
“Artıq, seçkilərdən xeyli müddət keçib. Seçkidə iştirak edənlər və müşahidə edənlər öz qiymətlərini verdilər. AMİP bu prosesə qatılmadı. Buna görə də partiyanın seçkilərə qiymət verməyinə ehtiyac qalmadı”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) siyasi şurasının üzvü Əli Orucov deyib. Partiya funksionerinin sözlərinə görə, seçkilərin nəticələri ilə bağlı partiya daxilində müzakirələr gedib:
“Müzakirələrlə bağlı mətbuata açıqlama verilməsinə lüzum görmədik. Seçkidə iştirak edənlərin bəziləri seçkinin nəticəsini tanımadı, bəziləri də prezidenti təbrik etdilər. Məsələyə qiymət vermək üçün gərək prosesin içində olasan. Amma seçkidə hər hansı bir formada iştirak etməyib, seçkilərə qiymət vermək subyektivlik yarada bilər”.
Ə. Orucov AMİP-in prezident seçkilərində iştirak etməməsinə səbəb olan məqamları da açıqlayıb: “Seçkilərə biz, daha geniş koalisiyalarla iştirak etmək istəyirdik. Təəssüflər olsun, bu, alınmadı. Bəzi yaranan bloklarda bizə qaranlıq qalan məqamlara aydınlıq gətirilməli idi. Buna görə həmin bloklara qoşulmağı məqbul hesab etmədik. Ən böyük səbəblərdən biri isə AMİP-in lideri Etibar Məmmədovun namizədliyini irəli sürməməsi oldu. Namizədimiz də olmadığından prosesə qoşulmadıq”.
Azərbaycanın xarici siyasət istiqamətlərinə də toxunan AMİP funksioneri qeyd edib ki, təmsil etdiyi partiya ölkənin inkişaf perspektivlərini Avro-Atlantik məkana inteqrasiyada görür: “Bununla bağlı Azərbaycan mövqe ortaya qoymalıdır. Bu olmadığı zamanda isə ölkəmiz həm sağdan, həm də soldan təzyiqlərə məruz qalacaq. İndi ortada qalmaq dövrü deyil. Dünyada qütbləşmə gedir, istər-istəməz bir qütbün tərəfində olmaq lazımdır”.
İlkin