Modern.az

“...Vətəni satdılar. Sata-sata gedirik!”

“...Vətəni satdılar. Sata-sata gedirik!”

Ölkə

8 Yanvar 2014, 16:56

“Ulu Tanrı! Min illərdir ölənlə ölüb, doğulanlarla doğuluram!  Yazdıqlarım daşlarda qalıb! Necəydik elə də varıq! Heç nə dəyişməyib! Yaxşılıq tərk eləyir bizi. Yaxşı ruhlar bacalarımızdan gen düşür! Özləriylə yaxşı nə var aparırlar!.. Bilsinlər ki, heç nə sorğusuz –sualsız qalmır. Hər şeyin cavabı soruşulur! Yazacam! Bilsinlər ki, Gündoğandan Günbatana uzanan yurdlarımız qədərində qaldı. İtirdiklərimiz o qədər çox olub ki,  Yer bizi götürməyəcək. Yazanlarımız yazdı, çalıb oxuyanlarımız çalıb oxudu, yenə eşitmədik! Nədəndi dədə?! Qarın qardaşdan irəli olub.  O qədər çəpər tikdik ki, Vətən çəpər içi qədər daraldı. Hamı ev tikir, Vətəni tikib quran yoxdur. Mən içimə ağlayıram dədə! Mənə kömək edə bilərsən?  Satqınlarımız güclü çıxdı. Vətəni satdılar. Sata-sata gedirik! Mənə kömək edə bilərsən dədə? Çağır böyüklərimizi, böyük ruhlarımızı çağır...”

Bu sözləri  ulu türkün ulu oğlu Güntəkin daş kitabələrə yazmışdı. Gör bir nə qədər zaman keçib...

                                             ***********
“Alimlərin araşdırmasına görə, dünyanın ən xoşbəxt insanları Böyük Britaniyada yaşayırlar” - bu məlumat saytların birində gözümə dəydi.

Görəsən britaniyalıları xoşbəxt edən nədir ki?

Niyə bizim insanlar haqqında belə məlumatlar yazmırlar? Görəsən bizim insanlar nə vaxtsa xoşbəxt olubmu? Bu sualın cavabını 80 yaşlı anamdan soruşdum. Bilirsiniz cavabı nə oldu?!

“Sovetin  vaxtında xoşbəxt idik. Bağçalar havayı, təhsil havayı, həkimlər havayı … dünyanın hər yerinə gedə bilirdik, heç pasportumuza da baxmırdılar…”.

Mənim 80 yaşlı anam üçün dövlətdən aldığı pensiya ilə  tək yaşayarsa, ən azı ya qonşunun ümidinə qalacaq, ya da  çörək tapanda ət tapmayacaq, ət tapanda soğan… Çünki  150 manat pensiya ilə  1 insanın normal yaşaması çox çətindir.  Belə insan yaşamır ki,  ölməməkçün  nəfəs alır. Çox heyif, çox heyif ki, bizim  yaşlılarımız tez qoçalırlar, Amerikanın, avropanın qocaları kimi,  aldıqları qocalıq pensiyaları ilə  dünya səyahətinə çıxmırlar. Olsa–olsa,  əgər  işbaz, bir az diri qohumları, övladları olsa, sanatoriyaya  göndəriş tapıb, yerləşdirilirlər.  Bizim kəndlərin qoçalarının əksəriyyəti heç sanatoriyanın  nə olduundan xəbərləri də yoxdur.  Hər zaman  işlədi, zəhmər çəkdi, övlad böyütdü, oxutdu, guya ki, arzularına çatdı… əksər  insanlarımız… bu sətirlər əslində post sovet dövlətində yaşayan insanlarımızın  əksəriyyətinə  aiddir. Çünki əvvəlcə sağlamlıqlarını sovetlər birliyinə ucuz satıb, bahalı dərdlər aldılar.  Ancaq Sovetin dövründə az olan hüquqlarının bərbası üçün  işləri düzəlməyəndə, şikayətlərinə baxılmayanda ya Leninin qəbrinə məktub yollayar, ya da  Sov.İKP-yə  ( Sovet İttifaqı Kommunist Partiyası)  ərizə yazıb, ən azı sanatoriya problemlərini, məhkəmədə pozulan hüquqlarını bərpa edə bilirdilər.  O zamanın insanının indiki insanlardan bir üstün cəhəti var idi: məmurlar özündən yuxarıdakı məmurdan qorxurdu, həya edirdi, ehtiyat edirdi… 
Buna görə də aşağılarda pozulan hüquqlarının bərpasını insanlar yuxarıda tapa bilirdilər.

