Modern.az

“Zəng etdim Hacıbala Abutalıbova, dedim bu nə məsələdir? Dedi ki, belə şey ola bilməz”

“Zəng etdim Hacıbala Abutalıbova, dedim bu nə məsələdir? Dedi ki, belə şey ola bilməz”

Ölkə

24 Dekabr 2013, 10:21


Dekabrın 23-də Prezident İlham Əliyevin sədrliyi ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfrans keçirilib.

Konfransda yekin nitqi söyləyən prezident İlham Əliyev deyib ki, 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası paytaxtın abadlaşması üçün çox böyük addım olub.

“Növbəti illərdə Bakının və onun qəsəbələrinin infrastruktur obyektlərinə daha da böyük diqqət göstərilməlidir”-deyən ölkə başçısı bildirib ki, Bakı şəhərində və bölgələrdə elektrik yarımstansiyalarının tikintisi nəzərdə tutulmalıdır.
“Hazırda Bakıda yeni böyük elektrik stansiyası tikilir – “Şimal-2”. Ola bilər ki, bir dənə də böyük stansiyanın tikintisinə ehtiyac olacaqdır. Ötürücü xətlər də yenilənir. Ötürücü xətlərin yerin altına salınması prosesi də gedir. Biz buna da nail oluruq. Bir sözlə, elektrik təchizatı ilə hazırda şəhərdə heç bir problem yoxdur. Ancaq gələcəyə baxmaq lazımdır və daim bu sahə diqqət mərkəzində olmalıdır.
Qazlaşdırma da demək olar ki, Bakı şəhərində öz həllini tapmışdır. Qazlaşdırma 96 faizdir. Qazlaşdırılmayan məntəqələr, yerlər də qazlaşdırılmalıdır ki, Bakı şəhəri 100 faiz qazla təmin edilsin...
...İçməli su və kanalizasiya layihələri isə bu gün deyə bilərəm ki, Bakı üçün, ölkəmiz üçün ən vacib olan məsələdir. İndi ölkə üzrə hər bir yerdə içməli su, kanalizasiya layihələri icra edilir. Bəzi rayon mərkəzlərində, şəhərlərdə artıq bu, icra edilibdir. Bu da tarixi nailiyyətdir. Çünki biz həmişə sudan əziyyət çəkirdik, su qıtlığını yaşayırdıq. Azərbaycanda kanalizasiya sistemi nasaz vəziyyətdə idi. İçməli su ilə də problemlər var idi, fasilələrlə verilirdi. Bu gün də hələ Bakının bir hissəsi fasilələrlə içməli su alır. Yəni, bu sahəyə də göstərilən diqqət öz nəticəsini verir. Ümid edirəm ki, növbəti illərdə bu məsələ tam şəkildə öz həllini tapacaqdır. Oğuz-Qəbələ-Bakı, Taxtakörpü su kəmərləri, su anbarları və gələcək illərdə görüləcək işlər imkan verəcəkdir ki, biz bu problemi tam şəkildə həll edək. Bakıda ən müasir standartlara cavab verən kanalizasiya sistemi və yeni su xətləri yaradılmalıdır, yaradılacaqdır və bu məsələ birdəfəlik öz həllini tapacaqdır.
Eyni zamanda, istilik sisteminin bərpası prosesi gedir. Hələ görüləsi işlər çoxdur. Biz çalışmalıyıq ki, Bakıda istiliyi 100 faiz təmin edək. Bu, həm bir tərəfdən sosial bir layihədir, eyni zamanda, istilik olan yerdə elektrik enerjisinə tələbat da azalır. Çünki qış aylarında qızdırıcılara ehtiyac qalmayacaqdır. Yəni, bu işlər kompleks şəkildə öz həllini tapacaqdır. Mən buna şübhə etmirəm. Sadəcə olaraq istəyirəm ki, bu, tezliklə öz həllini tapsın. Vaxtilə elektrik enerjisi ilə olan problemlər də öz həllini tapmışdır. O vaxt mən demişdim ki, həm ölkə üzrə, o cümlədən Bakı şəhərində düzdür, çətinliklər, problemlər var idi. “Bakıelektrikşəbəkə”ni biz dövlət nəzarətinə qaytardıq. Ondan sonra investisiya da qoyuldu və məsələ öz həllini tapmağa başladı. Çətinliklər hər yerdə vardır. O vaxt mən yaxşı xatırlayıram, demişəm, elə olmalıdır ki, hər bir yerdə, hər bir evdə hər bir vətəndaş düyməni basıb elektrik enerjisi almalıdır”.

Prezident deyib ki, elə olmalıdır ki, hər bir vətəndaş evində kranı açıb suyu ala bilsin, istilik də, qaz da, işıq da olmalıdır.

“Yəni, bu, hansısa böyük qəhrəmanlıq deyildir. Bu, təbii ehtiyaclardır. Biz bunu təmin etməliyik. Vaxtilə bunlar olmayıbdır. Həmişə bizim vətəndaşlarımız əziyyət çəkiblər. Ancaq olmalıdır və olacaqdır. Azərbaycan kimi inkişafda olan ölkədə, Bakı kimi gözəl bir şəhərdə biz belə problemləri saxlaya bilmərik, buna dözə bilmərik.
Ona görə, növbəti illərdə bu, həm dövlət investisiya proqramında nəzərdə tutulacaqdır, eyni zamanda, bütün işlər yüksək keyfiyyətlə və qısa müddət ərzində öz həllini tapmalıdır. Bakıda içməli su ilə təminat yaxşılaşıb. Son iki il ərzində böyük inkişaf, irəliləyiş vardır. Elə etməliyik ki, növbəti üç il ərzində Bakı şəhərində su, kanalizasiya problemi olmasın. Bir daha demək istəyirəm ki, bütün bu işlər dünyanın ən yüksək standartlarına cavab verməlidir”.

İlham Əliyev Bakının lift təsərrüfatı haqqında danışaraq, bunu çox vacib məsələ adlandırıb.

“Mənə məlumat verildi ki, böyük problemlər vardır. Bəzi hallarda işləmir, köhnəlib, nasaz vəziyyətdədir. Ona görə, qərar qəbul edildi ki, biz dünyanın aparıcı firmalarının istehsalı olan liftləri Bakıya gətirək. Nəinki Bakıda, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində də lift təsərrüfatı yenilənir. Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdır. İndi burada məlumat verildi ki, min ədəd lift gətirilmişdir, quraşdırılır. Növbəti illərdə biz Bakının lift təsərrüfatını tam şəkildə yenidən qurmalıyıq. Bu da bundan sonra onilliklər ərzində bu məsələnin həllini təmin edəcəkdir.
Eyni zamanda, yaşayış binalarının həyətləri də abadlaşmalıdır. İndi Bakıda müxtəlif yerlərdə, - bu gün bu barədə mən dedim, - parklar, bağlar salınır. Elə etməliyik ki, insanların yaşadıqları evlərin həyətləri də abadlaşdırılsın, harada mümkündürsə kiçik idman meydançaları tikilsin. İnsanların rahatlığı üçün nə lazımdırsa biz bunu etməliyik və edəcəyik”.

Prezidentin sözlərinə görə, Bakının, xüsusilə onun qəsəbələrinin ən ciddi problemlərindən biri yol təsərrüfatıdır.

“Bakı qəsəbələrində bu Proqram başlamazdan əvvəl əksər yollar torpaq yollar idi. Yağış yağan kimi o yollar bərbad vəziyyətə düşürdü. Ümumiyyətlə, biz Bakıda, qəsəbələrdə torpaq yollarını aradan qaldırmalı idik və bu məqsədlə Proqramda konkret tədbirlər planı nəzərdə tutulmuşdur. Düzdür, bu məsələlər kanalizasiya və su xətlərinin çəkilişi ilə uzlaşmalıdır. Çünki ilk növbədə kommunikasiyalar çəkilməlidir, ondan sonra yollar salınmalıdır. Burada həm şəhər icra hakimiyyəti, həm də İqtisadiyyat və Sənaye Nazirliyi nəzarət edirlər ki, bu məsələlər paralel şəkildə öz həllini tapsın.
Qəsəbələrarası yollar yenidən qurulur. Biz artıq bunu görürük. Bu iş gələcəkdə davam etdiriləcəkdir. Qəsəbədaxili yollar bir qədər diqqətdən kənarda qalır. Ancaq qəsəbələrə tez-tez səfər edərkən vəziyyətlə maraqlanıram. Hələ ki, görüləsi işlər çoxdur. Biz çalışmalıyıq ki, Bakı qəsəbələrində daxili yolların hamısı asfalt yollar olsun. Orada bir dənə də torpaq yol qalmamalıdır. Ona görə, növbəti Proqramda bu məsələlər öz həllini tapmalıdır. Konkret hər qəsəbə üzrə Proqramda göstərilməlidir ki, neçə kilometr yol çəkiləcəkdir. Bunun çəkilmə müddəti göstərilməlidir ki, bu məsələ də birdəfəlik şəkildə öz həllini tapsın”.

Şəhər nəqliyyatı ilə bağlı son illərdə irəliləyiş olduğunu söyləyən İlham Əliyev deyib ki, Bakı kimi gözəl şəhər üçün daha da gözəl avtobuslar gətirilməlidir.

“Mən artıq müvafiq göstərişlər verdim. İndi baxmaq lazımdır ya özəl qurumlar, ya Nəqliyyat Nazirliyi, ya Bakı Şəhər İcra Hakimiyyəti, ya hər birisi bu işlə məşğul olsun. Mən burada istisna etmirəm ki, dövlət xətti ilə də yeni avtobusların gətirilməsi təmin edilə bilər. İnsanlar üçün lazım olan, insanları narahat edən məsələlərdə dövlət nəzarəti çox güclü olmalıdır. Ona görə, biz Azərbaycanda strateji infrastrukturu dövlət nəzarəti altında saxlayırıq. “Azərsu”, “Azəristilik”, “Azəriqaz”, əlbəttə ki, Neft Şirkəti, “Azərenerji”, “Bakıelektrikşəbəkə”, metro və digər sahələr dövlət nəzarətindədir.
Ona görə, dövlət orada tarif siyasətini uğurla apara bilər. Bildiyiniz kimi, Azərbaycanda olan kommunal tariflər dünya miqyasında ən aşağı yerlərdədir. Dövlət investisiyaları da cəlb edilə bilər bu sahələrə. Ona görə şəhər nəqliyyatı ilə bağlı məsələyə baxmaq lazımdır, təkliflər verilməlidir. Xüsusilə əlavə avtobuslar, taksilər alınmalıdır ki, insanlar özlərini daha da rahat hiss etsinlər.
Metro tikintisi Azərbaycanda geniş vüsət almalıdır. Konkret Proqram qəbul edilibdir. Metro tikintisi ilə bağlı xüsusi müşavirə də keçirmişdim. Hazırda bizdə 23 stansiya vardır. Son illərdə bir neçə stansiya tikilmişdir. Ancaq Proqrama əsasən 2035-ci ilə qədər Azərbaycanda, Bakıda 70 stansiya tikilməlidir. Deməli, hər il minimum 2 stansiya tikilməlidir. Buna biz nail olmalıyıq. Düzdür, bu çox böyük vəsait tələb edən, sırf sosial xarakter daşıyan məsələdir. Çünki bu gün metro tarifləri heç metronun ehtiyaclarının beşdə birini ödəmir. Dövlət tərəfindən subsidiyalar verilir. Bunu da istəyirəm əhali bilsin ki, metro ancaq dövlət subsidiyaları hesabına fəaliyyət göstərir. Əlbəttə, nə qədər çox stansiya tikilərsə dövlət büdcəsinə bir o qədər də çox yük olacaqdır. Ancaq biz bu sahəyə digər kommunal sahələr kimi sosial prizmadan yanaşırıq.
Bizdə qaz tarifləri də ən aşağı səviyyədədir. Qonşu ölkələrlə müqayisədə bizdə qaz tarifləri aşağıdır. Su tarifləri də həmçinin, benzin də həmçinin, elektrik enerjisi də. Yəni, bütün bunları dövlət tənzimləyir. Bütün bunlar dövlət tərəfindən ödənilir. O cümlədən, metro tikintisi də dövlət investisiyası hesabına icra edilir. Metronun istismarı da bir daha demək istəyirəm ki, subsidiyalar əsasında öz həllini tapır”.


