Bakı Musiqi Akademiyasının dosenti,
böyük elmi işçi
Bir qədər də Kamran Həsənliyə rəqs sənətindən dərs
Telekanallarda, mətbuatda, İnternet mediasında insan hüquqularının, vətəndaşların mənəvi hüquqlarının pozulması, insanların şəxsi həyatına müdaxilə kimi hallarla az qarşılaşmırıq. Fikrimcə, bunun bir neçə əsas səbəbi var: 1) həmin sahələrdə çalışanların savadsızlığı; 2) həmin sahədə çalışanların qeyri-peşəkarlığı; 3) həmin sahələrdə çalışanların peşə məsuliyyətsizliyi; 4) həmin sahədə çalışanların şəxsi mədəniyyətsizliyi və özündən razılığı.
Verilişi maraqlı, baxımlı və nəticəli etmək üçün bu verişin heyətindən, müəllifdən məqsəd və məram, bu məqsəd və məramın hansı yönümdən həll oluna bilməsi, mövzuları və mövzular üzrə hansı mütəxəssislərin danışmaslı olduğunu yaxşı bilməsi tələb olunur. Hətta mütəxəssis olmasa belə, fikir, bilim, elm, sənət adamlarının mövqeyini də yaymaq olar. Bir şərtlə ki, mövzu son dərəcə aktual və milli-mədəni əhəmiyyətli olmasın. Çünki belə mövzulara rəy və şərh verənlərin kimliyi çox ciddi məsələdir. Odur ki, yaxşı şair, yazşı yazar, yazşı aktyor, bəstəkar və ya müğənni heç də mövzunun yaxşı şərhçisi demək deyil. Məsələn, mətbuat azadlığı, Azərbaycan toyu, rəqs mədəniyyəti, adət-ənənələr, Novruz bayramı, mütaliə, kitab mədəniyyəti, gənclərin maraqları, ağsaqqallıq, Azərbaycan ailəsi, bədii-estetik mədəniyyət, milli və bəşəri dəyərlər kimi mövzuların savadsız, mənasız, baxımsız həlli, qeyri-peşəkar təşkili bir yana qalsın, bunlara ekspert, fikir bildirən, qonaq, jurnalist, sənətkar, yazar, mütəxəssis qismində elə şəxslər dəvət olunur ki, savadsız, mənasız fikirləri, özündənrazı pozaları, aşkar mədəniyyətisliyi, ittiham edici tonları, cəmiyyətə mədəniyyət və ağıl öyrətmələri ictimaiyyətdə gülüş, təəccüb, təəssüf qarışıq, bir utanc hissi da oyadır. Son üç ayda İTV, ANS, ATV, Spase, Lider, Xəzər kanallarında yayımlanan verilişlərə baxanda, ekspert, qonaq qismində dəvət edilən şəxsləri dinləyəndə, doğrusu, bu kanalların əvəzinə xəcalət hissi keçirirsən. Doğrusu, verilişlər Azərbaycan əhalisi, xüsusilə də elm, təhsil, mədəniyyət adamları, gənclər arasında müzakirəsiz keçmir. Tələbələr, müəllimlər arasında da verilişlərin qızğın müzakirə olunduğunu, necə tənqidlə, narazılıqla qarşılandığını bilirəm... Bəs telekanallar tamaşaçılara, əhaliyə niyə bu qədər hörmətsiz münasibət bəsləyir? Telekanallar gündəmə, müzakirəyə çıxardıqları mövzunun əhəmiyyətini niyə həmişə aşağılayırlar?
Verilişlərə dəvət olunan şəxsləri görəndən sonra həmin mövzuları daha yaxşı bilən şəxslərlə rastlaşdıqca, niyə “görsənmədiklərini” soruşuram. Hamısından da eyni cavabı alıram: “Dəvət eləmirlər, iki ildir veriliş yayımlanır, amma bir dəfə də olsun yada salmırlar”, “müğənnini, şoumeni, şairi, aktyoru, hansısa gənc yazarı, özünü psixoloq, sosioloq, kulturoloq adlandıranları elə dəyərli mövzulara dəvət edib rəy soruşurlar ki, adam verilişə baxmağa da, müzakirəni dinləməyə də utanır.” Yaxşı, səni çağırmırlar, onda özün özünü televiziyaya təklif və təqdim elə. Cavablar yenə də eynidir: “Telekanalların verilişlərini neçə illərdir elə səviyyəyə salıblar ki, orada çıxış etməyi, söz, münasibət bildirməyi özümə təhqir sayıram”, “istəmirəm televiziya verilişinə çıxdığım üçün məni qınasınlar”.
Haqlıdırlar. Elə mən də bu fikirdəyəm. Telekanalların səhər verilişlərindən tutmuş, müzakirə, şou verilişləri, əksər hallarda səviyyəsiz, mədəniyyətsiz, durğun, istedadsız, maraqsız, qeyri-peşəkar təşkil olunur. Aparıcıların, veriliş təşkil edənlərin, yayanların daha hansı efir mədəniyyətsizliyi, savadsızlığı, bacarıqsızlığı, bələdsizliyi, qeyri-peşəkarlığı, dəvət olunanlara, danışanlara, oxuyanlara qarşı ironik təbəssümü, özündənrazı intonasiyası, “ekspertlə işbirliyi” qalıb ki, tamaşaçıya nümayiş edirməsin?
Bu gün Azərbaycanın çox böyük, çox ciddi problemlərindən biri də televiziya və radioalarda necə və hansı səviyyəli verilişlərin, proqramların, informasiyaların yayımlanmasıdır, bu kanallara kimlərin rəhbərlik etməsidir, kimlərin işləməsidir və nəhayət, bütün bunların cəmiyyətimiz üçün necə fəsadlara, problemlərə... perspektivlər açmasıdır.

Nə qədər qəribə gösünsə də, konkret misal kimi Kamran Həsənlinin 5 dekabrda “Spase”də yayımlanan verilişinə baxaq. Mövzu maraqlıdır: toylarımız və toylarda rəqs etməyimiz. Amma... əvvəl qayıdıram əvvəlki məsələyə. Hər hansı vətəndaşın toy məclisini özündən xəbərsiz, icazəsiz yayımlamağa, bu məclisi müzakirə obyektinə çevirməyə heç bir kanalın hüququ, peşə səlahiyyəti çatmır. Belə şeylərə yol vermək insanlara qarşı saymazlıq, şəxsi həyata icazəsiz müdaxilə, vətəndaşın toy məclisini aşağılamaq deməkdir. Telekanallarda bu kimi yayıma yol verənləri Azərbaycan qanunvericiliyində müvafiq maddələrlə məhkəmə qərarları gözləyir. Odur ki, Kamran Həsənlinin müxtəlif bölgələrdə yaşayan vətəndaşların toy məclislərini efirdə müzakirə predmetinə, nümunəyə çevirməsi tamamilə qanunsuzdur, qeyri-etikdir. Əgər bu toyun epizodları İnternetdə, mobil telefonlarda yerləşdirilsə belə, yayımın mənbəyi, mənşəyi, müəllifi bilinmədiyi halda, onu efirdə əhaliyə yayımlamaq qəti yolverilməzdir. Elə buna görə də, toyu həmin verilişdə yayımlanan vətəndaşdan, bu toyda rəqs etməsinə görə K.Həsənli tərəfindən təhqir olunan insanlardan xahiş edirəm, məsələyə hüquqi və mənəvi müstəvidə münasibət bildirib, Kamran Həsənlini də, verilişin hazırlanmasında iştirak edənləri də, onun yayımına icazə verən telekanal rəhbərliyini də məhkəməyə versinlər. Çünki ictimaiyyətin medianı başqa cür tərbiyə eləmək, ona başqa cür peşəkarlıq öyrətmək yolu qalmayıb. Baxın, medianı məhkəmə yolu ilə cərimə edənlərə bu media orqanlarında təhdidlər, gözdənsalmalar başlayır. Axı niyə insanları təhqir edirsən, sözünü kontekstdən çıxarısan, yazıya qeyri-peşəkar başlıq qoyursan, şəxsi həyatına, sevgisinə, yataq otağına, alt geyiminə müdaxilə edirsən, yalanlar yazırsan ki, o da məcburiyyət qarşısında qalıb, səni məhkəmə verir, səndən cərimə tələb edir. Təcrübə göstərir ki, medianın məhkəməsi başlayanda, o, məhkəməyə verən şəxslərlə etik davranmağa, peşəkarlığı gözləməyə, jurnalist həddini aşmamağa çalışır. Deməli, Azərbaycanda ictimaiyyətin kütləvi informasiya vasitələrindəki, o cümlədən telekanallardakı hüquqpozmalar, özbaşınalıqlar və qeyri-peşəkarlıqla başqa mübarizə yolu qalmır.

