
Uzun müddətdir ki, müzakirə olunan sənədsiz evlərin sənədləşməsi prosesinə Bakı Şəhər İcra hakimiyyətində baxılır. Bunu Modern.az saytına Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, bütün sənədsiz evlərlə bağlı sənədlər artıq Bakı Şəhər İcra hakimiyyətinin tərkibində yaradılan Komissiyaya verilib.
“İki il bundan əvvəl prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirdi. Ölkə başçısı bununla bağlı ciddi tapşırıq verdi, hətta müvafiq komissiya da yaradıldı. Keçən il də bu məsələ qaldırıldı. Bütün sənədsiz evlərin qeydiyyata alınması və sənədləşdirilməsi ilə bağlı ümumi qərar olmalı idi. Amma prosesin nə üçün gecikdirilməsi məlum deyil. Son illər sənədsiz evlərin əksəriyyətinin söküldüyünün şahidi oluruq. Həmin evlərin yerində çoxmərtəbəli binalar inşa olunur. Bəzi evlər var ki, elektrik xətlərinin altında, qaz borularının üzərində tikilib. Həmin evlərə də sənədlərin verilməsinə icazə verildi. Buna baxmayaraq, Komissiya öz işini başa çatdırmayıb”.
V. Əhmədov onu da qeyd edib ki, paytaxtın bir çox rayon İcra hakimiyyətləri ilə əlaqə saxlayıb.
“Onlardan bu məsələ ilə bağlı soruşanda bildiriblər ki, bütün sənədlər və məlumatlar toplanaraq Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində yaradılan Komissiyaya verilib. Komissiyanın ümumi qərarı var ya yox, onu deyə bilmərəm, amma cənab Prezidentin göstərişi var”.

Qeyd edək ki, rəsmi şəxslərin dediyinə görə, Bakı şəhəri ərazisində 500 minə yaxın sənədsiz ev var.
Dövlət başçısının Bakı Şəhər İcra Hakimiyyətinə icazəsiz tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı tapşırıq verməsindən üç il ötür. Doğrudur, prezident sərəncamı ilə yaradılan komissiya tərəfindən strateji, dövlət əhəmiyyətli, mühafizə zolağına düşən ərazilərdəki, neft quyularının, yüksək gərginlikli elektrik xətlərinin, dəmiryolu xətlərinin yaxınlığındakı, dövlət müəssisələrinin ərazisində tikilmiş evlərlə bağlı araşdırma aparılıb, ilkin və siyahıya salınma işləri görülüb. Amma hazırda sözügedən məsələ ölü nöqtədədir.
Hələ 2011-ci ilin əvvəlində Prezident İlham Əliyev Bakı şəhərindəki sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı aidiyyati qurumlara, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə tapşırıq vermişdi.
Nəhayət 2012-ci ilin iyun ayında prezident İlham Əliyev magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında sərəncam imzalayıb. Komissiyanın sədri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir.
Komissiya sərəncamda göstərilən torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələləri araşdırıb və iqtisadi, sosial və hüquqi aspektlərin qiymətləndirilməsinin nəticələrinə əsaslanan təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməliydi...
Gültəkin ƏLƏSGƏR