Modern.az

Vəzifəli xanımlar: Azərbaycan qadınları idarəetmənin sükanını əlinə alır

Vəzifəli xanımlar: Azərbaycan qadınları idarəetmənin sükanını əlinə alır

Ölkə

18 Dekabr 2013, 13:12

“Hər bir kişinin arxasında güclü qadın dayanır” fikri artıq çağdaş zəmanənin tələblərində özünü doğrultmur. İndi qadınlar kişinin arxasında deyil, onunla birgə addımlayırlar. Kişilərlə yanaşı qadınlar da idarəetmədə birgə fəaliyyət göstərir, yüksək postlar tuturlar. Elə rəqəmlərə baxsaq görərik ki, qadınlar vəzifə bölgüsündə heç də kişilərdən geri qalmır. Əvvəllər zərif cinsin cəmiyyətdə əldə etdiyi nailiyyətlər həkim və müəllim peşəsinə yiyələnməklə məhdudlaşırdısa, zaman keçdikcə müxtəlif peşə sahələri üzrə qadınların cəmiyyətdəki rolu artmağa başladı. Bununla da qadın tək həkim və müəllim sənətinə yiyələnməklə deyil,  həmçinin millət vəkili, təşkilat rəhbəri, başçı, müavin kimi vəzifələrə sahib olmaq şansı qazandı.

Qadınların işində daha peşəkar, ciddi və tələbkar olduğunu nəzərə alaraq Prezident Administrasiyası bütün rayon icra hakimiyyətlərinə qadınların yüksək vəzifədə təmsil olunması ilə bağlı ciddi göstəriş verib. Modern.az-ın əldə etdiyi məlumata görə, göstərişə əsasən bütün rayon icra başçısının müavinlərindən biri mütləq qadın olmalıdır. Bu yaxınlarda Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov müavinlərindən birini xanımla əvəzlədi.

Ümumiyyətlə icra strukturlarında çalışan xanımların say göstəricisi yüksəkdir. Belə ki, 35 icra hakimiyyəti başçısının müavini qadındır. Bundan başqa, digər sahələrdə yüksək vəzifə tutan qadınların sayı üstünlük təşkil edir. Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,4 faizdir. Ümumi təhsil müəssisələrində müəllimlərin 76,3 faizi, orta ixtisas təhsil müəssisələrində 77,4 faizi, ali təhsil müəssisələrində 49 faizi, həkimlərin isə 63,9 faizi qadınlardır. Bütün dövrlərdə təhsil sistemində qızların say hesabı ilə oğlanları üstələməsi artıq adi hal alıb.

 

Hesablamalara görə, ümumi təhsil müəssisələrində şagirdlərin 45,9 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66,3 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48 faizi qızlardır.

Elmin inkişafında da qadınların müstəsna rolu danılmazdır. Belə ki, doktorantların 30,8 faizini, bütün elmi işçilərin isə 53,6 faizini qadınlar təşkil edir. Son 5 ildə tədqiqat və işləmələrlə məşğul olanlardan elmlər doktoru dərəcəsi olan qadınların sayı 25,2 faiz, fəlsəfə elmləri doktoru dərəcəsi olan qadınların sayı isə 15 faiz artıb. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 11-i, akademiklərdən 3-ü qadındır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28 faizdir. Azərbaycan reallığında biznes və sahibkarlıq qadın işi olmasa da son dövrlərdə bu sahədə çalışan qadınların sayında da artım var. Belə ki, sahibkarlıqla məşğul olan xanımlar 17 faiz təşkil edir. İdman meydançalarında daha çox kişiləri görməyə alışsaq da, zərif cinsin nümayəndələri bu sahədə də onlardan geri qalmır. Bədən tərbiyəsi və idmanla məşğul olanların 39,8 faizi qadınlardır.


Milli Məclisdə qadın millət vəkillərinin sayı da günü-gündən artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkə parlamentində qadınların xüsusi çəkisi 16 faizə çatıb. 4-cü çağırış Milli Məclisə keçirilən seçkilərin nəticələri parlamentdə qadın deputatların sayının artdığını deməyə əsas verir. Qeyd edək ki, 3-cü çağırış Milli Məclisdə xanım millət vəkillərinin sayı 14 nəfər idi. Budəfəki seçki nəticəsində parlamentə 20 qadın seçilə bildi.

 

Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən son bələdiyyə seçkilərində 5 dəfə artaraq 4194 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 26,1 faiz olub. Əvvəlki bələdiyyə seçkilərində bu göstərici 4,0 faiz təşkil edib.


Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, 2005-ci ildə onların sayı 2285 nəfər olduğu halda, 2012-ci ildə 7411 nəfərə çatıb.
Bundan başqa Azərbaycanda parlament sədrinin 3 müavinindən 1-i, Auditorlar Palatasının 3 sədr müavinindən 1-i, 1 dövlət komitəsinin sədri, 1 dövlət komissiyasının sədri, 3 nazir müavini, İnsan Hüquqları üzrə müvəkkil, Naxçıvan MR Nazirlər Kabinetinin sədr müavini, Konstitusiya Məhkəməsinin sədr müavini qadındır.

 

Beləliklə, Azərbaycan qadınları cəmiyyətimizin tam hüquqlu üzvləri kimi ölkənin sosial, iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak etdiklərini rəqəmlər də isbatlayır.

 

  Gültəkin ƏLƏSGƏR  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı