
Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəis müavini, istefada olan mayor Teymur Abdullayevlə bağlı yeni xəbər var. Modern.az saytının əldə etdiyi məlumata görə, general Zakir Həsənov müdafiə naziri vəzifəsinə gələndən sonra öz raportu ilə Silahlı Qüvvələrdən tərxis olunan Teymur Abdullayev artıq yeni iş yerində fəaliyyətə başlayıb.
Belə ki, o, İctimai Televiziyada İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri - mətbuat xidmətinin rəhbəri vəzifəsinə gətirilib.
Məlumatı İctimai Televiziyadan, eyni zamanda Teymur Abdullayevin özü də Modern.az-a təsdiqləyiblər.
Teymur Abdullayev Müdafiə Nazirliyinə bu qurumun mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu ilə birgə gəlmişdi. O, 2009-cu ildən 2013-cü ilin noyabrınadək Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini vəzifəsində çalışıb və mayor rütbəsinədək yüksəlib. Bundan öncə isə o, “Şərq”, “Hürriyyət”, “P.S” və digər qəzetlərdə işləyib.
Modern.az