Bəs bizə nə oldu?

Biz indi  Rusiya imperializmindən asılı olmayan gözəl və azad bir dövlət qurmuşuq.  Bu dövlətin qurulması üçün düşünmədən hər kəs canından keçirdi, hər kəs  “Azadlıq” deyə meydanlara axışırdı, gedirdilər ki,  uzaqdakı gələn işıqdan pay alsınlar, hər kəs öz işığı ilə  AZAD AZƏRBAYCAN yaratmaq arzusunda idi. Şükürlər olsun ki, o Azərbaycanı yaratdıq. Ancaq o meydanlara çıxanların, azadlığımız üçün qan tökənlərin  əksəriyyətinin axırı necə oldu????????????

Biz niyə belə unutqanıq?
Biz niyə əl açmağı öyrəndik?
Biz niyə yalandan əl çalmaq adətini unutmadıq?

Biz niyə qadınlarımızı  Türkiyəyə, Dubaya  “qazanc” dalınca  göndərməyi öyrəndik… Axı arvad qazancının bərəkəti olmur.

Biz niyə belə olduq?
Hərdən fikirləşirəm ki, bütün başımıza gələnlərin  günahkarı neftimizdir.  Allah da bu qara neməti ən çox müsəlman ölkələrinə verdi ki, bəlaları çox olsun. Harda neft varsa orda qan-qada, müharibə, od-alov… İnsanlarının yarısı tam varlı, yarısı isə tam kasıb… tərs mütənasiblik, gecə və gündüz misallı … bəlkə heç müsəlman olmasaydıq, başımız bu qədər bəlalar çəkməzdi… Odeyyyyyyy…. Böyük Britaniyalılar… yazırlar ki, ən xoşbəxt adamlardır. Onların nefti yoxdur, təkcə neft şirkətləri var.  Hətta bizim ölkədə işləyən britaniyalılar da bizim vətəndaşlardan daha çox  aylıq əmək haqqı alırlar. Adamların olduğu kimi, gərək xalqların da bəxti gətirsin.  Mən istəyirəm ki, neftimizin gəlirindən  insanlarımız o qədər bəhrələnsin ki, siyasi qarşıdurmalara, boş-boş müxalifətçiliyə  vaxtları qalmasın.  Hər kəs işinin məsuliyyəti, ailəsinin məsuliyyəti, dövlətinin əmin-amanlığına xidmət etmək üçün  düşünsün!!!

Bizimki, elə əvvəlindən belə gəlib…

Lap çoxdankı tarixlərimizdə  öz azərbaycanlılarımız vətənimizi xanlıqlara bölüb, yola getmədilər, sonra,  rusların müstəmləkəsinə keçdik, sonra Stalin  doğru deyən dillərimizi kəsdi… onsuz da dünya heç vaxt ədalətli olmayıb ki, doğru deyən dilləri hər zaman ya kəsiblər, ya da ki, insanların beynində, ruhunda zəlzələ yaradanları, oyadanları ya qurbətə,  ya qəbirə, ya da Sibirə göndəriblər.Bütün bunlardan sonra da belə qənaətə gəlmək olur ki:  Nəsimidən sonra “Həqq məndədir!” deməyin nə mənası var?!  

Bir dəfə Qazaxıstanın Astana şəhərində bir neft forumu keçirilirdi. Orada Azərbaycanı neft gəlirlərini şəffaf açıb göstərən bir ölkə kimi misal çəkdilər və tədbir iştirakçılarına  tövsiyə olundu ki, bu təcrübəni yaymaq lazımdır. Çox sevindim. Qürür  verici bir məqam idi. Biz beləyik, hamımız beləyik harada ucalarda dalğalanan bayrağımızı görsə ona sevinərik, haradan xoş xəbərimiz gəlsə bayram edərik.  Biz dar gündə də, şadyanalığımızda da birləşməyi bacarırıq. Mən inanıram ki, çox vaxt  hətta bu qədər əzilməklərinə,   ümidlə döydükləri qapılardan  əliboş qayıtmalarına baxmayarq,  bizim o döyüşçülərimiz, o veteranlarımız, əmr olunsa, günü sabah yenə səf-səfə dayanıb, Vətən torpaqlarını azad edəcəklər.             

                                       **********

At muraddır deyirlər.  Bu il At ilidir. İstəyirəm ki, Azərbaycan vətəndaşı bu ildən başlayaraq  cibi dolu yaşasın, qocaları Avropanın, Amerikanın  qocaları kimi  Vətənimizin adına layiq olan pensiya ala bilsinlər ki, onlar da bir dəfə KRUİZ səfərinə çıxsınlar.

İstəyirəm ki,  İmran Cəfərzadə kimi ayağı  bədbəxt hadisə nəticəsində kəsilən insan əlacsızlıqdan prezidentə müraciət etməsin,  onun qəzasında günahkar olan məmur, oliqarx  president bu işə qarışmamış, özü həmin şəxsin qayğısına qalsın. İstəyirəm ki, Zaur Həsənov kimi kimsə canından bezib, özünü yandırmasın, və yalnız prezident işə qarışandan sonra, məmur qorxuya düşüb, zərəçəkənin ailəsinə yardım etməyi özünə “borc” bilsin.  Bir dəfə də yazmışdım, niyə bizim  məmurlar, oliqarx nazirlərimizin bəziləri  ədaləti prezident  barmaq silkələyəndən sonra görməli və ya təmin etməlidirlər?! O da bir müddət, sonra yenə unudurlar. Niyə ölkənin çiçəklənməsi, inkişafı üçün , ölkə insanının rifaı üçün görülən işləri  heçə endirirsiniz? Olmazmı ki, hər biriniz işinizdə namuslu, vicdanlı olasınız?! Yəni bu belə çətindir?

Axı elmin-texnikanın  son nailiyyətləri, yenilikləri ilə  açılan bütün xəstəxanalar  insanlarımıza  havayı xidmət göstrməli olduğu  halda, o qapılardan ümidsiz qayıtmalıdırlar?!  Mən istəyirəm ki, həkimlərimizin aylıq əmək haqqları o qədər olsun ki, onlar xəstələrin əlinə baxmasınlar. Vicdanlarını əyinlərinə geydikləri ağ xalatları kimi təmiz saxlasınlar. Və insanlarımız  haqqları çatan qədər onlara Konstitusiyamızla verilən hüquqlardan istifadə etsinlər.  Xəstəliyinin əlacı  xarici dövlətlərdə olanlar  dərdlərinin əlacını elə öz AZAD VƏTƏNİMİZdə tapsınlar.  

Mən istəyirəm ki, bu At ilində  hakimlərimiz  gözü bağlı Femida misallı olsunlar, sifarişli hökümlər çıxarmasınlar.   Tarixi şəxsiyyət Heydər Əliyevin dediyi bir gözəl söz var idi: “QOY ƏSALƏT ZƏFƏR” çalsın.

 Mən istəyirəm ki, bu il bizi gözləyən parlament seçkilərində deputat yerlərinə millət vəkillərini  puluna, dayısına, qohumuna görə seçməsinlər. Alqı-satqı olmasın!!!Mən istəyirəm ki,  çox az sayda  deputatlarımız kimi, bütün deputatlarımız xalqın,  millətin  vəkili olsunlar. Əvvəl onlara inanan insanların güzəranını düzəltsinlər, sonra bizim Azərbaycan adamı xəcalətli qalan deyil, günü - güzəranı yaxşı oldumu, ən şirin tikəsini ona yaxşılıq edənlə böləcək.

Mən istəyirəm ki, Sovet vaxtında yaşayan  kişilərimiz kimi   kişilik nümayiş etdirsin erkəklər. Qadın malına, qadın puluna göz tikməsinlər!!!  
 Mən istəyirəm ki, insanlarımız anamın darıxdığı Sovet illərindəki kimi mərhəmətli olsunlar, qonşu-qonşusunu tanısın, bir evin işığı o biri evə düşsün!!!  

Bu işıqların cəmindən  Vətənimizin uzaqlara düşən İŞIĞI da çoxalar!!!

Mən istəyirəm ki, açılan yeni iş yerlərində  Azərbaycan adamı kiminsə zəngi olmadan,  kimsəyə güvənmədən, öz ağlına ,  peşəsinə güvənərək işləsin, iş axtardığı qapılardan geri qayıtmasın. Mən istəyirəm ki, kəndlərdə, rayonlarda işsizlik probleminə son qoyulsun!!! Onda  insanlarımızın SABAHA—İÇIQLI SABAHA inamları artar, onda DÖVLƏTİMİZ daha GÜCLÜ olar!!!

Mən istəyirəm ki, bu AT ilində  qəhrəmanlarımız unudulmasın, onların şəkilləri , portretləri bütün məktəblərin, təhsil ocaqlarının  qarşısında, “Azərsun”, “Final”, “PakDAD” reklamlarının yerində asılsın.  Mübariz və Fəridi dəfn edərkən Ali Baş Komandanın  dediyi “Azərbaycanın müstəqilliyi, Qarabağ savaşı uğrunda canlarını fəda edənlər unudulmamalıdır, onların həyatları nümunə kimi təbliğ olunmalıdır”. – tezisi unudulmasın. Bunun üçün televiziyalarda 1-2 ədəbsiz şou proqramlar azalsa, şəhidlərimizin, qəhrəmanlarımızın da təbliğinə pəncərə tapılar.

Mən istəyirəm ki,  böyük şəhərlərimizdə  məzar üçün nəzərdə tutulan torpaqları ölü yiyəsinə satmasınlar, ölüdən pul almasınlar.  Vətənin içərisində dəllalarla  torpaq bazarlığı yapmaqdansa,  dünyanın gözü qarşısında  MƏZARLARI erməni tapdağı altında qalan  torpaqlarımızın bazarlaığını yapmaq üçün birləşək,  yumruğu bir yerə vursunlar. Bunu üçün , ən əvvəl  ekranda bir iki dəfə mahnı oxuyan  silikonlu müğənnilərə 100-200 min  dollar və daha baha qiymətə alınan maşınlara  xərclədiklərini,  güclü dövlətlərin  əli ilə tapdanan ədalətimizi  növbəli şəkildə EVRONEWS , BBC və söz deyə biləcək  informasiya vasitələrində  dünyaya car çəkmək üçün , torpaqlarımızın qaytarılması üçün  xərcləsinlər. Necə ki, ermənilər hər il aprel ayının 24-də qulağı kəsik Andronik və qondarma erməni soyqırımını işıqlandırırlar. Bu  təbliğat işi güclü olan, varlı olan hər bir azərbaycanlının vicdan məsələsi olsun!!!
Elə yaşayaq, bu ili elə başa vuraq ki, ULU RUHLARI özümüzdən incik salmayaq. Ruhların divanı yaman olur!!! Tanrı o gündən saxlasın... O ruhların içərisində  ulu türklərin,  babalarımızın, şəhidlərimizin ruhları da var...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı