“Rüstəm İbrahimbəyovun dediyi adi məntiqdən irəli gələn məsələdir. Yəni bu tip məsələlər Milli Şuranın sessiyasında səsvermə yolu ilə həll edilir”. Bunu Modern.az-a Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov deyib. O, Rüstəm İbrahimbəyovun “Milli Şurada qərara gəlsələr ki, həmsədrlik institutu özünü doğrultmur, mən istefaya gedərəm” fikrinə münasibət bildirərkən deyib ki, Milli Şuranın sessiyası həmsədrliklə bağlı hansı qərarı qəbul edəcəksə, R.İbrahimbəyov da həmin qərara hörmətlə yanaşacaq:
“Bunu hamı bilir. Müxtəlif təkliflər var, bütün bunları sessiyada müzakirə edəcəyik”.
E. Namazov qeyd edib ki, Milli Şurada bütün qərarlar sessiyada qəbul edilir: “Sessiyadan əvvəl həmişə fikir mübadiləsi aparırıq. Partiya liderləri, komissiya sədrləri və gənclər təşkilatlarının nümayəndələri ilə müzakirələr aparırıq. Məsləhətləşmələr gedir, hər kəs öz mövqeyini arqumentləşdirir. Bəlkə də bunu razılaşdırma adlandırmaq düzgün deyil. Son nəticə yenə də sessiyada olacaq. Milli Şuranın sessiyası ali orqandır. Pərdə arxasında 100 dəfə müzakirə etsək də, gec-tez sessiya ilə həll ediləcək. Bunun başqa mexanizmi yoxdur. Əgər ümumi konsensus varsa, bu, yenə də səsvermədən keçir. Konsensus olmasa belə, yenə qərarlar səsverməyə çıxarılır. Bir dəfə nümunə ilə göstərdik ki, bir səs çoxluğu ilə qərar qəbul olunanda, o qərara hamımız riayət edirik. Biz demokratik təşkilatıq”.
Milli Şura İcra Aparatının rəhbəri qeyd edib ki, Cəmil Həsənli 10 gün müddətində Bakıya dönəcək. Bundan sonra Milli Şuranın sessiyası keçiriləcək.
İlkin PİRƏLİ