Modern.az

İlham Əliyevdən növbəti XƏBƏRDARLIQ: "Məni bütün məmurlar bir daha eşitsinlər!"

İlham Əliyevdən növbəti XƏBƏRDARLIQ: "Məni bütün məmurlar bir daha eşitsinlər!"

Ölkə

25 Dekabr 2013, 01:08

“Mən bu barədə dəfələrlə demişəm. Azərbaycan dövləti korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi və güzəştsiz, amansız mübarizə aparacaqdır. Ədalət prinsipləri hər yerdə bərqərar olmalıdır. Həyatda, ailədə və cəmiyyətdə ədalət həmişə zəfər çalmalıdır”.
Bunu dekabrın 24-də Bakının Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadan sonra açılışı zamanı Prezident İlham Əliyev deyib.

Modern.az-ın məlumatına görə, mərkəzlə tanışlıqdan sonra İlham Əliyev sağlamlıq imkanları məhdud insanlarla görüşüb. Görüşdə Prezident bildirib ki, əsaslı iqtisadi islahatların aparılması ilə bərabər, güclü sosial siyasətin həyata keçirilməsi bugünkü reallıqları müəyyən edir. Gələcəkdə də bu sahəyə diqqət daha da böyük olacaq.

Ölkə başçısı bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan islahatlar qısa müddət ərzində öz müsbət nəticələrini verəcək. Hər bir sahə üzrə təmizlik, şəffaflıq, ədalət əsas prinsiplər olacaq. “Əminəm ki, hər bir vətəndaş, xüsusilə əlil, fiziki imkanları məhdud olan vətəndaş bunu hiss edəcəkdir”.

İlham Əliyev deyib ki, dövlət ən ağır vəziyyətdə yaşayanlara daim dayaq durmalıdır. O, məcburi köçkünlərə, Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə yaşayış evlərinin tikildiyini qeyd edib.

“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır və mən bunu dəfələrlə bəyan etmişəm. Bu, sadəcə sözlər deyildir, bu, reallıqdır, siyasətdir. Azərbaycan inamla irəli gedir. Cəmiyyətdə heç bir qarşıdurma, ziddiyyət yoxdur. Cəmiyyətdə həmrəylik və birlik vardır. Biz bir amal ətrafında birləşmişik ki, ölkəmizi daha da inkişaf etdirək, insanlar daha da yaxşı yaşasınlar, Azərbaycanın gücü artsın, dünyadakı mövqeləri möhkəmlənsin, sosial məsələlər həll olunsun, iqtisadiyyat inkişaf etsin və biz müstəqil ölkə kimi əbədi yaşayaq.
Buna nail olmaq üçün güclü dövlət olmalıdır. İndi mən görürəm ki, siz də siyasi proseslərə biganə deyilsiniz. Baxırsınız, dünyanı görürsünüz. Elə ölkələr var ki, müstəqil yaşaya bilmir. Yaxud da ki, böyük çətinliklər içində yaşayır. Xaricdən yardım olmadan o ölkələr yaşaya bilmir. Əlbəttə ki, o ölkələrin gələcək müstəqil taleyi şübhə altına düşə bilər. Çünki müstəqillik sadəcə olaraq dövlət atributları deyildir.
Biz çalışmışıq və bundan sonra çalışacağıq ki, Azərbaycanı daha da möhkəmləndirək. Bu gün bizə heç kim təsir edə bilməz. Ancaq Azərbaycan xalqının iradəsi Azərbaycanın inkişafını müəyyən edir. Ona görə daha da güclü, daha da möhkəm olmalıyıq. Buna nail olmaq üçün bütün imkanlar vardır. Cəmiyyətdə, bir daha demək istəyirəm ki, həmrəylik, birlik vardır. Sosial proqramlar icra edilir, iqtisadi islahatlar aparılır. Bu yaxınlarda böyük qaz layihəsinə start verdik. Bu, bundan sonra ən azı 100 il Azərbaycanın iqtisadi inkişafını təmin edəcəkdir”-deyə Prezident qeyd edib.
 
İlham Əliyev deyib ki, Azərbaycanın beynəlxalq mövqeləri güclüdür. “Bizimlə əməkdaşlıq, dostluq etmək istəyən ölkələrin sayı durmadan artır. Yəni, biz öz müstəqil həyatımızı, öz vətəndaşlarımızı qoruyuruq. Hər bir vətəndaşın taleyi, onun qayğıları, problemləri dövlətin diqqət mərkəzində olmalıdır.
Güclü dövlətləri başqalarından fərqləndirən bu amillərdir. Harada yaşamasından asılı olmayaraq, - Azərbaycanda, yaxud da ki, başqa ölkələrdə, - biz öz vətəndaşlarımızı heç vaxt darda qoymuruq, qoymayacağıq. İmkan daxilində onların bütün problemlərini həll etməyə çalışacağıq”.

Prezident İlham Əliyev ölkədə həyata keçirilən sosial islahatların davamlı olacağını vurğulayaraq, ədalət prinsipinin cəmiyyətdə mühüm meyarlardan biri olduğunu qeyd edib:

”Bəzi hallarda ədalət pozulur. Ədalət pozulduqda insanların inamı itir. Çünki ən böyük problem odur ki, beynəlxalq əlaqələrdə, ölkələr arasındakı münasibətlərdə və istənilən sahədə ədalət pozulur. Ona görə hər yerdə ədalət olmalıdır.
Mən bilirəm, yəqin ki, siz də, ictimaiyyət də bilir, ünvanlı sosial yardım ilə bağlı problemlər var idi. Onlar aradan qaldırılacaqdır. Ədalətsizliyə yol verilirdi. Yardıma ehtiyacı olanlar yardım ala bilmirdilər. Ehtiyacı olmayanlara müəyyən şərtlərlə yardımlar verilirdi. Mən dəfələrlə vətəndaşlara müraciət etmişəm ki, xoşagəlməz hallar haqqında, ədalət pozulduqda məlumat versinlər.
Mən əminəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bütün xoşagəlməz halları yaxın zamanda aradan götürəcəkdir. Artıq işlər başlanmışdır. Ciddi təmizlik işləri aparılır, rüşvətə, korrupsiyaya bulaşmış məmurlar işdən çıxarılır. Mən bunu alqışlayıram. Hər bir yerdə belə olmalıdır. Ədalət və eyni münasibət hamıya olmalıdır və olacaqdır.
Bilirsiniz, beynəlxalq əlaqələrdə də, beynəlxalq məsələlərdə də ədalət pozulur. Bizim Qarabağ kimi problemimiz ona görə həll edilmir ki, ədalət yoxdur”.

Prezidentin sözlərinə görə, Qarabağ məsələsində beynəlxalq hüquq, ədalət, tarixi ədalət pozulur.

”Ancaq bəzi ermənipərəst qüvvələr bunu görmək istəmirlər. Ədaləti bərpa edəcəyik, həm ölkə daxilində, həm beynəlxalq müstəvidə.
Ona görə istəyirəm ki, bu gün məni bütün məmurlar bir daha eşitsinlər. Mən bu barədə dəfələrlə demişəm. Azərbaycan dövləti korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi və güzəştsiz, amansız mübarizə aparacaqdır. Ədalət prinsipləri hər yerdə bərqərar olmalıdır. Həyatda, ailədə və cəmiyyətdə ədalət həmişə zəfər çalmalıdır”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı