
Modern.az xəbər verir ki, Transparency International təşkilatının Azərbaycan milli bölməsi 2013-ci il Korrupsiya Qavrama İndeksini (KQİ) təqdim edib. Bu il indeksdə Azərbaycan 28 balla 177 ölkə arasında 127-ci sırada yer alıb. Son iki ildə İndeks yeni qaydada hazırlanır. Əgər əvvəlki illərdə xallar 10 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyənləşdirilirdisə, ötən ildən 100 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilir.
Ötən il Azərbaycan 27 balla, 176 ölkə arasında 139-cu sırada göstərilmişdi. 2013-ci il KQİ-nin hazırlanmasında ümumilikdə 13 fərqli hesabatın göstəriciləri nəzərə alınıb. Azərbaycanla bağlı isə 6 mənbənin məlumatlarından istifadə olunub.
Azərbaycan İndeksə daxil edildiyi dövrdən (2000-ci ildən) bu yana ilk dəfədir ki, bu qədər yüksək nəticə qeydə alınır. Bunun əsas səbəbi isə iqtisadi göstəricilərlə bağlıdır. Belə ki, Dünya İqtisadi Forumunun 2012-2013-cü illər üçün olan Rəqabətlilik İndeksində Azərbaycan xeyli irəliləyib. Əgər 2011-2012-ci illər üzrə hesabatda Azərbaycan 142 ölkə arasında 55-ci sırada yer almışdısa, bu il mövqelərini yaxşılaşdıraraq, 144 ölkə arasında 46-cı sıraya yüksəlmişdir. Keçən illə müqayisədə Azərbaycanın ən yaxşı artım göstəricisi ticarət bazarı, innovasiya potensialı, texnoloji səviyyə, makroiqtisadi sabitlik göstəricisiləri üzrə qeydə alınıb. Bütün bu məqamlar dolayısı ilə KQİ-də ölkənin göstəricisinin artmasına gətirib, çıxarıb. İndeks hazırlanarkən istinad olunan mənbələrdən digəri Freedom House təşkilatının 2013-cü il üzrə Nations in Transit İndeksində isə ölkənin göstəricisi aşağı düşüb.
MDB regionunda ən yaxşı göstərici Gürcüstana məxsusudur. 49 balla qiymətləndirilən Gürcüstan ümumi sıralamada 55-ci sıradadır. (geriləyib) Moldova 35 xalla 102-ci sırada yer alıb. Belarus 29 balla 123-cü sıradadır. Rusiya ilə Azərbaycanın topladığı xallar və siyahıda sıralaması eynidir. Qazaxıstan isə 26 xalla 140-cı mövqedədirlər. Ermənistan 36 balla 94-cü yerdədir. Digər ölkələrin göstəriciləri isə aşağıdakı kimidir.
| Sıra | Ölkə | Bal |
| 144 | Ukrayna | 25 |
| 150 | Qırğızıstan | 24 |
| 154 | Tacikistan | 22 |
| 168 | Türkmənistan | 17 |
| 168 | Özbəkistan | 17 |
Modern.az