Modern.az

Uşaq cinayətkarlığı: İlk ünvan - kolon, son ünvan - kolon...

Uşaq cinayətkarlığı: İlk ünvan - kolon, son ünvan - kolon...

Ölkə

15 Noyabr 2013, 10:39

Uşaqlar dünyaya gələrkən təmiz və pak olurlar. Amma bəzi uşaqlar zaman keçdikcə müəyyən mənfi düşüncəli qrupların əhatəsinə düşərək həmin saflıq və paklığı itirirlər. Müxtəlif düşüncəli insanların əhatəsində mənfi təsir altına düşən azyaşlılar şüurlu və ya şüursuz şəkildə cinayət törədirlər. Cinayət törətmiş uşaqlar ömrünün ən gözəl anlarını dəmir barmaqlıqlar arasında, valideyn nəvazişindən ayrı keçirməli olur. Onlar ömrünün müəyyən hissəsini Azərbaycanda “uşaq koloniyası” kimi tanınan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsində cəza çəkməklə keçirir.

Məlumat üçün bildirək ki, hazırda ölkəmizdə bu tip cəmi 1 Tərbiyə Müəssisəsi fəaliyyət göstərir. Ötən ilin statistik məlumata görə, respublikada 466 nəfər azyaşlı məhbus var. 14-18 yaş arasında qanunu pozanlar arasında müxtəlif cinayət törədənlər var. 

Bir müddət öncə isə Azərbaycanda “uşaq koloniyası” kimi tanınan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsi ləğv olunaraq, cəza çəkən yeniyetmələr üçün yeni müəssisə təsis olunacağı ilə bağlı xəbərlər yayılmışdı. Həmin vaxt Milli Məclisdən yeni hazırlanan “Yuvenal ədliyyə haqqında” Qanun layihəsində bu məsələnin öz əksini tapacağı ilə yanaşı, bununla bağlı Cəzaçəkmə Məcəlləsində dəyişikliklərin də nəzərdə tutulduğu bildirilmişdi. Yeni layihəyə əsasən, cinayət məsuliyyətinə cəlb olunan yeniyetmələrin islahı sahəsində Avropa standartlarına uyğun bir sıra yeniliklər tətbiq olunacaq və müəssisə indikindən fərqli olaraq tamamilə yeni formada fəaliyyət göstərəcək.
Qeyd edək ki, Azərbaycanda 14 yaşı tamam olan şəxslər cinayət məsuliyyətinə cəlb olunur.

Uşaq Hüquqlarının Müdafiə Liqasının sədri Yusif Bəkirov Modern.az-a açıqlamasında qeyd etdi ki, uşaq koloniyaları ləğv olunmazdan öncə Azərbaycanda azyaşlıların törətdiyi cinayətlərlə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir. Onun sözlərinə görə, dünya ölkələrində artıq uşaq kolonları ləğv olunub:
“Hər bir layihənin həyata keçirilməsi üçün güclü maliyyəyə ehtiyac var. “Uşaq koloniyalarına” alternativ bir müəssisələr yaradılmalıdır. Cinayət törədən uşağa cani kimi baxmaq düzgün deyil. Məhkəmələr cinayət törədən uşağı koloniyalara göndərir. Onları koloniyaya deyil, reabilitasiya mərkəzinə göndərmək lazımdır. Uşaq hər hansı bir cinayəti törədirsə, fərqi yoxdur ki, törətdiyi cinayət ağır və ya yüngül olsun, bu zaman o, uşaq koloniyasına yox, reabilitasiya mərkəzlərinə yönləndirilməlidir”.

Y. Bəkirov onu da qeyd etdi ki, cəza çəkən uşaqlar üçün yaradılan yeni müəssisədə uşaqlar törətdiyi cinayətə və yaş hüdudlarına görə bölünməlidir: “Hazırda fəaliyyət göstərən uşaq koloniyasında hegemonluq məsələsi hökm sürür. Yəni burada ağır cinayət törədən uşaqlarla yüngül cinayət törədənlər bir yerdə cəza çəkir. Bundan əlavə, onların yaşları da bir-birindən fərqlidir. Yaş həddinə görə uşaqların ayrılması olduqca ciddi məsələdir. Təcrübə göstərir ki, uşaqlar cinayət törətdikdən sonra uşaq koloniyasında kifayət qədər düzgün tərbiyə edilmir. Koloniyadan çıxan uşaq yenidən cinayət törədərək ora qayıdır. Bunun qarşısının alınması üçün yüksək səviyyədə təchiz olunmuş yeni müəssisələrin təsis olunması olduqca vacibdir. Uşaq kolonları ləğv olunsa azyaşlılar arasında cinayətkarlığın səviyyəsi artacaq. Odur ki, belə halların qarşısının alınması üçün dövlət proqramları olmalıdır”.

 

Gültəkin ƏLƏSGƏR    

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...