Prezident deyib ki, uşaq bağçaları problemi çox ciddi problemdir. “Deyə bilərəm ki, uşaq bağçaları ilə təminat təqribən 20-25 faizdir. Ona görə, biz növbəti illərdə uşaq bağçalarının tikintisinə, təmirinə böyük diqqət verməliyik. Yaxşı ki, vaxtilə - sovet dövründə həm məktəblər, həm uşaq bağçaları elə tikilmişdi ki, onların həyəti çox genişdir, böyükdür və orada yeni korpuslar tikmək mümkündür. Bu imkandan da istifadə etməliyik. Ondan sonra yeni yerlər müəyyən edilməlidir. Yeni yaşayış binaları, yeni massivlər tikilərkən orada məktəb və uşaq bağçası nəzərdə tutulmalıdır. Bunsuz tikinti üçün icazə verilməməlidir. Biz çalışmalıyıq, maksimum dərəcədə insanları uşaq bağçaları ilə təmin edək ki, bu məsələ də öz həllini tapsın”.
 
Ölkə başçısı deyib ki, tibb ocaqları bərpa edilir, Bakı şəhərində yeniləri tikilir. 150-dən çox tibb müəssisəsi var. Onlardan son illər ərzində 41-i təmir edilib və tikilib, 13 müəssisədə təmir işləri gedir.
“Bakıda böyük Sağlamlıq Mərkəzi tikilir. Tibbi xidmət əlbəttə ki, yüksək səviyyədə olmalıdır. Yəni, bu da sosial infrastrukturun yaradılması deməkdir. Bu məsələ də daim diqqət mərkəzindədir. Qəbul ediləcək növbəti proqramda da əlbəttə ki, bu məsələlər öz həllini tapacaqdır.
Ekoloji tədbirlər görülür və görüləcəkdir. Əfsuslar olsun ki, Bakıda 200 ilə yaxın davam edən neft istehsalı ekologiyaya böyük dərəcədə ziyan vurmuşdur. Bu ziyanı biz indi aradan götürürük. Bu, çox çətin, çox böyük vəsait tələb edən məsələdir. Bakıda neftlə, digər tullantılarla çirklənmiş kifayət qədər yerlər vardır. Siz də bunu yaxı bilirsiniz, mən də yaxşı bilirəm. Biz bu yerləri tədricən təmizləyirik, rekultivasiya aparılır. Bu gün çıxışlarda bu, səsləndi.
Bu, böyük vəsait və vaxt tələb edir”.

Bakının ekoloji vəziyyətindən danışan İlham Əliyev deyib ki, şəhərəətrafı yerlərdə çirkli göllər qurudulacaq.
“Biz Böyük Şor gölünün təmizlənməsinə başlamaq istəyirik. Böyük Şor gölü min hektarı əhatə edir. Bu, çox nəhəng bir göldür. Ona görə təklif verilmişdir ki, biz bu gölü iki yerə bölək. Göl üzərindən avtomobil yolu çəkiləcəkdir. Belə layihə vardır. Altızolaqlı avtomobil yolu çəkiləcəkdir. Gölün birinci hissəsini - 300 hektar olan sahəni biz təmizləməliyik, şəffaf gölə çevirməliyik. Bu, həm istirahət zonasına çevriləcəkdir, həm nəqliyyat üçün çox vacib bir infrastruktur olacaqdır. Bütövlükdə biz özümüzü bu işlərdə də sınamalıyıq. Yəni, biz buna nail ola biləcəyik, yoxsa yox?
Bu günə qədər Azərbaycanda, Bakıda heç vaxt belə işlər görülməmişdir. Bizim də təcrübəmiz yoxdur. Əlbəttə ki, biz bu sahədə təcrübəsi olan xarici şirkətləri dəvət etmişik, onlarla işləyəcəyik. Ancaq biz baxmalıyıq bu mümkündür, yoxsa yox. Çünki müxtəlif fərziyyələr, müxtəlif fikirlər vardır. Ona görə biz həm özümüzü sınamalıyıq, həm də ki, bu üsuldan istifadə etməliyik.
Əgər istədiyimizə nail ola bilsək, 2015-ci ilin yayına qədər Bakıda 300 hektarı əhatə edən gözəl, təmiz, şəffaf bir göl yaranacaqdır. Digər göllərlə bağlı həm şəhər icra hakimiyyəti, həm İqtisadiyyat və Sənaye Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə işləsinlər, konkret təkliflər versinlər. Ola bilər, biz xüsusi proqram da qəbul edək ki, bu məsələlər də öz həllini tapsın və Bakının ekoloji məsələləri yüksək səviyyədə həll edilsin”.

İlham Əliyev deyib ki, köhnə tikililərin yerləşdiyi sahələrlə bağlı planlar var. “Orada köçürülən binaların yerində ictimai yerlər olmalıdır, ancaq ictimai yerlər. İndi harada ki, şəhərsalma qaydalarına uyğun olaraq köçürülmə baş verirsə, onların yerində ictimai yerlər, parklar salınmalıdır. Orada bir dənə də bina tikilməməlidir. Kim bina tikmək istəyirsə, iş adamları getsinlər harada indi köçürmə lazımdırsa, orada yaşayan vətəndaşlarla danışsınlar, anlaşsınlar, köçürsünlər, onların yerində bina tiksinlər. Biz Bakını parklar, bağlar şəhərinə çeviririk. Bakının artıq bir neçə mərkəzi vardır. Bu da deyə bilərəm ki, Bakının əlamətidir, xüsusiyyətidir. Burada abadlıq, gözəllik, rahatlıq və funksional tərəflər vəhdət təşkil etməlidir. Bu yaxınlarda biz Dədə Qorqud parkının açılışını qeyd etdik. Orada ilk dəfə olaraq süni göl yaradıldı. Altı hektarı əhatə edən böyük parkdır, gözəl gəzinti yerinə çevrilibdir. Biz parkın genişləndirilməsini də nəzərdə tuturuq. Yəni, bütün bu işlər insanlara xidmət göstərir, şəhərimizi gözəlləşdirir və Bakıda yeni bir mühit yaradır.
Yeni yaşayış binalarının tikintisi ilə bağlı hesab edirəm ki, bu sahədə də daha ciddi nəzarət olmalıdır, özbaşınalıq olmamalıdır. Çünki hətta bu yaxınlarda yeni köçürülmüş ərazidə, hansı ki, ictimai yerlərin yaradılması nəzərdə tutulurdu, bir də gördüm ki, orada bina qaldırırlar. Zəng etdim Hacıbala Abutalıbova, dedim bu nə məsələdir? Dedi ki, belə şey ola bilməz. Dedim ki, gedin yoxlayın, necə ola bilməz?! Getdi yoxladı, gördü ki, bəli, qanunsuz bina qaldırırlar. O yer iki həftə nəzarətsiz qaldı, dərhal kimsə gəlib orada bina qaldırmağa başladı. Təbii ki, dərhal söküldü və o binanı orada tikmək istəyən də öz payını almalıdır. Özbaşınalıq və anarxiya ola bilməz. Qanunsuz tikirlər, sonra da gəlirlər bunu qanunsuz yollarla sənədləşdirirlər. Şəhərimizin bütün memarlıq ansamblı pozulur.
Ona görə, hesab edirəm ki, yeni yaşayış binalarının tikintisi ilə bağlı məhdudiyyət qoyulmalıdır. Hər bir layihə ciddi araşdırılmalıdır. Biz şəhərin mərkəzində bütövlükdə yeni binaların tikintisinə baxmalıyıq, bunları çox ciddi şəkildə məhdudlaşdırmalıyıq. Ona görə bu məsələlərə çox ciddi nəzarət olmalıdır və bu işlər planlı şəkildə görülməlidir.
Bakının gələcək inkişafı ilə bağlı şəhərsalma konsepsiyası vardır, təsdiq edilibdir. Bax, bütün işlər onun əsasında görülməlidir.
Qəsəbələrlə bağlı artıq burada deyildi. Bu Proqramın qəbul edilməsi əslində daha çox qəsəbələrin inkişafına hesablanmışdır. Bu gün də bu belədir və qəbul ediləcək növbəti Proqramda da qəsəbələrin bütün problemləri öz həllini tapmalıdır və tapacaqdır. Qəsəbələrdə iş yerləri açılır, yeni müəssisələr yaradılır. Bu da çox müsbət haldır. Biz bunu da alqışlayırıq. Bu işlər dövlət tərəfindən veriləcək güzəştli kreditlər hesabına daha da sürətlə gedəcəkdir”.

Prezident deyib ki, Bakıda, şəhərin mərkəzində sənaye müəssisələrinin yaradılması məqsədəuyğun deyil. İşləməyən, havanı çirkləndirən sənaye müəssisələri ya bağlanmalıdır, ya onlara qarşı cəza tədbirləri görülməlidir.

“Ümumiyyətlə, biz ekologiyanı pozan müəssisələrin fəaliyyətinə yenidən baxmalıyıq. Kim o müəssisələri işlədir, ya dövlət, ya özəl qurumlar buyursunlar getsinlər bütün ekoloji normalara riayət etsinlər.
Ona görə, Bakının sənaye inkişafı ilə bağlı hesab edirəm ki, Qaradağ rayonunda böyük imkanlar vardır və bizim sənayemiz orada inkişaf edəcəkdir. Onsuz da orada həm gəmiqayırma zavodu, həm yeni dəniz limanı tikilir. Orada digər böyük müəssisələr tikilmişdir. Gələcəkdə orada neftayırma, neft-kimya kompleksi tikiləcəkdir. Ona görə, şəhər icra hakimiyyəti də bu məsələyə diqqət yetirsin ki, Bakı şəhərində böyük sənaye müəssisələrinin tikintisinə ehtiyac yoxdur.
Biz Ələt Dəniz Limanının tikintisini sürətləndirməliyik. Bu, böyük bir layihə olacaqdır, artıq icra edilir. Bizim potensialımız artır, Azərbaycan bir tranzit ölkəsi kimi özünü təqdim edir. Bizim ərazimizdən istənilən istiqamətlər üzrə yük daşımaları artır. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yəqin ki, gələn ilin sonunda başa çatacaqdır. Belə olan halda əlbəttə ki, yeni dəniz ticarəti limanının tikintisi məsələsi gündəlikdədir. Sadəcə olaraq biz bu işləri daha da sürətlə aparmalıyıq ki, tezliklə limanın birinci mərhələsi başa çatsın.

