
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında əvvəllər hər həftənin beşinci günü hakimiyyətdə yüksək vəzifə tutan nazirlər, komitə sədrləri və digər məmurlar mətbuat konfransı keçirirdilər. Bu ənənə ilk növbədə jurnalistlər üçün ilk mənbədən informasiya almaq rolunu oynamaqla yanaşı, cəmiyyət üçün də maraqlı idi. Ancaq sonradan bu ənənə dayandırıldı.
YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Modern.azsaytına bildirib ki, Azərbaycanda məmur-jurnalist işgüzar əlaqələrinin formalaşmasında bu mətbuat konfransları böyük addım idi:
“Bu mətbuat konfranslarının əsas vəzifəsi, məqsədi hakimiyyətdə təmsil olunan yüksək vəzifəli şəxslərlə jurnalistlər arasında əlaqələrin gücləndirilməsinə xidmət etmək idi. Belə bir ənənəni biz formalaşdırdıq və bu gün hesab edirik ki, mətbuatla hökumət nümayəndələri arasında sıx əlaqənin, münasibətin yaranmasına xeyli yardım etdik”.
Hüseyn Paşayevin sözlərinə görə, bu gün mətbuatın vəzifəli şəxslərdən informasiya alması baxımından problem yoxdur. Mətbuat xidmətinin rəhbəri onu da əlavə edib ki, həmin mətbuat konfranslarının məqsədi və funksiyasını yap.org.az saytı daha effektiv formada həyata keçirir.
“Gələcəkdə əvvəlki kimi mətbuat konfransları bərpa oluna bilərmi” sualına isə H.Paşayev belə cavab verib:
“Bizim addımımızdan sonra jurnalistlər məlumatları daha asan yolla əldə edə bilirlər. Ona görə də indi məmurlarla əvvəlki kimi mətbuat konfranslarının keçirilməsi düzgün hesab edilmir”.
Aqşin Kərimov