Yeri gəlmişkən, ATV-də neçə ildir “Bozbash pictures” verilişi yayımlanır. Əvvəla, bozbaş sözünün illərdir müxtəlif televiziya və radiolarda sənət adamlarına, ifaçılara, şəxsiyyətlərə aid edilməsi mədəniyyətsizlik və qeyri-peşəkarlıqdır. Milli mətbəximizin nümunələrindən olan bozbaşı bununla gözdən salıb, mətbəx mədəniyyətimizi dolayı ələ salırlar. İkincisi, bu verilişdəki istedadsız, məzmunsuz, mənasız, şit oyun oynayanlar, xalqın danışıq dialektlərini gülüş obyektinə çevirənlər, belə verilişin istedadsız təşkilatçıları və ideya verənləri əvvəlcə milli mətbəxi, o cümlədən, bozbaşı hazırlamağı yaxşıca öyrənsinlər. Daha sonra, bu milli mətbəxin hazırlanmasında vətənin hansı təbiət nemətlərindən istifadə olunmasını öyrənib, onu “komik” mənalarda, təhqiramiz hallandırmaqdan əl çəksinlər. Bir də ATV-nin bu verilişinin kollektivi öyrənsin ki, bozbaş insanlara Allah tərəfindən verilən gözəl nemətlər ilə hazırlanır, bu mətbəxin hazırlanmasında Allahın ən böyük nemətlərindən olan su iştirak edir, hansı ki dünyaya gələn körpələrimizi də, dünyadan gedən əzizlərimizi də su ilə pak edirik. Deyim ki, ATV-nin “bozbaş” psixologoyası, məramı və peşəkarlığı əhalinin mədəniyyətsiz və əxlaqsız “istisnalarına” da ləzzət eləyir. Baxırsan ki, xalq artistidir, yaxud professordur və ya jurnalistdir, ya elmlər doktorudur, ya aparıcıdır, amma kimi isə “çuşka”, “bozbaş” adlandırır. Belələri hansı dərəcə, status, titul daşımalarından asılı olmayaq, başqaları haqqında bu cür ifadələri işlətməyi özlərinə rəva bilirlərsə, deməli, zatən mədəniyyətsiz və tərbiyəsizdirlər. Axı bozbaşın şouya, ələsalma verilişlərinə, lağlağı və şit oyunbazlığa, fikirlərə daxil edilməsi nə deməkdir? Bu mənasızlığı telezərurət, yoxsa ələdüşməz ideya, yoxsa əhalinin televiziya vasitəsilə tərbiyə olunması, yaxud sosial sifariş adlandıraq? Neməti, mətbəxi şit bir şounun adına qoyub, mətbəx mədəniyyətimizi, millətimizi, dilimizi, danışığımız bu qədər təhqir eləmək, mənasız gülüş hədəfinə çevirmək kimə və nəyə lazımdır? Dünyanın hansı telekanalında milli mətbəxi şou-verilişin adına qoyurlar ki, siz də ondan nümunə götürmüsünüz? Niyə televiziya və radio yayımları şurası bu qəbildən olan verilişlərə, televiziyaları bürümüş “komediyamanlıq” xəstəliyinə, milləti təhqir edən “ekspert”lərlə işbirliyinə münasibət bildirmir?
Bir faktdan da yan keçmək olmaz. Bozbaş adı ilə ATV-də yayımlanan bu verilişlərdə bir vaxtlar xaricdə istehsal olunmuş filmlərin, kliplərin səsini kəsib əvəzinə rayon ləhcələrində danışırdılar. Bu, açıq-aşkar müəllif hüquqlarının pozulmasıdır. Bilirisiniz də, həmin filmlərin, kliplərin müəllifləri, həmin kliplərdə oxuyan müğənnilər bu faktdan xəbərdar olsalar, “bozbash pictures”-i Avropa Məhkəməsində elə “çarmıxa çəkərlər”, elə cərimə kəsərlər ki, verilişin müəllifləri bozbaş yeməyə də həsrət qalarlar?!
Qayıdaq, Kamran Həsənlinin verilişinə. Verilişlərində hamıdan çox danışan, verilişlərini həmişə özünün təbliğatına, ağıllı, mədəniyyətli, bacarıqlı, intellektual adam kimi tanınmasına yönəldən, dəvət elədiklərinin sözünü kəsən, onların danışdıqlarını özünə sərfəli şəkildə montaj edən, hətta qonaqların mövqeyinə müdaxilə edən K. Həsənli bu verilişində də adətinə xilaf çıxmadı.

Baxın, verilişdə toy rəqslərindən kimlər danışırdı: “komediya aktyoru” Fərda, milləti kitab oxumamaqda, mədəniyyətsizlikdə ittiham edən, toylara getməməyinin səbəbini toyların səviyyəsizliyi ilə izah edən və psixoloq kimi təqdim olunan bir xanım. Digər dəvət olunan isə, səhv etmirəmsə, rəqqas idi, hansı səbəbdənsə rəqslərdən az danışdı.
