
Hazırda ABŞ-da yaşayan eks-spiker Rəsul Quliyevin Müsavat və AXCP-yə 8 min dollar borclu olduğu iddiası irəli sürülüb. Bu iddia ilə Rəsul Quliyevin keçmiş silahdaşı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu çıxış edib. Söhbət Rəsul Quliyev ADP-nin sədri olduğu dövrdən - 2005-ci ildən gedir. Bildirilir ki, parlament seçkiləri keçiriləndə AXCP, Müsavat və ADP-nin təmsil olunduğu ovaxtkıi “Azadlıq” blokunun seçki kampaniyası üçün xaricdən adlığı avtobusun pulunu AXCP və Müsavat ödəyib, R.Quliyev də payına düşən 8 min dollar vəsaiti verəcəyini desə də, sonradan bundan imtina edib və hələ də borcludur.
Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli də bunu təsdiqləyib.
Modern.az saytının məlumatına görə, Rəsul Quliyev bu iddiaya cavab verib.
“Mənim Müsavat və AXCP-yə olan 'borcum' ətrafında söz-söhbət yaranması və irəli sürülən iddialar gülüş doğurur. Adətən sonradan heç bir əhəmiyyəti olmayan hadisələri unutmağa çalışıram. Bu 'borc' məsələsinin ortaya çıxması məni yenidən keçmişdəki hadisələri xatırlamağa məcbur etdi. Həmin dövrdə ilk dəfə peyklə TV yayımı təşkil edə bilmişdik. Mirzə Xəzər də hər gün orada veriliş aparırdı. O vaxt seçkilərdə iştirak edən bütün müxalifət nümayəndələri həmin TV vasitəsi ilə intervyülər verirdilər. Bir türk dostum təşviqat üçün maşın hazırlamaq, yəni güclü səs yayıcıları quraşdırmaq, maşının üzərinə şüarlar yazmaq, 1 ay Azərbaycanda seçkiqabağı işlətmək təşəbbüsü irəli sürdü. Bu proyektin maliyyəsi dəqiq yadımda deyil, hər halda 80 min dollardan aşağı deyildi. 45 min TV, 35 min maşın. Xərc 3 yerə bölünməli idi. Yəni AXCP, Müsavat, ADP hər biri 26 min dollar pul ödəməli idilər. Təəssüf ki, AXCP və Müsavat heç nə ödəmədi. O məşhur 8 mini də kimə verdiklərini açıqlasalar, çox məmnun olardım. Çünki nə mənə, nə TV yaradanlara, nə də maşın təşkil edənlərə onlar bir qəpikdə veriblər. Həmin o maşın da Azərbaycana gəlib çıxmadı, hökumət Qazaxa yaxın Gürcüstan ərazisində o maşını yandırtdı.
Tam məsuliyyətlə hər iki partiyanın o vaxtdan 52 min dollar borcları qaldıqlarını deyirəm, bu borclarını xahiş edirəm “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə ödəsinlər, azad mətbuata yardım etsinlər”.
Modern.az