
Modern.az saytı “Diplom işi” adlı rubrikada tanınmışları ali təhsillərini başa vurmaları ərəfəsində müdafiə etdikləri diplom işi bağlı sorğulayır.
“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay: “1978-ci ildə jurnalistika fakültəsində təhsil almışam. Universitet illəri hamı kimi, mənim üçün də unudulmaz keçib. Bacardığım qədər dərslərdə fəal iştirak edirdim. Qiymətlərim də yaxşı olurdu. Bizə diplom işi ilin əvvəli verilirdi. Elmi rəhbərim professor Tofiq Rüstəmov olub. Bizə Nəşriyyat işi ilə bağlı diplom işi verilirdi. Tərcümə qrupumuz var idi və hər birimiz hansısa kitabın müəyyən cildini tərcümə edirdik. Elmi işimin adı yox idi. Marksın kitabının axırıncı bölümünü tərcümə edirdim. Ancaq bir az tənbəllik edirdim. Çünki nişanlı vaxtıma düşmüşdü və başım sevgi, məhəbbət macəralarına qarışmışdı. Rus dilini yaxşı bildiyim üçün düşünürdüm ki, tez hazırlayacam. Ancaq tərcümə etməyə vaxtım yox idi. Birdə ayıldım ki, may ayıdır və mənim diplom işim hazır deyil. Ona görə də müəllimim Tehran Vəliyev mənə köməklik göstərdi. Diplom işi hazır olduqdan sonra, Tofiq müəllim məndən tərcümə etdiyim hissələr haqqında soruşduqda isə heç nə ağlıma gəlmədi”.
Deputat Gövhər Baxşəliyeva: “Hər bir tələbə kimi, mənim üçün maraqlı tələbəlik illərim olub. O illəri heç vaxt unutmaram. Dərslərə marağım böyük idi. Diplom işimin müdafiəsi 1977-ci ildə olub. Azərbaycan Dövlət Universitetində təhsil almışam. Diplom işimin adı isə “Taufik əl-Həkimin əbədi-nəzəri görüşü” olub. Çox tanınmış ictimai xadim idi. Elmi rəhbərim isə çox gözəl alim, professor, mərhum Malik Mahmudov olub. Bizdə elmi rəhbərimizi özümüz seçirdik. Ancaq mövzu razılaşdırılırdı. İlk dəfə ərəbdilli Azərbaycan ədəbiyyatını tətbiq edən şəxs idi. Onun yaxşı monoqrafiyaları var idi. Mən də onun yaradıcılığı ilə tanış idim. Söhbət etdik və Əl-Həkimi haqqında yazmağa qərara aldıq. Diplom işinin hazırlanması təxminən 2 gün sərf olundu və 120 səhifəlik idi. Hələ də saxlamışam. İllər sonra 2012-ci ildə həmin yazıçı haqqında kitab çıxardım. O diplom işimdə olan materiallardan da istifadə etdim. Yəqin kitab daha çox oxunduqdan sonra həmin materiallardan da istifadə edən olacaq. Diplom işimin müdafiəsindən “əla” qiyməti almışdım”.
Şair Baba Vəziroğlu üçün universitet illəri maraqlı keçib, bircə rus dilini öyrənmək olmasaydı. “Mənim üçün universitet həyatı maraqlı keçib. Həm yaradıcılıq, həm də təhsil baxımından məhsuldar dövr idi. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olmuşam. Ancaq cəmi bir il oxuduqdan sonra təhsilimi Moskvada ədəbiyyat institutunda davam etmişəm. O dünyanın yeganə ədəbiyyat institutu idi. Bir çox ölkələrdən oraya oxumağa gedən tələbələr vardı. Oxuduğum müddətdə qiymətlərim fərqli olub. Yaradıcı insan olduğum üçün əsasən, o yöndə olan fənlərdən “yaxşı” qiymətlər alırdım. O biri fənlərdən vəziyyət elə də yaxşı deyildi. Rus dili və onun qrammatikası mənə çox çətin gəlirdi. Elə bir fənn idi ki, heç müəllim də o dərəcədə kamil bilmirdi. Bir ay gecə və gündüz oxudum ki, heç olmasa “3” alım. Bəlkə də oxuyub “yaxşı” qiymət ala bilərdim. Ancaq heç həvəsim yox idi.
Diplom işimin adı “Səhər qatarı” adlı hekayələr toplusu idi. Elmi rəhbərim Nikolay Yevdokimov idi. Mövzunu özüm seçmişdim. 10 hekayədən ibarət olan diplom işim 1985-ci ilə təsadüf edirdi. Ancaq hekayələr toplusunu 2 il ərzində hazırladım. Hekayələri yazıb, saxlayırdım. Özüm hazırladığım üçün olduqca çətin idi. Asanı o olardı ki, pul verib hazır diplom işi alardım. 2 ilin sonunda, diplom işini müdafiə etdim. Elmi rəhbərim və digər müəllimlər də razı qaldılar. Qiymətim isə “5” oldu”.
Politoloq Ərəstun Oruclu diplom işi hazırlamadığını bildirdi. “ Mən akademik Pavlov adına Leninqrad Tibb Universitetində təhsil almışam. Universitet illərim maraqlı keçib. Müəllimlərim həmişə məndən razı qalıblar. Çünki yaxşı tələbə idim. 1990-cı ildə universiteti bitirdim. Ancaq diplom işi hazırlamadım. Bizim universitetdə yalnız dövlət imtahanları olurdu. Həmin imtahanlarda olan suallar başqa sahələrdəki diplom işini əvəz edirdi. İxtisasım isə həkim-anestezioloq-reanimotoloq idi. Mən həmişə içərisində adrenalin və gərginlik olan sahələri sevmişəm. Ona görə də bu ixtisas üzrə sonralar da çalışmışam. Universitetin sonunda keçirilən dövlət imtahanlarının hamısından “əla” qiyməti almışam”.
Ulduz İBRAHİMOVA