Modern.az

Nazir balasına ov etməyi öyrədir

Nazir balasına ov etməyi öyrədir

Ölkə

24 Dekabr 2013, 20:55

Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” filmində Rza bəy Məşədi İbada deyir: “Çelovek obşestvennoe jivotnoe”. İlk baxışda bunu lağlağa kimi qəbul edirdim. Amma bu yaxınlarda başa düşmüşəm ki, bu deyimdə böyük məna var.

Çoxları heyvanat aləmindən bəhs edən sənədli filmləri xoşlayır. Mən isə xüsusilə yırtıcıların həyatını xoşlayıram. Çünki həyatda da insanlar güclüləri çox sevir, zəifləri isə əzib üstündən keçir. Güclülər mediamızın da əzəli qəhrəmanlarıdır. Elə ki, kasıblayırlar, vəzifədən çıxarılırlar, həmən jurnalistlərin də nəzərindən düşürlər. İndi soruşacaqsınız ki, yırtıcıların həyatında maraqlı nə var ki, səni belə cəzb edib? Nə edirlər ki? Gündə bir dəfə ova çıxırlar, otlayan, yazıq heyvanı parçalayıb yeyirlər də... Burda qəribə nə var ki. Düz deyirsiniz. Amma məni daha çox onların ailə həyatı maraqlandırır. Ailə başçısı kimi övladlarına necə tərbiyə verirlər? Onun gələcəyini necə formalaşdırırlar? Bu şəxsi həyatda isə daha çox bir məqam diqqətimi çəkir.

Balaları dünyaya gələndən sonra ata və ana ov edib yuvasına gətirir. Özü də yeyir, uşaqlarına da verir. Uşaqlar ov prosesini kənardan izləyirlər. Bir növ nəzəri biliklər əldə edirlər. Amma müəyyən yaş dövründən sonra ata, ana sürüyə hücum edəndə ceyran balalarını diri əsir götürürlər. Buraxırlar öz yırtıcı balalarının ixtiyarına ki, ov etməyi öyrənsinlər. Gələcəkdə ac qalmasınlar.

İndi deyəcəksiniz ki, bu heyvanlar aləmindəki ov prosesinin nazirlərə nə dəxli var?

Bu günlərdə “Visiontv.az” internet televiziyasına verilişə çağırmışdılar. Aparıcı psixoloqTürkan Azadın verdiyi suallardan biri də bu oldu ki, Türkiyədə nazir uşaqlarının rüşvət qalmaqalında tutulmasına münasibətiniz necədir? Mənim də o saat bu mənzərə yadıma düşdü. Türkiyə nazirləri çox uzaqgörəndirlər. Elə bilirsiniz ki, rüşvəti özləri ala bilməzdilər? Yoxsa, sürücülərinə bu məsələni tapşıra bilməzdilər? Lap məni də dəvət etsəydilər 0,01 faizə bu şərəfli işi onlar üçün həyata keçirərdim. Amma fikir verirsinizsə onlar rüşvət almağı digərlərinə yox, məhz oğlanlarına həvalə ediblər ki, indidən öyrənsinlər. Heyvani dillə desək, ov etməyi öyrənsinlər. Gələcəkdə də bunu öz uşaqlarına - nazirlərin nəvələrinə, nəslinə miras buraxsınlar. Nazir də bu prosesi izlədikcə arxayın olur: ”Bu dünyadan rahat köçə bilər. Ailəsi ac qalmayacaq”.

Göründüyü kimi, türkiyəli nazirlər sadə heyvani qanunlardan istifadə edirlər. Heyf ki, sirləri faş oldu, bu qabaqcıl təcrübə bütün dünyaya yayıldı. Bütün arzularım da ürəyimdə qaldı.

Mənim atam şair idi. Mən də ondan yazmağı öyrəndim. Yəni ki, ov eləməyi. “Ceyran qoruğu”na girə bilmirəm. Qıraqdan baxa-baxa qalıram. Nəfsimi boğub yaxınlıqdakı kanala tilov atıram. Bəxtimə isə ancaq “kilkə” düşür. O da onuncu cəhddə. Türk nazirinin balası ceyran yeyir, mən isə kilkə. Allah bərəkət versin.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı