Əkbər Nəcəf,
Tarix üzrə fəlsəfə elmləri doktoru
Modern.az saytı “Tarixin tapmacaları” silsiləsində təqdim edəcəyi yazılarla tariximizin bilinməyən tərəflərinə işıq salmağa çalışacaq. Bu silsilədən olan ilk yazını təqdim edirik.
Səfəvi–Osmanlı münasibətləri, Çaldıran müharibəsi, Şah İsmayıl Xətai və Yavuz Sultan Səlim arasındakı ziddiyyətlər son illər Azərbaycan mətbuatının ən populyar mövzularındandır. Etiraf etmək lazımdır ki, müəyyən qədər demokratik çərçivədə davam etdirilən mübahisələr, tənqidlər və dartışmalar yeni və fərqli fikirlərin ortaya çıxması baxımından müsbət qarşılanmalıdır. Lakin bu mübahisələr və dartışmalarda nədənsə məsələnin bəzi tərəfləri unudulur. 230 illik Səfəvi tarixinin 100 ili Osmanlılarla müharibələrdə keçsə də, 100 ili də Osmanlıların Orta Asiyadakı müttəfiqləri Şibanlılarla savaşlarda tamamlanmışdır.

Səfəvi–Şibanlı müharibələrinin ən dramatik səhnəsi, heç şübhəsiz, 1510-cu ildə meydana gələn və Özbək hökmdarı Şiban xanın öldürülməsi ilə nəticələnən Mərv döyüşüdür. Bu döyüşün yaratdığı siyasi, dini-ideoloji ab-hava Səfəvi-Osmanlı münasibətlərinə güclü təsir edib.
Mövzuya Azərbaycan tarixşünaslığında yer alan iki səhvi düzəldərək başlayaq.
Azərbaycan tarixşünaslığında Şibanlı dövlətinin adı “Şeybanilər” kimi yazılır. Halbuki “Şiban” adı ilə “Şeybani” adı arasında böyük fərq var. Hər şeydən əvvəl, Şiban sözü monqolca, Şeybani isə ərəbcədir. Bu iki sözü eyni hesab etmək ciddi səhvdir. Şiban, Çingiz xanın böyük oğlu Cuçi xanın beçinci övladıdır. Şiban adı türkcə “çoban” sözünün monqolca tələffüzündən yaranıb.
Tarixçiliyimizdə ikinci səhv bu dövlətin yaranma tarixi ilə əlaqədardır. Şibanlı dövləti 1500-cü ildə Məhəmməd Şiban xan tərəfindən deyil, 1227-ci ildə Çingiz xanın əli ilə yaranıb. Məlum olduğu kimi, Cuçi atası Çingiz xandan iki il əvvəl vəfat etmişdi. Böyük oğlunun vəfatı Çingiz xanı çox kədərləndirmiş, buna görə imperiyasının ən böyük torpaq parçasını (indiki Rusiya, Cənubi Qafqaz, Anadolu və İranın) Cuçinin oğlanları arasında bölüşdürmüşdü. Bu ərazinin Cənubi Qafqaz, Anadolu və İran hissəsi daha sonra Çingizin nəvəsi Hüləgünün əlinə keçmiş və burada mərkəzi Təbriz olan Elxanlı ulusu yaranmışdı. İndiki Rusiya torpaqları isə Cuçinin üç oğlu tərəfindən yaradılan üç dövlətə ayrıldı. Şərqi Avropa Batı xanın başçılığında Qızıl Orda dövlətinin (əslində Ağ orda adlanırdı – 1227-1360), Sibir ərazisi Orda İçən Xan başçılığında Göy Orda dövlətinin (1227-1329) əlinə keçərkən, bu ikisi arasındakı torpaqlarda Şiban xan başçılığnda Boz Orda dövləti yarandı. Şiban xanın əlindəki ərazilər Aral gölündən Volqa çayına qədər olan sahəni əhatə edirdi. Başda A.Y.Yakubovski olmaqla, sovet və rus tarixçiləri bu üç dövləti bir-birinə qarışdırdıqlarından, tarixçilikdə böyük səhvlər silsiləsinə bais olublar.
Şibanlı sülaləsi
Beləcə, Şibanlı sülaləsinin banisi Çingiz xanın nəvəsi Şiban hesab edilməlidir. 1360-cı ildə bu sülalənin başında Fulat Xan dururdu. Onun Ərəbşah və İbrahim Oğlan adında iki oğlu vardı. Toxtamış xan Qızıl Orda dövlətinin başına keçdiyi zaman Şibanlı sülaləsi iki hissəyə parçalandı. Mavəraünnəhr Şibanlıları İbrahim Oğlanın nəslindən, Yadigarlar adlanan Xarəzm Şibanlıları isə Ərəbşahın nəslindən yaranmışdır. 1510-cu ildə Mərv döyüşündə Şah İsmayıla məğlub olan Şibanlı hökmdarı Məhəmməd Şiban xan Mavəraünnəhr Şibanlı sülaləsinin ən tanınmış nümayəndəsi idi.
Bunlara “özbək” adının verilməsinin səbəbinə gəldikdə isə Qızıl Orda xanı Özbək (1313-1340) İslamı rəsmi dövlət din elan etdikdən sonra Cuçi ulusu adının qaldırılıb onun yerinə “Özbək ulusu” adının işlədilməsini əmr etmişdir. Bu, Cuçi oğlanlarına aid ərazilərdə müsəlman olan bütün monqolların və türklərin özbək adlanmasına səbəb oldu. Bu ad daha sonra sovet dövründə indiki özbəklərin milli adı elan edildi. Bu adı farsça mənbələrdə qeyd olunan “özbəki” xalqı ilə izah edən fikirlər səhv və cəfəngiyyatdan ibarətdir.
Şahi-bəxt
Səfəvi mənbələri Məhəmməd Şiban xanı “Şahi bəy”, Baburlu mənbələri isə “Şeybək və ya Şeybaq” adlandırırlar. Hər iki ad zənn edildiyi kimi Şiban adından deyil, Məhəmməd Şiban xanın ləqəbi “Şahi-bəxt”dən yaranıb. Məhəmməd “taleyi hökmdarlıq olan”, “bəxti şahlıq olan” mənasında bu titulu qəbul etmişdi.
Onun əsl adı Məhəmməd olmuşdur. Məhəmməd Şibanlı sülaləsinin böyük hökmdarlarından Əbülxeyr xanın on bir oğlundan ən böyüyü olan Şah Budakın oğlu idi. Şibanlı nəslindən olması səbəbi ilə Şiban adını almış və “Şibani” təxəllüsü ilə şeirlər yazmışdır.
1468-ci ildə Məhəmmədin atası Şah Budakın bir döyüşdə öldürülməsi, bir il sonra isə babası Əbülxeyr xanın vəfatı ilə Şibanlı dövləti parçalandı. O dövrün məşhur tarixçisi Məsud ibn Osman Kuhistani “Tarixi-Əbülxeyr xan” adlı əsərində həmin illəri belə səciyyələndirib: “O dövrdə böyükdən kiçiyə kimi özbəklərdən xanlıq taxtına çıxmayan qalmadı”. Məhəmməd Şiban ömrünün 30 ilini yox olmaq təhlükəsi altında olan Şibanlı dövlətini birləşdirmək uğrunda mübarizəyə həsr etmişdir. O, buna ancaq 1500-cü ildə nail olmuş və həmin il Buxara və Səmərqəndi ələ keçirərək Orta Asiyada Teymurlu dövlətinə son qoymuşdur. 1505-ci ildə isə Xorasana hərəkət edən Məhəmməd Şiban xan Heratda yaşayan axırıncı Teymurlu hökmdarı Hüseyn Bayqaranın vəfatı ilə özünü Əmir Teymur imperiyasının varisi elan etdi.
Əmir Teymurun mirası
Sunni-şiə məzhəb savaşı adı altında dini-ideoloji don geydirilən Səfəvi-Şibanlı müharibələrinin əsl səbəbi böyük hökmdar Əmir Teymurun mirasını paylaşa bilməmək idi. Həm Şah İsmayıl Heratın sonuncu Teymurlu hökmdarı Hüseyn Bayqara, həm də Məhəmməd Şiban Buxaradakı axırıncı Teymurlu hökmdarı Sultan Əli Mirzə vasitəsi ilə özlərini Əmir Teymur taxtının hüquqi varisləri hesab edirdilər. Hər ikisinin də Əmir Teymurdan geriyə qalan “cahan hakimiyyəti mirasını” paylaşmağa niyyəti olmayınca iki dövlət arasında 100 illik müharibə qaçılmaz oldu.
Hər iki hökmdar öz mübarizəsinə dini-məzhəbi don geydirdiyindən Səfəvi-Şibani münasibətləri daha sonra Osmanlı-Səfəvi münasibətlərinin dini-ideoloji istiqamətini təyin edəcəkdi. Eyni mənşəli iki dövlət və xalq arasında düşmənçilik həyatın bütün sahələrinə təsir etdi. Misal üçün, “qızılbaş” Səfəvilərə qarşı Şibanlılar özlərini “yaşılbaş” adlandırmış və yaşıl çalma qoymuşdular.
Düşmənçiliyinin şahidləri
Şah İsmayıl ilə Məhəmməd Şiban arasındakı söz duelinin sənədləri hesab edilən məktublar günümüzə qədər gəlmişdir. Məktublar hər iki hökmdarın söz, fikir, ideya, düşüncə səviyyəsini də əyani surətdə əks etdirir. Bu da Şah İsmayıl ilə Məhəmməd Şibanın fikri cəhətdən nə qədər güclü şəxsiyyətlər olduğunu göstərir.
Məhəmməd Şibanın məktubundan:
“Zamanənin imamı, əsrin xəlifəsi Məhəmməd Şiban xandan İraq daruğası İsmayıl mirzəyə.
Hal-hazırda şikar etmək məqsədi ilə iqbal və səadətlə darüssəltənə Herata gəldim.
Əgər İraq vilayətində bizim keçəcəyimiz yerlərdə sınıq körpülər və nahamar yollar olarsa, onları təmir etdirin ki, qıyamət əlaməti ordumuz keçib getsin. Azuqə və savəri tədarük edib, öz xidmətinin keyfiyyətini zahir et. Bizim nəzərlərimiz Misir, Şam və Hələb mülkünə dikilmişdir. Yoxsa İraq və Azərbaycan nədir ki, biz bu cür dərya təlatümlü ordu ilə xaraba İraq mülkü və susuz Ərəbistan üçün səfərə əzm etmiş olaq.
Xaraba İraq deyildir məqsədim,
Gərək Məkkə, Mədinəni zəbt edim!”
Şah İsmayılın cavab məktubundan:
“Xeyir qurumlarını təmir və təzim etmək bizim vacib işlərimizdəndir.
Hər kim deyil candan Əli qulamı,
Yüz min Məkkə tutsa, yoxdur anlamı!”
Məhəmməd Şiban xanın ikinci məktubundan:
“Aşağı dərəcəli hakim olan İraq daruğası İsmayıl mirzəyə məlum olsun ki, neçə dəfədir biz sizə elan edirik ki, İraqdakı sınıq körpüləri və yolları təmir etdirin və dərya təlatümlü ordumuz üçün hər mənzil başında sursat və ehtiyatlar tədarük edin. Lakin sizdən bir xəbər gəlmədi. Hər halda, yaxşı olar ki, bizim əmrimizdə qərar verilən və buyrulan məsələlərə əməl edərək, bizim adımıza sikkə vurdurub xütbə oxudasınız ki, biz sizdən razı qalaq, İraq hakimliyini sizə tapşıraq. Yoxsa sizin barənizdə cürbəcür cəzalar hökm olunacaqdır”.
Şah İsmayılın cavab məktubundan:
“Buyurmuşdunuz ki, yolları və körpüləri təmir edib iqamətlər hazırlayaq. Xeyli müddətdir ki, buyurduqlarınız hazır edilib. Təşrif gətirməməyinizin səbəbi nədir? İndi elan edirəm ki, özüm cah-cəlal ilə sizin üzərinizə gəlirəm.
Ey dost! Düşmənin cənazəsinə nə etdiysən,
Sevinmə. Sənin də başına eynisi gələcəkdir”.
Mərv, 1510-cu il
Şiban xanın Xorasana hücum edib Qızılbaş ölkələrini talan etməsindən sonra Şah İsmayıl ölkəsinin dörd tərəfinə çapar göndərib ordunun Sultaniyyə düzənliyində toplanmasını əmr etdi.
Tərəflər arasında meydana gələn bir çox vuruşmadan sonra 1510-cu il, noyabrın 22-də qızılbaşlar şibanlıların yerləşdiyi əsas istehkamı, (indiki Türkmənistan ərazisindəki) Mərv qalasını mühasirəyə aldılar. Noyabrın 28-də isə Şah İsmayıl özü Mərv qalasına yaxınlaşdı və qalanın vəziyyətini gözdən keçirdi. İki ordu iki gün bir-birinə baxdı. Bundan sonra Şah İsmayıl qəflətən ordusuna geri çəkilmək əmri verdi. Qızılbaşların Mərv qalasından 3 fərsəx uzaqlaşmasını görən Şiban xan ordusuna Mavəraünnəhrə geri dönmək əmri verdi. Özbəklər qalanı tərk etdikləri an qızılbaşların qəfil hücumuna məruz qaldılar. Belə məlum olur ki, Şah İsmayıl Şiban Xanı aldadıb Mərv qalasından çıxartmağa nail olmuşdu.
Noyabrın 30-da tərəflər arasında qanlı döyüş başladı. Axşama doğru 10 mindən çox özbək qızılbaşlar tərəfindən öldürülmüş, Məhəmməd Şiban xan isə 500 süvari ilə Amudərya çayı istiqamətində qaçaraq Mahmudi çayı yaxınlığında bir viranəyə sığınmışdı. Lakin xan burada qızılbaş əmirlərindən Burun Sultan tərəfindən mühasirəyə alındı. Cərəyan edən qızğın döyüşdə qızılbaşlar Şiban xanla birlikdə bütün özbəkləri qılıncdan keçirdilər. Meyidlər arasında Şiban xanın cəsədini aşkar edən Burun Sultan onu Şah İsmayıla gətirdi.
Şiban xanın kəlləsi
Mənbələrin də qeyd etdiyi kimi, Şiban xanın meyitini görən Şah İsmayıl onun başının kəsilməsini əmr etmişdi. Şahın buyruğu ilə Şiban xanın kəsilən başının kəllə hissəsi (qafatası) qoparılmış, şərab qədəhi hazırlanmışdı. Şah İsmayılın belə addım atmasının səbəbi bu gün bəzi tarixçilər tərəfindən “hannibalizm” kimi qiymətləndirilir.
Əslində, İsmayılın belə bir əmr verməsinin dini və siyasi səbəbi vardı. Dini səbəbi onun şamanizm təsrilərinin güclü olduğu qızılbaşlıq inancından irəli gəlir. Siyasi səbəbinə gəlincə, Məhəmməd Şiban xan Heratı ələ keçirərkən burada Teymurlu sülaləsinin bir çox şahzadəsini həbs edib, işgəncə ilə öldürmüşdü. Bəzilərinin də başından şərab qədəhi hazırlatdırmışdı. Onun bu davranışı Şah İsmayılın ona yazdığı və yuxarıda qeyd etdiyimiz şeirində də (“Sevinmə. Sənin də başına eynisi gələcəkdir”) ifadə edilib. Şah İsmayılın belə bir əmr verməsinin səbəbi Teymurlu sülalsəinin intiqamını alaraq özünü Heratın, yəni Xorasanın hüquqi sahibi olduğunu təsdiq etdirmək idi.
Şiban xan Osmanlıların müttəfiqi idi. Buna görə də Şah İsmayıl Şiban xanın baş dərisinin soyulmasını, içinə saman doldurulub Osmanlı hökmdarı II Bəyazidə göndərilməsini əmr etdi. Ağılsız sərkərdələr, idarəçilər və hökmdarların bu şəkildə cəzalandırılması qədim dövlərdən gələn bir adət idi. 1683-cü ildə Vyana müharibəsində məğlub olan sədr-əzəm Qara Mustafa Paşanı Osmanlı sultanı IV Mehmet də belə cəzalandırmışdı.
Qədəh halına gətirilən Şiban xanın kəlləsi isə qızılla bəzədildi və üzərinə ərəbcə bir beyt həkk olunub Misir Məmlük hökmdarı Qansu Qavriyə göndərildi. Qədəhin üzərindəki beytə Məmlüklü şairləri 200-dən çox nəzirə yazdılar. Qansu Qavri isə qədəhi mərasimlə dəfn etdirdi. Beləcə, Misirə səfər etmək istəyən Şiban xanın yalnız kəlləsi Qahirəyə gedib çatdı.