Modern.az

Qarabağ müharibəsinin narazı veteranları nazirlə görüşmək istəyir

Qarabağ müharibəsinin narazı veteranları nazirlə görüşmək istəyir

Ölkə

15 Dekabr 2013, 22:58

Azərbaycanın bir qrup Qarabağ müharibəsi veteranı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla görüşə hazırlaşır. Bu barədə Modern.az saytına Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov məlumat verib. Onun sözlərinə görə, nazirin qəbuluna düşmək istəyən veteranların şikayəti onalara verilməli olan müavinətin kəsilməsi ilə bağlıdır.  

”Məsələ belədir. Ötən ilin may ayından başlayaraq, Qarabağ müharibəsində iştirak etmiş ehtiyatda və istefada olan hərbi qulluqçulara dövlət tərəfindən verilən müavinəti dayandırıblar. Biz müharibə veteranları olaraq bunun nəyə əsasən edildiyini soruşşasaq da, heç kim əməlli-başlı cavab vermir. Amma, paradoks ondan ibarətdir ki, hazırda hərbi xidmətdə olan müharibə veteranlarına və iştrakçılarına 35 manat müavinət verilir. Problemlə üzləşənlər yalnız ehtiyatda və istefada olan zabitlərdir”.

Üzeyir Cəfərovun sözlərinə görə, Azərbaycanla müharibə aparan düşmən ölkədə, harda ki iqtisadi vəziyyəti bizdən qat-qat aşağıdır, öz müharibə iştrakçılarına 50 ABŞ dolları məbləğində müavinat verilir.

“Amma Qarabağ müharibəsində döyüşmüş biz ehtiyatda və istefada olan zabitlərə verilməsi dayandırılan müavinətlərə görə 1 qara qəpik də ayrılmır. Niyə və hansı səbəbə görə? Axı belə olamamalıdır!”.

Qarabağ veteranı olan polkovnik-leytenantın sözlərinə görə, bu həftə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun qəbuluna gedəcək və onları narazı salan məsələyə cavab istəyəcəklər.

”Əgər bizim səsimiz eşidilməzsə, birbaşa dövlət başçısına müraciət edəcəyik. Mənimlə bərabər ehtiyatda olan zabitlər Tərlan Eyvazov, Daşdəmir Əliyev də Səlim Müslümovla görüşmək istəyir”.

Ü.Cəfərovun sözlərinə görə, Azərbaycanda Qarabağ müharibəsi veteranlarını çox əcaib şəkildə 2 kateqoriyaya ayırıblar, bir qrupuna müavinət verilir, digər qrupuna isə yox.

Dünyanın heç bir yerində belə bir əcaib vəziyyət yoxdur. Ona görə də biz mütləq bu vəziyyətə aydınlıq gətirilməsini istəyəcəyik”.

Ü.Cəfərov təəssüflə bildirib ki, hazırda dövlətdən müavinət alanlar içərisində Qarabağda döyüşmədən saxta yollarla “Veteran vəsiqəsi” alanlar da var, amma müharibənin gerçək iştirakçıları olan onlar bu imtiyazdan haqsız yerə məhrum ediliblər…

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı