Müsavat Gənclər Təşkilatının (MGT) yeni sədri Əhliman Abbasın Modern.az saytına müsahibəsi:

– Siz 17 noyabrda həm sədr seçildiniz, həm də doğum gününüzü qeyt etdiniz. Seçkilərin 17 noyabrda keçirilməsi təsadüf idi, yoxsa öncədən planlaşdırılmışdı?
– Mənim seçki vaxtının müəyyən olunmasında heç bir iştirakım olmayıb, bunu Təşkilat Komitəsi özü müəyyən edib. Yəni sırf təsadüf nəticəsində olan bir işdir. Hər halda maraqlı və anlamlı bir təsadüfdür.
– Nə vaxtdan fəaliyyətə başlayacaqsınız?
– Rəsmi olaraq üst qurumlar seçkinin nəticəsini təsdiqlədikdən sonra fəaliyyətə başlayacağam. Hələ ki Müsavat Partiyasının Divan iclası olub və seçkilər yüksək qiymətləndirib.
– Partiyalarla əməkdaşlıqda nələrə diqqət edəcəksiniz?
– Əməkdaşlığın çərçivəsi aşağı-yuxarı eyni olacaq. Müsavat Gənclər Təşkilatı olaraq Azərbaycanda demokratiyanın, xalqın hakimiyyətinin bərpa olunması üçün səmimi çalışan bütün qurumlarla əməkdaşlıq edəcəyik.
– MGT-də sizi qane etməyən nələrsə varmı?
– Təbii ki, var və bu, çox normal bir haldır, hər şey qane etsəydi, rəhbərlikdə təmsil olunmaq üçün də çalışmazdım. İlkin olaraq beynəlxalq əlaqələrimizə yenidən diqqət yetirəcəyik, bununla yanaşı düşündüyümüz bir neçə proyektlər mövcuddur.
– Bəzi müsavatçı gənclər sizi ittiham edir ki, seçkilərdə qəfil ortaya çıxmısınız. Hətta Rüfət Hacıbəyli deyir ki, ölkəyə bir aydır ki, gəlmisiniz...
– Partiyada 2010-cu ildən fəaliyyətdəyəm. Rüfət Hacıbəylinin özünə sual verə bilərsiniz ki, məni neçə ildir tanıyır. Təşkilatın şurasında təmsil olunmuşam, təşkilatı beynəlxalq tədbirlərdə, müzakirələrdə təmsil etmişəm. O qədər absurd iddiadır ki, cavab verməyə çətinlik çəkirəm. Dünən axşam partiyada nəticələr açıqlanandan sonrakı abı-havanı görən birinin belə bir iddia irəli sürməsi mənim üçün çox təəccüblüdür.
– Gənclərin bəziləri bir qədər də irəli gedib deyirlər ki, sizin seçilməyiniz partiyada hansısa qüvvələrin marağındadır və buda qurultaydan sonrakı dönəmə hesablanıb...
– Qeyri-ciddi söhbətdir. Nə cavab verəcəyimi belə, bilmirəm bu məsələdə. Partiya rəhbərliyində olan hər bir kəslə normal münasibətlərim var. Əgər onların rəhbərlikdən kiminləsə problemi varsa, bunu gənclər təşkilatının seçkilərinə qara yaxmaqla gündəmə gətirmək doğru deyil.
– Necə oldu ki, namizədliyinizi irəli sürdünüz?
– Bu qərarı, konfransda sədrliyə namizəd olmaq qərarımı uzun müddət öncə özüm üçün vermişdim. Daha sonra seçkiyə bir neçə ay qalmış Gənclər Təşkilatının üzvlərindən belə bir təklif gəldi. O vaxt Böyük Britaniyada olduğumdan bu məsələ alınmadı. Daha sonra texniki səhvlər səbəb göstərilərək partiya divanı öncəki seçkilərin nəticələrini ləğv edib, yeni seçkilərin keçirilməsi barədə qərar qəbul etdi. Növbəti seçkinin vaxtı müəyyən ediləndə, artıq, Bakıdaydım və namizəd olmaq qərarımı reallaşdırdım.
– “Seçkidə saxtakarlıq olub” deyən gənclər də var...
– Xeyr. Bu mənasız iddianı üç-beş nəfər məqsədli şəkildə irəli sürür. Seçki prosesi hər iki namizədin müşahidəçilərinin iştirakı ilə baş tutub. Bir pozuntu olsaydı dünən nəticələr açıqlananda bildirilməli idi. Nəticələr səsə qoyuldu, etiraz edən olmadı. Bir də ki, yenə də gec deyil, seçki prosesi video-çəkilişlə yaddaşa alınıb, istənilən şikayət araşdırıla bilər. Ancaq gərək partiya qurumlarına şikayət olsun, daha facebook-da absurd fikirlər yazmaqla olan iş deyil.
– Dedi-qodularda partiya funksionerlərinin adları hallanır: Arif Hacılı və Gülağa Aslanlı…
– Dediyim kimi, konkret fakt varsa, ortaya şikayət qoyulmalıdır. Şər-böhtan, partiya funksionerlərinə qarşı təhqiramiz ifadələr isə cavabsız qalmayacaq. Gərəkli addımlar atılacaq.
– Bundan əvvəl sədr seçilən Cavid Hacıbəyli gənclərə ciddi təzyiqlərin olduğunu deyir. Buna cavabınız necədir?
– Əsassız iddiadır.
– Gənclərin Müsavatdakı seçkilərdə saxtakarlıqla bağlı dediklərini ictimailəşdirmələrinə münasibətiniz necədir?
– Seçkidə 300-dən çox insanın adı siyahıya salınmışdı, 160-dan çox gənc səs verdi. Bunun qarşılığında bir neçə nəfərin mənasız iddiaları bu məsələnin ictimailəşməsi deyil. Digər tərəfdən, ictimailəşməli olan bir məsələ də yoxdur, əksər ictimaiyyət nümayəndələri bu prosesdən xəbərdardırlar və partiyadakı seçkiləri yüksək qiymətləndirirlər.
– Sədr seçilməyinizdən sonra təşkilatdan istefalar olması gözləniləndirmi?
– Xeyr, o qədər də səs-küylü istefalar gözlənilmir. Bir iki nəfər məqsədli insanın görüntü xətrinə bu addımı atması isə o qədər də önəmli deyil. Müsavat Partiyasında dəyərlər uğrunda mübarizə aparırıq, mövqelər uğrunda yox. Kimsə öz mövqeyinin zəifləməsinə görə narahatdırsa, buyursun.
– Belə davam edərsə, sizin də Cavid Hacıbəyli kimi sədrliyinizin ləğv edilməsi gözləniləndirmi?
– Yox.
İlkin PİRƏLİ