Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhərində bir neçə məktəbəqədər tərbiyə müəssisəsində qidalanmanın dövlət standartına uyğunluğu araşdırılıb. Komitədən Modern.az-a verilən məlumata görə, Keşlə qəsəbəsindəki 309 nömrəli, Səbail rayonundakı 157 nömrəli, Binəqədi rayonundakı 215 nömrəli körpələr evi-uşaq bağçasında aparılan araşdırmalar nəticəsində bağçalarda AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tələbləri pozulub.
Yoxlama zamanı adıçəkilən bağçalarda müvafiq qaydada təsdiq olunumuş menyunun mövcud olmadığı, yeməklərin texnoloji normalar və resepturalar olmadan, sanitariya və gigiyena qaydalarına əməl olunmadan hazırlandığı aşkar edilib. Bundan başqa müəssisələrdə dövlət standartında nəzərdə tutulan istehsalat sahələri, ərzaq xammalı və qida məhsullarının brakeraj jurnalı mövcud deyil, verilməsi nəzərdə tutulan yeməklərin ekspertizası məqsədilə nümunələr götürülmür. Xətai rayonunda yerləşən 55 saylı körpələr evi-uşaq bağçasında keçirilən dövlət nəzarəti nəticəsində də AZS 747-2013 dövlət standartının tələblərinə riayət olunmadığı məlum olub. Belə ki, müəssisənin anbarında və soyuducularda ərzaq məhsulları mal qonşuluğu qaydalarına və temperatur rejiminə düzgün əməl olunmadan saxlanılır, o cümlədən anbarda bir neçə gəmiricilərin yuvasının olduğu, markalanma nişanı olmayan un kisəsinin içərisində unun zərərvericilərə yoluxması, kiçik mətbəxdə vaxtı keçmiş süd məhsulunun olduğu aşkar edilib. Müəssisənin tibb işçisinin verilən yeməklərin kalorilik, zülal, yağ və karbohidratlarının miqdarını hesablamadığı, yeməklərdən nümunə götürülmədən uşaqlara verildiyi müşahidə edilib. Müəssisədə aşkarlanan yararsız halda olan məhsullar aktlaşdırılmış, müəssisə rəhbərlərinə tələbnamə və iradnamə verilib.
Gültəkin ƏLƏSGƏR