Təsəvvür edin, verilişdə bir toyu nümunə kimi göstərib, milləti yenə də asıb-kəsməyə başladılar? Bəs deyil? Nə vaxta qədər telekannalarda millət haqqında təhqiramiz, aşağılayıcı ittihamlar, ifadələr baş alıb gedəcək? Azərbaycan xalqına qarşı telekanallarıda özbaşınalıq həddinə çatmış bu mənasız, yersiz, təhqirli ittihamlara, təhqirli “tənqidbazlıq” kampaniyasına nə vaxt son qoyulacaq? Niyə məsuliyyətsiz olmusunuz telekanal rəhbərləri? Niyə Fərda milləti tərbiyə eləməlidir? Niyə K.Həsənlinin, Elçin Əlibəylinin, “Günəbaxan”ın və başqalarının dəvət elədikləri adamlar xalqa bu qədər “ağıl”, “mədəniyyət” öyrətməlidir? Bəlkə, desinlər ki, tənqid edirik? Tənqid yoxdur, amma təhqir var. Bir də axı tənqid etməyi hər adam bacarmır, bu işi hər kəsə etibar eləmək, onu hər şairin, yazarın, müğənninin, psixoloqun, baş redaktorun öhdəsinə buraxmaq olmaz. Bu vəzifələr, heç də onu daşıyanların səviyyəsini, ağıl və intellekt mədəniyyətini göstərmir. Tənqidi elə edirsiniz ki, özünüzün də, dəvət elədiklərinizin də tənqid mədəniyyətinə, tənqidçi intellektinə, tənqid obyektivliyinə malik olmadığınız efirdə aşkar görünür.
Baxın, Kamran Həsənli, toy epoziduna, öz toyunda rəqs edənə “heç bir mənəvi dəyərə malik olmayan” qiymətini verir. Sizə bu səlahiyyəti kim verib ki, insanların həyatında sırf şəxsi məsələ olan toyunda necə oynamasını müzakirə edib, üstəlik bu adamları mənəviyyatsız adlandırırsınız? Bunun özü mənəviyyatsızlıq deyilmi? Digər təfəfdən, hansı isə istisna hallarını niyə millətin mədəniyyətinin, səviyyəsinin göstəricisi adlandırırsınız? Niyə xalqı ucdantutma səviyyəsiz, kitab oxumayan, mənəviyyatsız, mədəniyyətsiz, klassik musiqi dinləməyən, Kafkanı mütaliə etməyən, ağsaqqalı olmayan, 20 qəpik verib qəzet almayan kimi mənasız, əsassız, məsuliyyətsiz, özündənrazı, qeyri-obyektiv, saxta və mədəniyyətsiz ifadələrlə, ittihanlarla təhqir edirsiniz? Mədəniyyətsizliyinizə, savadsızlığınıza, qeyri-peşəkarlığınıza, istedadsızlığınıza və özünüzdənrazılıq xəstəliyinizə rəğmən xalqa, tamaşaçıya niyə qənim kəsilmisiniz? Sözlərimdən mütəəssir olub, təhqir olunmağınızı zənn edirsiz? Elə isə səviyyəsiz, mədəniyyətsiz, məsuliyyətsiz, qeyri-intellektual xislətinizi nümayiş etdirib, verişlişlərdə xalqı, tamaşaçıları təhqir etməyinizə, natamamlıq komplekslərinizə, “ağıldan bəla” olmağınıza, özünüzü yalandan intellekt sahibi, mədəniyyətli şəxs qismində sırımağınıza son qoyun.
Bəli, Azərbaycan telekanalları informasiya, estetika, əyləndirmə, tənqid, maarifləndirmə funksiyasından əl çəkib, xalqımıza qarşı ələsalma, təhqiretmə, ittihamçılıq, zövqsüzlük kampaniyasını həyata keçirir. Bu ölkədə telekanalların, müstəqil radioların özbaşınalığı, efir mədəniyyətizsizliyi, məsuliyyətsiziliyi, savadsızlığı həddini çoxdan və çox-çox aşıbdır, elə buna görə “ekspertləri” də öz səviyyələrində və keyfiyyətlərindədir və nəhayət, elə buna görə də əhali telekanallarımıza, onların verişlərinə tamaşa etmək istəmir!!! Nə yaxşı ki ölkəmizdə onlarla xarici kanala baxmaq imkanı var, yoxsa, telekanallarımızdan infarkt, əsəb xəstəliyi keçirənlərin sayı durmadan artardı...
Nə qədər mədəniyyətsiz, savadsız, aşağı şüurlu insan olmalısan ki, tənqid adı sırınan təhqirlərə, şou adı ilə yayımlanan mədəniyyətsiz və səviyyəsiz verilişlərə, komediya adı ilə sırınan mənasızlığa və teatr sənətinə zərrəcə aidiyyatı olmayan istedadlızlar yığnağına tamaşa edib bunlardan zövq ala biləsən? İnanmıram ki, özünə hörmət edən səviyyəli Azərbaycan insanı belə şeylərdən bir məna, zövq ala bilsin. İnanıram ki, telekanal tamaşaçılarının günbəgün azalmasının səbəbi elə özləridir. Bəs deyilmi, tamaşaçını bu qədər aşağılamaq? Özünün səviyyən aşağıdırsa, buna tamaşaçı, Azərbaycan insanı neyləsin?
Toyda rəqs etmək və necə rəqs etmək, cənab Kanran Həsənli, hər bir insanın şəxsi həvəsi və arzusudur. Əgər sizin meyarlarınızla və “tənqid ölçülərinizlə” yanaşsaq, elə sizin özünüz də ənənəvi rəqs qaydalarından, rəqs mədəniyyətindən kənar rəqs edirsiniz. Əvvəlcə özünüz və verilişə dəvər etdiyiniz kəslər rəqs etməyi, rəqs mədəniyyətinə malik olmağı bacarın, rəqsin nə demək olduğunu bilin, sonra insanlara “rəqs dərsi” öyrədin, amma təhqirlə yox, efir və şəxsiyyət mədəniyyətilə. O psixoloq xanımın toyları aşağılaması ilə qəti razı deyiləm. Dünyanın hər bir yerində olduğu kimi, bizdə də hər bir kəs öz toyunu istədiyi, arzuladığı kimi təşkil edir. Ona görə də, sizin, psixoloq xanım, səviyyəli hesab elədiyiniz toy, başqası üçün səviyyəsiz ola bilər.
Digər tərəfdən, verilişlərdə Avropadan savadsızcasına nümunələr göstərilməsinə son qoyulmalıdır. “Filan şey Avropada bu cür” deyə efirdə lovğalıqla millətə mədəniyyət öyrədənlər, əslində, savadsız və intellektual mədəniyyətdən kənar olduqlarını nümayiş etdirirlər. Avropadan elə danışırlar ki, sanki Avropa bunların ovcunun içində yerləşir və Avropada baş verən hər şeyi görür-bilirlər. Ay filankəslər, Avropa onlarla irili-xırdalı ölkə, xalq, dil, təfəkkür tərzi deməkdir; Avropa onlarla əxlaq və həyat tərzi, onlarla mədəniyyət və mədəniyyətlərə münasibət, seçim imkanı deməkdir; Avropa onlarla sosial təbəqə və qrup deməkdir; Avropa yüz min kvadrat kilometrlərlə ərazi, yüz milyonlarla insan deməkdir. Niyə özünüzü hər şeyi bilən kimi göstərib savadsızlığınıza, intellekt və mühakimə səviyyənizin aşağı həddinə, özünüzdən razılıq və tənqidbazlıq xəstələyinizə, millətə ağıl və mədəniyyət öyrətmək patologiyanıza, psixoloji komplekslərinizə, Avropanı əyalət təfəkkürü ilə tanıtmanıza əhalidə gülüş yaradırsınız, özünüzü bu qədər biabır eləyirsiniz?
“Avropada belə toy eləmirlər”, “Avropada ağsaqqal yoxdur”, “Avropada belə rəqs eləmirlər”, “Avropada hamı kitab oxuyur”, “Mən istəyirəm, müasir gənclərimizin ağsaqqalı Kafka olsun”, “Ağsaqqal 20 qəpik verib qəzet almır, qəzet oxumur”, “Avropada hamı klassik musiqi dinləyir”, “Avropalılarda belə əxlaq yoxdur”, “Avropalılar hündürdən danışmırlar”... Vallah, bizim telekannalar da, onların işçiləri və qonaqlarının əksəriyyəti də “Danabaş kəndinin əhvalatları”dır... Hamısı ucdantutma “avropaşünaslıq”, təhqirbazlıq, tənqidbazlıq, komediyabazlıq, şoubazlıq mərəzinə tutulub. Elə bil, bu ölkədə özünü intellektual, ağıllı, istedadlı və mədəniyyətli zənn edən nə qədər savadsız, məsuliyyətsiz, istedadsız varsa, nə qədər kitab oxumayan, klassik və müasir musiqini dinləməyən, teatra, operaya getməyən, Azərbaycan mədəniyyətinin və ənənələrinin, Azərbaycanın müasir intellektual durumunun, inkişafının, müasirliyinin nə demək olduğunu dərk etməyən varsa, medianın fəaliyyətinin nədən ibarət olduğunu, rəqsin, ağsaqqalın nə demək olduğunu biməyən varsa, bir-iki kitabdan oxuduğunu sitat gətirməyi xoşlayanlar, psixologiya, sosiologiya, kulturologiya terminləri ilə danışıb özünü savadlı göstərməkdən xəstəlik səviyyəsində zövq alanlar varsa, milli dəyərlərin həm də bəşəri dəyər olduğunu bilməyənlər, xalqa ağıl və mədəniyyət öyrətmək, onu ittiham etmək qədər mədəniyyətsiz olan insan varsa, hamısı kütləvi informasiya vasitələrinə toplaşıbdır və hamısı da məhz özü səviyyəsində olanları efirə qonaq, ekspert qismində çıxarır. Qadın, kişi aparıcıların rayon və kəndlərdən hazırladıqları verilişlərə baxanda, onların əhali ilə, ev yiyələri ilə necə danışdığını görəndə, dəhşətə gəlirəsən.
Bütün bunlar nədir? Maraqlı veriliş, aparıcılıq üslubu, mövzu, ənənələrin təbliği, jurnalist peşəkarlığı, davranış mədəniyyəti, maarifləndirmə, sual vermək etikası, peşəkarlıq, intellekt mədəniyyəti, vətəndaş təəssübü? Yox, heç biri deyil!
Yenə də qayıdıram Kamran Həsənlinin verilişinə. Bu verilişdə rejissor V. Mustafayevin “Fransız” filmindən qadının “Hopstop” oynamasını göstərib, həmin epizodu yenə də millətin ayağına yazdılar, onu mədəniyyətsizliyimizə, toylarımızın və rəqs edənlərizimin səviyyəsizliyinə nümunə göstərdilər. Əvvəla deyim ki, çox əsassız, məsuliyyətsiz, qeyri-obyektiv və təhqiramiz bir yanaşmadır. Filmə gəlincə, Azərbaycanda istehsal olunun istedadsız, qeyri-peşəkar filmlərdən biri də elə “Fransız”dır. Vaqif Mustafayev sənədli filmlər sahəsində nə qədər istedadlı, professional, uğurlu rejissor olsa da, Ramiz Həsənoğlu, Eldar Quliyev və digərləri kimi, o da bədii filmlər çəkməkdə bacarıqsızdır. Digər tərəfdən, niyə bu filmdə Azərbaycan qadını ağılsız, ruhi xəstə, mədəniyyətsiz təqdim olunur? Məgər Fransada ağıslız, dəli, gic, mədəniyyətsiz, əxlaqsız, hərəkətinin-danışığının-rəftarının yerini bilməyən qadınlar azdır? Amma indiyə qədər Fransa rejissorları ruhi xəstə olan fransız qadınını milli qadın obrazı kimi ümumləşdirib təqdim eləməyiblər, necə ki bunu V.Mustafayev böyük həvəslə eləyib və xalqımızın qadınını böyük həvəslə təhqir elədiyi bu filmini Azərbaycan rejissorluq sənətinin böyük bir nümunəsi sayır...
Mən 30 ildən artıqdır toylara dəvət olunuram və gedirəm. Azərbaycanın şəhərlərində, rayonlarında, kəndlərində, Bakıda, Bakıətrafı kəndlərdə toylarda olmuşam, varlı, kasıb toylarına getmişəm, hər cür toy görmüşəm. Amma indiyə qədər toylarda qadınların “Hopstop” oynamasını görməmişəm. Vaqif Mustafayevin filmində Azərbaycan qadınının gic, ruhi xəstə kimi çəkilməsi, bu qadının “Hopstop” oynaması Azərbaycan qadınını təhqir eləməkdən, ona böhtan atmaqdan başqa bir şey deyil.
Əgər soruşsaq ki, öz ananız, sevgiliniz, qadınınız, bacınız toylarda “Hopstop” oynayır və bu səbəbdən Azərbaycan qadınını filmdə də, verilişdə də bu sayaq çəkmisiniz, - yəqin bu sualı özlərinə təhqir sayarlar? Yox, əgər verilişə dəvət elədiklərinizin də, “Spase”də işləyənlərin anası, bacısı, xalası, bibisi, qaynanası, qudası, qızı, gəlini, qadını indiyə qədər bir dəfə olsun toylarda “Hopstop” oynamayıbsa, onda niyə Azərbaycan qadınını təhqir edirsiniz, onun guya bu sayaq rəqs oynamasını milli əxlaqsızlıq kimi təbliğ edirsiniz? Azərbaycan qadınını filmlərdə, verilişlərdə niyə aşağılayırsınız, Azərbaycanı qadın hüquqlarının pozulduğu, qadınların rəqs edə bilmədiyi ölkə kimi tanıdırsınız? Bu rəqsi oynayan qadını rejissor, K.Həsənli və verilişə dəvət olunub xalqa mədəniyyət öyrətməyi özünə rəva bilən “mədəniyyətli ekspertlər” harada və hansı toyda görüblər? Ya bu suala dəqiq yeri, ünvanı göstərilməklə, əyani cavab verin, ya da Azərbaycan qadınını verilişdə belə obrazda təqdim elədiyiniz üçün efirdə xalqdan üzr istəyin!
Kamran Həsənli, Azərbaycan rəqs folkloruna məxsus qadın rəqslərimizin xoreoqrafiyasında, sizin ironiyanızın əksinə olaraq, “hoppanmaq” hərəkətləri var! Siz belə rəqs hərəkətini qadın mədəniyyətinə və əxlaqına zidd saymağınızla, ekspertləriniz kimi, əslində, bu sahədə savadsız olduğunuzu nümayiş elədiniz.
Bütün qədim və zəngin mədəniyyət yaradan xalqların ənənəvi rəqs mədəniyyətində qadın xoreoqrafiyası cəld, oynaq əl-ayaq hərəkətlərinə malikdir. Məsələn, slavyan xalqlarının qopak, polka, xorovod, menuet və digər onlarla ənənəvi rəqsləri var ki, slavyan qadınları onları məhz geniş əl-ayaq hərəkətləri ilə, siz deyən ki, hoppanma hərəkətləri ilə ifa edirlər. Yaxud o rəqs hərəkətlərini ki, siz mədəniyyətsizlik və mənviyyatsızlıq adlandırırsınız, alman, fransa, ispan ənənəvi rəqslərində də mövcuddurlar. Qədim Asiya, Şərq, Avropa xalqlarının mərasim, toy, bayram, şənlik rəqslərini yaxşı öyrənsəniz, onların xoreoqrafiyasında da qadınların bu cür geniş diapazonlu əl-ayaq hərəkətlərini görərsiniz.
Bilin ki, peşəkar xoreoqraflarımız XX əsrin əvvəllərində xalq rəqslərini səhnəyə gətirəndə, onları öz funksional mənsubluğundan ayırıb səhnə rəqsinə daxil edəndə, onlara fərdi quruluşlarını verəndə, təəssüf ki, Azərbaycanın xalq xoreoqrafiyasını mükəmməl öyrənməyiblər. 1930-1980-ci illərdə heç bir peşəkar xoreoqrafımız diyar-diyar gəzib xalqımızın ənənəvi folklor xoreoqrafiyasını, bu xoreoqrafiyanın hərəkətlər kompleksini, onların semantikasını öyrənməyiblər. Odur ki, illərdir peşəkar rəqs kollektivlərimiz xalq rəqslərini ifa edəndə xoreoqrafik hərəkətlərində eynilik, təkrarlanma müşahidə olunur. Məsələn, kişilər rəqs edəndə hərəkətləri belədir: ya qollar açılmış vəziyyət, ya çarpaz əllərin çarpaz vəziyyəti, ya da bir əl başda, digəri açıq vəziyyətdə, vəssalam. Qadınların xoreoqrafik hərəkətləri də eynitiplidir və hər dəfə eyni hərəkətlər kompleksi ayrı-ayrı rəqs musiqisinin ritminə, melodik quruluşuna uyğun şəkildə təkrar edilir. Diqqət etsək görərik ki, istər qadınların, istər kişilərin peşəkar rəqs xoreoqrafiyasında Dağıstan, Gürcüstan, avar rəqs hərəkətləri ilə eynilik vardır. Şübhəsiz, bunun bir səbəbi də, eyni region xalqlarının eynitipli xoreoqrafiyasıdır. Amma xalqımızın özümənəməxsus, zəngin rəqs xoreoqrafiyası da olubdur, illərlə öyrənilmədiyi üçün, səhnədə rəqs quruluşlarında dəqiq və geniş tətbiq olunmadığı üçün get-gedə unudulublar, ona görə indi hamımız eyni hərəkətlər ilə rəqs edirik.
Yenə də qadın rəqslərinə qayıdıram. Nahaq yerə, qadın rəqslərindəki cəld əl-ayaq hərəkətlərini mədəniyyətsizlik adlandırıb, təhqir edir və bu sahədə savadsızlıq göstərirsiniz. Məgər qədim yallı və halay rəqslərimizdə qadınların cəld ayaq hərəkətləri yoxdurmu? Naxçıvan yallıları haqqında çəkilən sənədli filmə baxın. Orada peşəkar rəqs kollektivinin Naxçıvan yallılarını necə, hansı hərəkətlər kompleksi ilə ifa etməsinə diqqət kəsilin. Bunu da bacarmırsınızsa, onda görkəmli rəqqasə və xoreoqraf Əminə Dilbazinin vaxtlə “Çinar” qızlar ansamblına verdiyi rəqs quruluşlarına tamaşa edin. Görərsiniz ki, bütün dünya xalqılarında olduğu kimi, bizdə də qadın rəqslərinin xoreoqrafiyası cəld əl-ayaq hərəkətlərini inkar eləmir.
Amma fərqinə varmalıyıq ki, qadın rəqslərində cəldliyin ritm diapazonu və hərəkət həddi var. Bu həddin özü də ənənə səciyyəsi daşıyır və rəqs psixologiyasına aiddir. O, rəqs sənətinin özünəməxsus qaydalarından və “tabu” sistemindən irəli gəlir. Məhz rəqs xoreoqrafiyasının etnopsixoloji ənənəsi qadınlara “Hopstop” rəqsini oynamağa yol vermir. Azərbaycan qadınının və rəqs mədəniyyətimizin “Spase” kanalında K.Həsənli tərəfindən təhqir olunması artıq teleaparıcıların öz problemidir. Qadınların cəld oynamasını mədəniyyətsizlik və mənəviyyatsızlıq kimi təqdim edənlərə onu da xatırlatmaq istəyirəm ki, bütün müasir bal rəqsləri də qadının nəinki əl-ayaq, hətta əksər bədən üzvlərinin hərəkətləri ilə ifa olunur. Hətta barlarda, restoranlarda qadınlar siqaretlə də rəqs edirlər ki, Avropa insanı buna normal baxır. K.Həsənli öz qonaqları ilə “ağıllı” və “müasir” görünmək üçün bunu “Avropa mədəniyyəti” adı ilə tərifləyir, amma öz toylarımızda qadınların bədən üzvlərinin rəqs hərəkətlərini mənəviyyatsızlıq sayırlar.
Rəqs – jestlərin, hərəkətlərin dilidir, rəqs insanlığın ünsiyyət növlərindən biridir. Amma rəqslərin bir keyfiyyəti də var. Rəqs – insanın azadlıq hissinin, səmimiliyinin ifadəsidir. İnsanın rəqs zamanı hərəkətlərində tam müstəqil olması, istədiyi hərəkətlər ilə rəqs etməsi, rəqs sənətinin daxili azadlıq hissi və mənəvi azadlığın ifadəsi kimi yaranmasıdır. Digər tərəfdən, səmimi, humanist, mənən azad olmayan, özündən razı, qeyri-səmimi, ruhi və insani baxımdan xəstə olan kəslər rəqs etməyə o qədər meylli olmurlar, rəqslərlə özünüifadə məsələsində psixoloji komplekslər yaşayırlar.
Mən Azərbaycan toylarında insanların yeməkdən çox rəqs etməyə meylli olmalarını, azərbaycanlıların rəqs etməkdə heç bir kompleks daşımadırlarını, bununla səmimi və humanist bir xalq olduğunu yüksək mədəniyyət və mənəviyyat göstəricisi sayıram. Budur, toyda hər bir qadın-kişi, ata-bala, ana-gəlin, dost cütlüyü rəqs edir, hər biri rəqsin ritmini düz müəyyənləşdirir, amma hər birində rəqs azadlığı, daxili səmimilik hiss olunur.
Qadınlarımızın toylarda ərləri, oğulları, gəlinləri ilə rəqsləri elə bir gösəllik və mədəniyyətdir ki, bunu yalnız mədəniyyəti olan və estetik gözəllik hissinə malik olan insanlar anlaya bilər. Toylarda bir-birini tanımayan insanların əl-ələ verib halay, yallı getmələri, duet (ikili) rəqslər oynamaları o qədər səmimi, mədəni, sivildir ki, bundan sonra rəqsin insanları, cəmiyyəti eyni bir ritm ərtafında birləşdirə bilməsinə şübhən qalmır.
Təbiətində qeyri-səmimilik, yalan, qarayaxma, bədxahlıq olanlar, saxta xislətlilər, natamamlıq kompleksləri daşıyanlar isə Azərbaycan insanının toylardakı rəqslərində həmişə mədəniyyətsizlik, mənəviyyatsızlıq, ziddiyyət, əxlaqsızlıq, qaydasızlıq axtarır, bunlar olmadıqda belə, yalançı şərh və yozumlarla “ekspertlik”, “mütəxəsisslik”, “aparıcılıq” edirlər. Belələrinin nəzərinə çatdırım ki, hətta toyalarımıza dəvət olunan əcnəbilər də bizim rəqslərimizin səmimiliyindən qaça bilmir, bacarmasalar belə, bu səmimi və azad rəqs etməyimizə qoşulurlar.
Qoy, Kamran Həsənli elə bilməsin ki, mənim rəqslərlə, xalqımızın yüksək mədəni və mənəvi səviyyəsi ilə bağlı ona və digər telekanal aparıcılarına, bu aparıcıların sevilmli “ekspert”lərinə verəcəyim dərs elə bu qədərdir. Yox. Amma özünə nəticə çıxara bilən tərbiyəli, mədəni, bilikli və istedadlı insan üçün bu qədər dərs almaq da kifayət edər.