
“Sovet Ordusunda hərbi qulluğa çağırılmış 5 nəfər Azərbaycan vətəndaşı SSRİ-nin Əfqanıstanda apardığı müharibədə itkin düşüb. Onların axtarışı ilə bağlı iş gedir”.
Bunu Modern.az saytına açıqlamasında Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədr müavini Əbülfət Hüseynov bildirib. Onun sözlərinə görə, ümumilikdə 7 nəfər azərbaycanlı Əfqanıstanda aparılmış mühribədə itkin sayılır.
“Bu şəxslərdən 5 nəfəri Azərbaycan vətəndaşı olub. Digər 2 nəfərdən biri o zaman Rusiyada təhsil alan Tovuz rayon sakini, digəri isə Gürcüstan SSR vətəndaşı olan azərbaycanlı olub”.
Nazirlər Kabinetində itkin düşənlərlə bağlı Komissiya yaradılıb
Ə.Hüseynovun sözlərinə görə, indiyə kimi itkin düşənlərin axtarışı ilə bağlı iş gedir.
“Nazirlər Kabinetindən itkin düşənlərlə bağlı yaradılmış Komissiyaya onların yaxın qohumlarından qan analizləri götürülməsi üçün tapşırıq verilib. Onlara Moskvadakı patoloji anatomiya orqanlarında yoxlanması üçün analizlərin götürülüməsi ilə bağlı müraciət edilib. Lakin analizlərin götürülməsi məsələsi hələ ləngiyir”-deyə sədr müavini bildirib.
Ə.Hüseynovun sözlrinə görə, kimliyini müəyyən etmək üçün tapılmış sümüklər üzərində DNK analizi aparılır. Artıq başqa respublikalardan itkin düşən şəxslərdən tapılanlar olub.
“Əfqanlar” veterandır?
Əfqanıstan müharibəsi iştirakçılarının statusu da qeyri-müəyyən qalır. MDB hökümət başçılrının 15 aprel 1994-cü il tarixli “Böyük Vətən Müharibəsi iştirakçıları və əlilləri, digər ölkələrin ərazilərində gedən hərbi münaqişlərdə iştirak edənlərin və həlak olan hərbi qulluqçuların ailələrinin güzəştlərinin qarşılıqlı tanınması barədə” saziş imzalanmağına baxmayaraq, Azərbaycanda Əfqanıstan müharibəsi iştirakçıları, əlilləri və həlak olanların ailələri heç bir güzşətdən istifadə edə bilmir.
SSRİ Müdafiə Nazirliyi tərəfindən Əfqanıstan müharibəsi iştirakçılarına verilmiş vəsiqədə “veteran” sözü yazılmayıb. Onlara sadəcə “imtiyazı olmaq haqqında şəhadətnamə” verilib. Müstəqil Azərbyacanda isə vahid “veteran vəsiqəsi” üzərində qələmlə “Əfqanıstan Demokratik Respublikası” sözü yazılır.
Əfqan veteranları son vaxtlara qədər hərbi komissarlıqlarda qeydiyyatda olublar. “Veteranlar haqqında” qanunun 13-cü maddəsinə görə, onlar vəsiqələrini komissarlıqda dəyişə bilərdilər. Lakin hərbi komissarlıq sistemi ləğv olunduqdan sonra vəsiqələrin dəyişdirilməsi problemi ortaya çıxıb.
SSRİ zamanı verilmiş vəsiqələr “Dövlət dili haqqında” qanunun tələblərinə uyğun olmadığına görə yerlərdə qəbul olunmur.
“Əfqan döyüşçülər” vəsiqələrin dəyişdirilməsilə bağlı dəfələrlə müraciət etmələrinə baxmayaraq, onların problemi həll olunmayıb. Milli vetran vəsiqələri olmadığına görə, onlar imtiyazlardan yararlana bilmirlər.
Kommunal xərclər üçün onlara verilmiş kompensasiyanı ala bilmirlər
“Əfqanlar” kommunal xərclər üçün onlara düşən kompensasiyanı da ala bilmirlər.
Prezidentin 2002-ci ildə verdiyi kommunal xərclər haqqında qərarına əsasən, Əfqanıstan müharibəsi veteranlarına aylıq kommunal xərclərin ödənilməsi üçün 37 manat kompensasiya verilir. Lakin 2007- ci ildə qanunda edilən dəyişikliyə görə, kompensasiya müavinətlə əvəz olunub.
“Bununla da müavinət alanlar kompensasiyadan məhrum oldu. Çünki qanuna görə eyni anda iki müavinat verilə bilməz”-deyə Ə.Hüseynov qeyd edib.
“Əfqan” veteranlar vergi ilə də bağlı güzəştlərin ediləcəyinə ümid edirlər.
“Veteranlar haqqında” qanuna görə onlar 400 manatdan yuxarı maaş aldıqları halda gəlir vergisi verməlidirlər. Lakin hazırda 400 manat maaş alan “əfqanlar”dan da vergi tutulur.
“Hazırda bütün bu məsələlərin həlli üçün Müdafiə Nazirliyinə müraciət etmişik. Bununla bağlı təkliflər hazırlanır. Müdafiə Nazirliyindən bizə bildiriblər ki, qanunda çatışmazlıqlar var və buna görə də məsələylə məşğul ola bilmirlər”.
5 minə yaxın Əfqanıstan müharibəsi veteranı yaşayır
SSRİ-nin Əfqanıstana hərbi müdaxiləsi ilə başlanan on illik Əfqanıstan müharibəsində 7500 azərbaycanlı da iştirak edib. Onların 208-i müharibədə həlak olub, 450 nəfəri əlil olub. Bu gün Azərbaycanda cəmi 5 minə yaxın Əfqanıstan müharibəsi veteranı sağ qalıb. Əfqanıstandan qayıdandan sonra onların bir çoxu Qarabağda gedən döyüşlərdə həlak olub və ya sonradan vəfat ediblər. Əfqanıstan müharibəsi veteranlarından 17 nəfəri sonradan Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Milli Qəhrəman adına layiq görülüb.
Gülşən Raufqızı