
Milli Məclisin axşam iclasında 2014-cü ilin dövlət büdcəsi ilə bağlı müakirələrdə Mərkəzi Bankın sədri Elman Rüstəmov çıxış edib. Modern.az saytı bildirir ki, baş bankir ölkənin bank sektorunun perspektivləri barədə danışıb.
“Azərbaycan orta gəlirli ölkələr klubuna daxil olub”
Son 10 ildə milli iqtisadiyyatımızın 3,4 dəfə böyüdüyünü deyən E.Rüstəmov qeyd edib ki, bu məbləğ 70 milyard ABŞ dollarına çatıb.
“Bu olduqca böyük nailiyyətdir. Opponentlərimizin dediyi kimi, bu təkcə neftin hesabına baş verməyib. Bütövlükdə qeyri-neft sektoru 3 dəfədən çox artıb. Azərbaycan bu dövrdə milli iqtisadiyyatın artım tempinə görə dünyada lider dövlətlərdən olub. 2003-cü ildə adambaşına düşən milli gəlirimiz 3 min 150 dollar idisə, 2013-cü ilin nəticələrinə görə bu, 11 min dollara çatacaq.
Bu göstərici ilə Azərbaycan son 10 ildə dünya reytinqində 100 pillə irəliləyərək orta gəlirli ölkələr klubuna daxil olub”.
E.Rüstəmov bildirib ki, strateji valyuta ehtiyatlarımız 29 dəfə artaraq 50 milyard dollara çatıb. İşsizlik səviyyəsi 5,1 faizə endirilib. Yoxsulluq 8 dəfə azalaraq, 6 faizə enib. 3 milyon insan yoxsulluq səviyyəsindən qurtulub. Azərbaycan 156 ölkə arasında yoxsulluğun ən aşğı olduğu 20 ölkədən biridir.
Milli gəlirin ədalətli bölügüsünə görə Azərbaycan dünyada ilk “25-lik”dədir
“Dünya Bankının məlumatına görə milli gəlirin ədalətli bölügüsünə görə Azərbaycan dünyada ilk “25-lik”dədir. Ən aşağı inflayasiyaya malik 7 ölkədən biridir”.
E.Rüstəmov bildirib ki, makroiqtisadi sabitliyin qorunması Mərkəzi Bankın əsas mandatıdır. “Mərkəzi Bankın başlıca məqsədi qiymətlərin sabitliyinin təmin olunmasıdır. Cari ilin 10 ayında ölkədə orta illik inflaysiya 2,3 faiz olub və ilin sonuna kimi inflayasiyanın 3,2 faiz olacağı gözlənilir”.
Baş bankirin sözlərinə görə, cari ilin 9 ayında Mərkəzi Bank pul kütləsini tənzimləyərək, onun təxminən 7,3 faiz artımına nail olub. “Biz düşünürük ki, pul kütləsinin artımı 10 faiz olacaq və bu da anti-inflyasiya siyasətində olduqca mühüm rol oyanayıb. Manatın məzənnəsi sabitdir. Öz sabitliyini qoruyan manat bu gün regionun etibarlı və ən sabit valyutasıdır”.
600 milyon manat sovet əmanəti ödənilib
E.Rüstəmov qeyd edib ki, son 10 ildə bank sektorunun aktivləri 24 dəfə artaraq 1 milyard dollarından 24 milyard dollara çatıb. Kreditlər 24 dəfə, bank kapitalı 16 dəfə artıb. Əmanətlər 17 dəfə artaraq 6 milayrd manatı ötür. Ölkədə 3 milyondan çox əmanətçi var.
Cari ildə sovet dövründən qalan əmanətlərin qaytarılması davam etdirilib. 2013-ci ilin oktyabr ayının əvvəlinə artıq 1,6 milyondan çox əmanət hesabı üzrə 600 milyon manata yaxın vəsait ödənilib. “Cari ildə bank aktivlərinin artımı davam edir. Biz ilin yekunlarına görə əmanətlərin və kreditlərin təxminən 21-22 faiz artımını gözləyirik, bu da mövcud iqtisadi artımdan təxminən 4-5 dəfə yuxarıdır”.
