Paytaxt küçələrində şütüyən avtomobillərin sayının çox olması Azərbaycan xalqının yaxşı yaşadığına dəlalət etmir. Çünki həmin avtomobillərin əksəriyyəti ayrı-ayrı bankların girovudur. Mümkündür ki, səhər öz maşınına oturub işə gedən adam axşam evinə piyada qayıtsın...
Son illər həm Bakıda, həm də ölkəmizin ayrı-ayrı şəhər və rayonlarında xeyli abadlıq işləri görülüb. Bir müddət əvvəl də yazdığım kimi, rayonlarda inşa olunmuş diaqnostika mərkəzləri öz parıltısı ilə adamın gözünü qamaşdırır. Amma həmin rayonlarda yaşayan əhali müalicə olunmaq üçün İrana üz tutur. Pulu olanlar isə qardaş Türkiyəni və Avropanı seçirlər. Bəzəkli küçələr insanların həyatını rəngarəng edə bilmir. Azərbaycanlıların böyük əksəriyyəti yoxsulluğun və saysız-hesabsız problemlərin girdabında çabalayır.
Uzaq bir qohumum neft daşlarında çalışır. Ayda 15 gün işlədiyi üçün aldığı əməkhaqqı bir o qədər də yüksək deyil. Artıq bir neçə ildi ki, özünə ikinci iş yeri tapıb. Neft daşlarından qıyıtdığı gün gəmi kapitanı olan dostunun yanında işə çıxır. Bu minvalla ayın 15 gününü neft daşlarında, 15 gününü də gəmidə keçirir. Biz dörd ildi ki, görüşmürük. Amma eşitmişəm ki, 2 il əvvəl yeni tikilən göydələndən ipoteka yolu ilə özünə dəbdəbəli mənzil alıb. Amma bu 2 ildə 2 gün öz evində yatmayıb. İpoteka yolu ilə aldığı mənzil üçün ayda 450 manat kredit ödəyir. Bundan sonra hələ 18 il də banka kredit ödəyəcək. Deputat Mübariz Qurbanlı isə Bakıda inşa olunan göydələnlərin sayının çoxluğunu əsas gətirib, Azərbaycan xalqının yaxşı yaşadığını deyir. Amma bu adam bilmir ki, həmin göydələnlərin çoxunda gecələr işıq yanmır. Çünki bu mənzillərin sahibləri banklara olan borclarını ödəmək üçün gecə-gündüz çalışırlar. İndi Azərbaycanda elə bir vəziyyət yaranıb ki, hətta evi olan adam da gecələr ayağını uzadıb evində rahat yata bilmir.
Azərbaycan kəndləri sürətlə boşalır. Ucqar dağ kəndlərinin əksəriyyəti yer üzündən silinmək təhlükəsi ilə üzləşib. İş tapa bilməyən əhali rayon mərkəzlərinə və paytaxta üz tutur. Bakı öz qoynunda hamıya yer versə də, çox az adamı xoşbəxt edir. Kənddəki ev-eşiyini qoyub gələn adamların əksəriyyəti Bakıətrafı qəsəbələrdə darısqal və rütubətli mənzillərdə yaşayır. Utandığı üçün heç kim öz evinə qonaq dəvət edə bilmir. Bir də ki, bu adamların qonaq qarşılamağa vaxtları da olmur...
Təkcə kirayədə yaşayanlar deyil, hətta evi olan adamların da çoxu xoşbəxt ola bilmir. Bakıda yaşayan bu insanlar günün təxminən yarısını yollarda keçirirlər. Tıxac insanların ömrünü yeyir. Axşam saat 5-dən sonra metronun “Koroğlu” stansiyasının qarşısı Bakıətrafı qəsəbələrdə yaşayan əhalinin mübarizə meydanına çevrilir. İnsanlar “Neftçilər” istiqamətindən dolu gələn avtobuslara minmək üçün bəzən 2-3 saat vaxt sərf etməli olurlar. Evi olan adamlar Ziya Məmmədovun yarıtmaz fəaliyyəti üzündən evlərinə gedə bilimirlər. Nəqliyyat problemi Bakı əhalisinin yarısını əsəb xəstəsinə çevirib. Yəqin ki, Azərbaycandan başqa dünyanın heç bir ölkəsində evi olan adam öz evinə gedib çıxmaq üçün bu qədər əziyyət çəkmir. Bunu ona görə yazıram ki, Azərbaycan xalqının xoşbəxt yaşadığını iddia edən adamların yalan danışdığına siz də əmin olasınız...