
Modern.az saytının xəbərinə görə, Məşhur Azərbaycan şairi, Seyyid Əzim Şirvaninin nəticəsi Fatma Quliyeva Daşkənddə yaşayır. Seyyid Əzim Şirvaninin xələflərinin ağır vəziyyətdə olan həyat tərzindən xəbər tutan Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bu ailənin problemlərini öyrənmək üçün Fatma Quliyevanı Azərbaycan səfirliyinə dəvət edərək, onunla görüşüb, problemləri ilə maraqlanıb.
Bir əsrə yazın ailə şəcərəsinin köçkünlük və sürgünə məruz qalmış acı taleyindən danışan Fatma xanım, Azərbaycandan kömək istədiyini, tarixi Vətəninə qayıtmaq arzusunda olduğunu bildirib.
Səfir Hüseyn Quliyev dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın tarixində yeri olan məşhur və tanınmış insanların həyatı ilə daim maraqlandığını, onlara qayğı göstərdiyini Fatma xanımın diqqətinə çatdırıb. Və bildirib ki, bu gün də prezident İlham Əliyevin proqramında da Vətən üçün xidmətləri olan xaricdə yaşayan, unudulan azərbaycanlıları, onların ailələrini tapıb kömək etmək kimi mühüm bir tapşırıq var.
”Elə buna görə də İlham Əliyev bütün çıxışlarında bildirir ki, o dünyada yaşayan bütün azərbaycanlıların prezidentidir”.
Görüşün sonunda diplomat Seyyid Əzimin nəticəsi Fatma Quliyevaya bildirib ki, onun problemi ilə məşğul olacaq və Azərbaycana bu haqda məlumat verəcək.

Ləman Ağayeva