Modern.az

Müsavatda seçki GƏRGİNLİYİ: Gənclər Təşkilatı sədrliyinə namizədlər bir-birini ittiham etdilər

Müsavatda seçki GƏRGİNLİYİ: Gənclər Təşkilatı sədrliyinə namizədlər bir-birini ittiham etdilər

Ölkə

14 Noyabr 2013, 17:33


Noyabrın 17-də Müsavat Gənclər Təşkilatına sədr postuna seçkilər keçiriləcək. Sədrliyə 3 nəfər namizədliyini irəli sürüb: Nurlan Əliyev, Əhliman Abbasov və Rüfət Hacıbəyli.

Bundan əvvəl keçirilən seçkidə olduğu kimi, bu dəfə də partiyada seçki qalmaqalı yaranıb. Qalmaqal sədrliyə namizəd Əhliman Abbasovun tərəfdarları ilə Rüfət Hacıbəyli arasında baş verib. Belə ki, Ə.Abbasovu dəstəkləyənlər R.Hacıbəylinin perspektivsiz olduğunu deyirlər. Onlar iddia edirlər ki, Rüfət Hacıbəylinin ali təhsili belə, yoxdur, onun oxuduğu Qərb Universitetindən qovublar. Gənclər Əhliman Abbasovun xaricdə təhsil aldığına görə bir neçə xarici dil bildiyini, R.Hacıbəylidə isə bu keyfiyyətlərin olmadığını iddia edirlər.

Baş verənlərlə bağlı Modern.az-a danışan MGT sədrliyinə namizəd Rüfət Hacılbəyli onun təhsilinin olmadığı ilə bağlı deyilənləri cəfəngiyat adlandırıb:



“Ali təhsilim var. 2005-ci ildə Qərb Universitetinin beynəlxalq hüquq fakültəsinə daxil olmuşam. 2010-cu ildə 4-cü kursun birinci semestrində ailəmdə olan çətinliklərə görə universitetə müraciət edib, təhsilimi dayandırmışam. Çünki illik ödəniş çox idi. Əvvəl universitetdən çıxmağımı evdə də bilmirdilər. Demək istəyirəm ki, qovulmamışam. Daha sonra fəaliyyətimi davam etdirmək üçün universitetə müraciət etdim, amma bunun ardınca həbs olundum. Azad olunduqdan sonra üzərimdə məhkumluq maddəsi var idi, o götürülməli idi. İndi isə hər şey qaydasındadır. Hazırda Təhsil Nazirliyi ilə danışıqlar gedir. Yaxın günlər universitetdə təhsilimi davam etdirəcəyəm. Sadəcə, bir problem var, mənim oxuduğum fakültə ləğv edilib. Nazirliklə bu məsələni həll etməyə çalışırıq”.

R.Hacıbəyli qeyd edib ki, kifayət qədər güclü komandası var: “Mənim komandam kifayət qədər güclüdür. Komandamın zəif olması ilə bağlı deyilənlər böhtandır. Bu sözlər qarşı tərəfin uduzduğunu göstərir. Qarşı tərəf deyəndə bəzi dostları nəzərdə tuturam. Hesab edirəm ki, Müsavat Partiyasında heç bir qalmaqal baş vermir, sadəcə, fikir ayrılıqları var. Müsavat Kommunist Partiyası deyil ki, hamı bir nəfərin ətrafında birləşsin”.

Qeyd edək ki, Rüfət Hacıbəyli Müsavat GT-yə keçirilən sonuncu seçkilərdə qalib olan, sonradan sədrliyi ləğv edilən Cavid Hacıbəylinin qardaşıdır.

MGT sədrliyinə namizəd olan Əhliman Abbasov seçkilərlə bağlı partiyada yaranan gərginlikdən danışarkən deyib ki, partiyanın rəhbər vəzifələrində ali təhsilli insanların olması daha məqsədəuyğundur:


“Biz hakimiyyətə gəlməyə iddialı olan bir qurumuq. İstəmirik ki, bizə rəqib olan partiyalar desinlər, sizin Gənclər Təşkilatınızın sədrinin ali təhsili yoxdur. Ona görə gənclər bu məsələni qabardırlar. Demokratik əsaslarla idarə olunan partiyada belə hadisələrin baş verməsi o qədər də ürəkaçan deyil”.

Ə.Abbasov deyib ki, hər bir partiyanın daxilində belə vəziyyətlərdə hərəkətlilik olur: “Rəqabət yoxdursa, buna böyük partiya demək olmaz. Elə də ciddi narazılıq yoxdur. Bu, sadəcə, “Facebook” sosial şəbəkəsində bəzi gənclərin emosiyasından irəli gəlir. Mən Gənclər Təşkilatının əksər fəal üzvlərinin təşəbbüsü ilə namizədliyimi irəli sürmüşəm. Çalışırıq ki, demokratiya ənənəsini bundan sonra da davam etdirək”.

İlkin PİRƏLİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı