz qalmazdı.
Bütün bunlarla yanaşı, onu da xatırladaq ki, 1920-ci il 27 aprel işğalından sonra rus bolşeviklərin əlinə keçməməkdən ötrü Azərbaycan Cümhuriyyətinin liderlərindən Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev və başqaları da Vətəni tərk etməyə məcbur olmuşlar. Onlardan Nəsib bəy Kürdəmir, yaxud da Gürcüstan sərhədləri yaxınlığında, Fətəli Xan Xoyski, Həsən bəy Ağayev isə Gürcüstanda-Tiflisdə şəhid edilmişlər. Yəni bu insanlardan heç biri könüllü şəkildə və öz xoşbəxtlikləri üçün Vətəni tərk etməmiş, yaxud da gizli şəkildə yaşamağa çalışmamışlar. Sadəcə, Millət və Vətən uğrunda mücadilə aparmaq üçün istər Azərbaycanın daixilində, istərsə də onun xaricində mücadilə və mübarizə etmiş, bu yolda şahid olmuşlar.
Hətta, 27 aprel işğalından sonra Azərbaycanda bir neçə il gizli şəkildə bolşevikərə qarşı mübarizə aparanlar da (Mirzə Bala Məmmədzadə, Hüseyn Baykara və başqaları) çıxılmaz vəziyyətdə qaldıqda Vətəni tərk etməyə məcbur olmuşlar…
Eyni zamanda, 27 aprel işğalından öncə müxtəlif səbəblərə görə xarici ölkələrdə olan bir çox tannımış şəxsiyyətlərimiz (Əlimərdan Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və b.) var ki, məhz Azərbaycanın zorla sovetləşməsindən dolayı bir daha Vətənə qayıtmamışlar. Məsələn, onlardan ən bariz nümunə Əhməd Ağaoğludur. Hələ, Cümhuriyyət dövründə 1919-cu ildə Türkiyədə olarkən ingilislər tərəfindən həbs edilərək Maltaya sürgün edilən Ağaoğlu sürgündən sonra iki yol ayrıcında: 1) Azərbaycana qayıtmaq və Sovet Azərbaycanı uğrunda mübarizə aparmaq; 2) Türkiyəyə üz tutmaq və Atatürkün Türkiyəsi uğrunda çalışmaq qalmışdır. İtaliyadan Sovet Azərbaycanının başçısı N.Nərimanova göndərdiyi ilk məktubunda Ağaoğlu yazırdı ki, Vətənə qayıtmaq və onlarla bir yerdə sosializm quruluşu uğrunda mübarizə aparmaq istəyir.
N.Nərimanovun onun bu istəyinə müsbət cavab verməsinə baxmayaraq, az sonra Ə.Ağaoğlu bu fikrindən daşınmışdır. O, N.Nərimanova yazdığı ikinci məktubunda Azərbaycana qayıtmamasına üç səbəb: 1) bolşeviklərlə həmfikir olmamasını; 2) türklər üçün qurtuluş imkanının təkcə Osmanlı türklüyündə qalmasını; 3) onu əsarətdən qurtaran Ankaraya (Atatürkə) namus borcunun olmasını göstərmişdir. Bu səbəblər arasında türklüyə xidməti özünün ali vəzifəsi hesab edən Ə.Ağaoğlunun fikrincə, türklük bölünməyi qəbul etməyən tamdır. Ancaq fikrimizcə, burada əsas rolu heç də türklüyə, türkçülüyə xidmət istəyi oynamamışdır. Çünki türkçülüyə xidmət, özünün də dediyi hissələrə ayrılmayan bir tamdır; istər Azərbaycanda, istər Türkiyədə, istərsə də Türküstanda olsun. Deməli, Ağaoğlunun çox qısa bir zamanda fikrindən daşınmasında başqa amillər: 1) bolşevizmin əsas mahiyyəti haqqında bilgilərinin artması; 2) vətənində baş verənlər haqqında dəqiq məlumatlar əldə etməsi; 3) vətənində onu hansı aqibətlərin gözləməsi mühüm rol oynamışdır.