E.Rüstəmov həmçinin qeyd edib ki, regionlarda yönəlmiş kreditlərin həcmi daha da sürətlə artır. Bu təxminən 30 faizdən artıqdır.“Yeni 10 illikdə iqtisadi inkişaf dinamikası başqa faktorlara arxalanacaq. Əsas məqsədimiz 2014-cü ildə makroiqtisadi sabitliyin qorunub saxlanmasıdır. Biz yenə də 3,5 faiz inflasiyanın aşağı həddində saxlamağı hədəf kimi götürmüşük. Mərkəzi Bankın imkanları var ki, manatın sabitliyi qorunub saxlanılsın. Manat artıq stabillik statusunu qazanıb”.
“İpoteka məsələsinin qısa müddətə həll olunması mümkünsüzdür”
İpoteka siyasəti ilə bağlı danışan Elman Rüstəmov qeyd edib ki, bu məsələ həm Azərbaycan hökumətinin, həm də Mərkəzi Bankın daim diqqətindədir: “Bununla bağlı ipoteka strategiyası da hazırlanıb. İpoteka krediti ilə vətəndaşların mənzillə təmin olunması sovet sistemindən miras qalmış, ödənilməmiş tələb mexanizmidir. Sovet iqtisadiyyatının da həll edə bilmədiyi məsələlərdən biri də məhz mənzil problemi idi. Bu məsələnin qısamüddətlik həll olunması mümkünsüzdür”.
Mərkəzi Bankın sədri bildirib ki, dövlət büdcəsində ipoteka kreditləri üçün ayrılan vəsaitləri artırmaq istəyi düzgün deyil. “Bu, bazar iqtisadiyyatına uyğun olmazdı. İpotekanın formalaşmasını xüsusi bölmədə, hətta əhalinin partnyorluğunda görürük. İpotekanın mühüm göstəricilərindən biri də ucuz mənzillərin tikilməsidir. Bu iki yolu var. Mənzilləri ya dövlət tikə bilər, ya da özəl bölməni də stimullaşdıra bilər. Burada da bir çox dövlətlərin təcrübəsindən istifadə olunur. Hökumətlə birlikdə də bu təcrübələri öyrənirik”.
Sosial ipoteka üçün ayrılan dövlət yardımı tələbatı ödəmir
E.Rüstəmovun sözlərinə görə, xüsusi bölmə üçün şərait yaratmaq lazımdır ki, onlar da ipoteka kreditləri verməkdə maraqlı olsunlar. “Banklara uzun müddətlik qoyulmuş pullar lazımdır ki, ipoteka kreditləri 20-25 illik müddətə verilə bilsin. Biz də həmin pulların mənbələrini axtarırıq. Sosial ipoteka üçün ayrılan dövlət yardımı tələbatı ödəmir. Bununla bağlı maliyyə nazirliyi ilə danışıqlar gedir. Əhalinin öz yığımları hesabına ipoteka kreditləri alması məsələsini də düşünürük. Yaxın vaxtlarda hazır olan strategiyanın müzakirəsinə başlayacağıq”.
“Faizlər yüksəkdir, lakin bu narahatçılıq doğurmamalıdır”
İpoteka kreditlərində faiz dərəcələrinin çox olması məsələsinə aydınlıq gətirən Mərkəzi Bankın sədri deyib ki, bu çox mühüm məsələdir: “Faiz dərəcələrinə daha geniş mənada baxmaq lazımdır. Faiz dərəcəsi bazarda pulun dəyəridir. Hər bir əmtəənin dəyəri var və təbii ki, pul da bir əmtəədir. Azərbaycan bazarında bankların təklif etdiyi faiz dərəcələri də pulun dəyəridir. Faiz dərəcələrinin yüksək olması artıq mifləşib. Sön dövrdə Azərbaycanda bank bazarında istehlak kreditlərinin verilməsi ilə əlaqədardır. Düzdür, faizlər yüksəkdir. Lakin bu narahatçılıq doğurmamalıdır”-deyə E.Rüstəmov vurğulayb.
Büdcə müzakirələri sabah davam edəcək.
Aytən Əliyeva