Birinci mərhələ başa çatan kimi Bakının hazırkı dəniz limanı oraya köçürülməlidir. Bu gün Bakı limanının ərazisində olan yerlərdə də bəri başdan deyirəm ictimai zonalar olmalıdır. İndiki limanın ərazisində, ona bitişik ərazidə, dəniz vağzalına bitişik ərazidə gözəl park olacaqdır. Beləliklə, biz bulvarı dəniz vağzalından “Ağ şəhər” istiqamətinə olan bulvarla birləşdirəcəyik. Dediyim kimi, artıq orada “Ağ şəhər” istiqamətində bulvar tikilir. Nobel prospektindən dənizə qədər olan bütün binalar artıq yoxdur, onları vətəndaşlar görmürlər, çünki orada stendlər qoyulubdur. Müvəqqəti hasarlama aparılıbdır, ancaq o ərazi tam boşdur. Biz orada gözəl yeni bir istirahət zonası yaradırıq və beləliklə, bulvarı tam birləşdirəcəyik. Ona görə, Ələt dəniz limanının birinci mərhələsinin istifadəyə verilməsi gələn ilin iyun ayına qədər olmalıdır. Gələn ilin iyun ayından başlayaraq indiki dəniz limanında abadlıq işləri başlanmalıdır.
Bildiyiniz kimi, 2015-ci ildə Avropa Oyunları keçiriləcəkdir. Bu oyunlara hazırlıq gələn il öz həlledici mərhələsinə qədəm qoyacaqdır. Bu oyunların çox böyük əhəmiyyəti vardır. Ona görə ki, birinci Avropa Oyunlarıdır. Heç vaxt Avropa Oyunları keçirilməmişdir. İlk dəfə Azərbaycanda keçiriləcəkdir. Bu, ölkəmizə Avropa idman aləmindən gələn hörmətin təzahürüdür, inamın əlamətidir. Biz əlbəttə, çalışmalıyıq ki, bu oyunları ən yüksək səviyyədə keçirək. Hazırlıq işləri gedir. Gələn il biz həlledici fazaya başlayacağıq. Bakıda böyük idman qurğuları tikilir. Əslində o qurğuların tikintisi Avropa Oyunları bizə veriləndən əvvəl başlamışdır - Olimpiya Stadionu, Gimnastika Mərkəzi, Su İdmanı Sarayı, Stend Atıcılığı Mərkəzi. Ancaq əlbəttə ki, bu obyektlər də Avropa Oyunlarında öz sözünü deyəcəkdir.
Son illərdə bütövlükdə Bakıda müasir otellərin tikintisi çox geniş vüsət almışdır. Deyə bilərəm ki, Bakı bəlkə bu sahədə də rekord həddə çatıbdır. İki il ərzində Bakıda beşulduzlu altı otel açılmışdır. Bu, investorların inamının əlamətidir. Ancaq nəzərə alsaq ki, qonaqların sayı çoxalır, ölkəmiz haqqında məlumat bütün dünyaya yayılır və Bakıya gəlmək istəyənlərin sayı böyük dərəcədə artmışdır, gələcəkdə yeni otellərin tikintisinə də ehtiyac olacaqdır. Ona görə, şəhər icra hakimiyyəti yerləri müəyyən etməlidir. Şəhərsalma planına uyğun olaraq, üçulduzlu, dördulduzlu, əlbəttə ki, beşulduzlu otellər də olmalıdır ki, bütün kateqoriyalı insanlar, onların maddi vəziyyətinə uyğun olaraq Bakıda rahat qala, şəhərimizlə tanış ola bilsinlər. Bir sözlə, görülən işlər doğrudan da çox əhəmiyyətlidir. İkinci Proqramın icrası bir daha onu göstərir ki, Azərbaycanda istənilən məsələ öz həllini tapa bilər.
Biz gələn ildən Bakı şəhərinin və onun qəsəbələrinin sosial iqtisadi inkişafı Dövlət Proqramının üçüncü mərhələsinə də başlamalıyıq. Hesab edirəm ki, üçüncü proqramın icrası nəticəsində bu günə qədər həll olunmayan məsələlər və Bakının, onun qəsəbələrinin bütün infrastruktur, nəqliyyat, sosial problemləri öz həllini tapacaqdır.
Gələn ilin əvvəlində üçüncü Dövlət Proqramı qəbul edilməlidir. Şəhər icra hakimiyyəti, İqtisadiyyat və Sənaye Nazirliyi, aidiyyəti qurumlar bu istiqamətdə fəal işləyirlər. Proqramın demək olar ki, böyük hissəsi hazırdır. Bu gün burada Bakının bütün rayonlarının rəhbər işçiləri, bələdiyyə sədrləri, ictimaiyyətin nümayəndələri iştirak edirlər. Xahiş edirəm ki, hər bir qəsəbədən əlavə konkret təkliflər verilsin. Bilirəm ki, bu təkliflər verilibdir. Siz daha yaxşı bilirsiniz ki, insanları hansı məsələlər narahat edir. Elə etməliyik ki, 2014 -2016-cı illər üzrə Dövlət Proqramı bütün məsələləri özündə ehtiva etsin, bir dənə də olsun məsələ diqqətdən kənarda qalmasın.
Beləliklə, gözəl şəhərimizin gələcək inkişafı və abadlaşması üçün yeni dövr başlayır. Bu işlərin görülməsində sizə yeni uğurlar arzulayıram”.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı