
Modern.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Elman Mehdiyev Milli Məclisdəki çıxışı zamanı bildirib ki, pensiyaya çıxma yaşı 1 yanvar 2014-cü ildən kişilər üçün 63, qadınlar üçün 59 yaş yarım (59,5) olacaq. Pensiya hüququ qazanmaq üçün tələb olunan sosial sığorta stajı isə dəyişməyəcək.
Elman Mehdiyev deyib ki, artımlardan sonra əmək pensiyalarının baza məğləği 100 manata, orta aylıq məbləği 170 manata çatdırılıb, yaşa görə pensiyalar üzrə əvəzetmə əmsalı 45 faiz təşkil edib.
”Nəticədə pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələmişdir, halbuki, 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu. Bütün bunlar Azərbaycanda yoxsulluq probleminin həllinin mühüm vasitələrindən biri kimi sosial sahədə sürətli islahatların aparılması və pensiyaların davamlı artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi ardıcıl qərarların real nəticəsidir”.
Sədr müavini deyib ki, 2014-cü ildə Fondun büdcəsinə təsir edəcək digər əsas parametrlər makroiqtisadi, demoqrafik, məşğulluq və sosial vəziyyət göstəriciləri ilə bağlıdır ki, həmin göstəricilərin proqnozları belə nəzərdə tutulub:
- ölkə iqtisadiyyatının dinamik inkişafının davam etdiriləcəyi şəraitdə inflyasiya 3,5%;
-iqtisadi fəal əhalinin orta illik sayı 4784 min nəfər, bundan iqtisadiyyatda məşğul olanların sayı 4557 min nəfər və muzdla işləyənlərin orta illik sayı 1542 min nəfər;
- orta aylıq əmək haqqının real artım tempi 5,4%, məbləği 479,4 manat.
Fondun növbəti il üçün büdcəsinə təsir edən sığorta-pensiya sisteminin özünəməxsus göstəricilərinin dəyişmə ehtimalları isə aşağıdakı kimidir:
- pensiyaya çıxma yaşı 1 yanvar 2014-cü ildən kişilər üçün 63, qadınlar üçün 59 yaş yarım (59,5);
- Pensiya hüququ qazanmaq üçün tələb olunan sosial sığorta stajı dəyişmir;
- Məcburi dövlət sosial sığorta haqqının dərəcələri dəyişmir;
- Pensiyaçıların orta illik sayı 1270,8 min nəfər götürülür. Bu cari ilin göstəricisindən 1100 nəfər azdır. O cumlədən yaşa görə pensiyaçıların sayı 788,2 min nəfər, əlilliyə görə pensiya alanların sayının 348,4 min nəfər, ailə başçısını itirməyə görə pensiyaçıların sayının isə 134,2 min nəfər olacağı proqnozlaşdırılır.
Modern.az