
“Altay Göyüşovun işdən azad edilməsi ilə bağlı hələlik konkret qərar olmasa da, onun məsələsinə Bakı Dövlət Universitetinin aidiyyəti qurumlarında baxılır”. Bunu Modern.az-a açıqlamasında BDU-nun rektoru, deputat Abel Məhərrəmov deyib. Onun sözlərinə görə, A.Göyüşov hazırda universitetin dosenti olmaqla yanaşı, İslam Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisidir.
” Bakı Dövlət Universiteti bir müddət öncə onu Amerikaya uzunmüddətli elmi ezamiyyətə göndərmişdi ki, xaricdə aldığı təhsil təcrübəsini gəlib burada tətbiq etsin. Altay Göyüşov qayıdandan sonra ondan səmərəli istifadə etmək məqsədi ilə İslam Araşdırmalar Mərkəzində aparıcı elmi işçi vəzifəsi ilə bərabər, universitetin dosenti vəzifəsi verildi. O, İslam Araşdırma Mərkəzində fəaliyyət göstərməklə universitetə qrant layihələri gətirməli idi. Amma bunun əksinə olaraq, nə aylarla işə çıxdı, nə də ki, layihə gətirdi. Onda Amerikada olarkən belə bir demokratik fikir formalaşmışdı ki, aylarla işə getməmək olar və layihə gətirməmək də olar. Məncə, o, Amerikaya ailəsinin yanına qayıtmaq istəyir və bu yolla spekulyasiya edərək, müəyyən dairələrdən dəstək almaq istəyir. Guya ki, onu burada sıxışdırırlar və işləməyə imkan verilmir”.
Rektor onu da əlavə edib ki, bu gün onun bir müəllim kimi fəaliyyəti bundan sonra araşdırılacaq və konkret qərar veriləcək.
"Amma o, bu günədək universitetin işçisi olaraq qalır. Bütün bunalara ancaq araşdırmaların yekunu olaraq qərar veriləcək. Ola bilsin ki, onu işdən azad etmədik. Ona dəfələrlə xəbərdarləq edilib ki, sənin məsələnə baxılacaq və o da bundan narahat olaraq Facebook-da yazıb ki, ondan işdən çıxmaq üçün ərizə tələb edirlər".
Rektor bildirdi ki, bütün hallarda Altay Göyüşovun işdən azad olunmasınada heç bir siyasi çalar yoxdur.
Qeyd edək ki. Altay Göyüşov Facebook-da yazıb ki, noyabrin 12-də Bakı Dövlət Universitetinin rəhbərliyi ondan öz ərizəsi ilə işdən çıxmağı tələb edib, dərs gedə-gedə onu audioriyadan çıxarıblar. Altay Görüşovun sözlərinə görə, bunun səbəbi Facebook-dakı fəallığıdır. "Mən vətəndaş mövqeyimlə işim arasında seçim qarşısında qalıramsa, vicdanımı seçirəm, bu birmənalıdır", - Altay Göyüşov yazıb.
Aytən Əliyeva