Modern.az

Naxçıvanlı çağırışçılar ancaq Naxçıvanda hərbi xidmət keçir - Deputatdan AÇIQLAMA

Naxçıvanlı çağırışçılar ancaq Naxçıvanda hərbi xidmət keçir - Deputatdan AÇIQLAMA

Ölkə

16 Yanvar 2014, 09:59

Azərbaycanda hərbi xidmət yaşı çatmış çağırışçıları ölkənin müxtəlif yerlərinə göndərilsələr də, Naxçıvan Muxtar Respublikasından olan gənclər hərbi xidmətlərini yalnız Naxçıvanda çəkirlər. Bəzi mütəxəssislər bunun nəqliyyat problemi ilə əlaqələndirir. Amma başqa ehtimallar da mövcuddur.

Modern.az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Naxçıvan MR-dən olan çağırışçıların digər bölgələrində xidmət etməməsini qanuni hesab edir. O, bunun ilk olaraq nəqliyyat və işğal amili ilə bağlayır.

“Hərbi xidmət baxımından söyləmək mümkündür ki, ölkə unitar quruluşca vahiddir və hamıya eyni dərəcədə aiddir. Onu da demək lazımdır ki, bunun Naxçıvanda doğulmuş şəxslərə üstünlük verilməsi anlamına gəlmir. Güman edirəm, hər kəs hərbi sistemdə tətbiq olunan 50 kilometrdən uzağa düşmə prinsipini Naxçıvana aid etməyin çətin olduğunu anlayır. Arzulayırıq ki, gələcəkdə bəlli ərazi problemləri ilə yanaşı quru nəqliyyatı da bərpa olunsun və keçmişdə olduğu kimi Naxçıvanda doğulan insanlar da ölkənin digər ərazilərində hərbi xidmət keçə bilsinlər. Düşünürəm ki, bu məsələnin hansı zərurətdən irəli gəldiyi başa düşüləndir və vətəndaşlar tərəfindən anlayışla qarşılanır. Heç bir halda hüququn qeyri-bərabər tətbiqinə dəlalət etmir”.     
Ölkənin müxtəlif regionlarından Muxtar Respublikaya çağırışçılar göndərilsə də Naxçıvandan Azərbaycanın digər rayonlarındakı hərbi hissələrə əsgərlər göndərilməməsinə də aydınlıq gətirən deputat qeyd etdi ki, hərbi sahədə də sərt kvota mövcuddur. Ölkənin bütün ərazisi üzrə hərbi hissələrin yerləşməsinin və dislokasiyaların formalaşmasının vahid prinsipi olduğunu deyən Z.Oruc bildirdi ki, hər bir rayonda xidmət edən əsgərlərin sayı ilə Naxçıvandakı əsgərlərin sayını eyniləşdirmək olmur. Naxçıvanda bu kvota yerli əsgərlərin hesabına formalaşır.

“Sual oluna bilər ki, kütləvi halda insanlar Naxçıvana hərbi xidmətə gedirlər? Mən deyərdim ki, xeyr. Qeyd etdiyimiz problem buradan Naxçıvana göndərilən əsgərlərimizin sayına təsir göstərib. Odur ki, bütövlükdə silahlı qüvvələrin qarşısında dayanan mühüm məsələ ərazi işğalının aradan qaldırılmasıdır. O zaman Naxçıvanla quru sərhədinin bərpa olunacaq və bu problem də öz həllini tapacaq. Ona görə də, Naxçıvanlı gənclərin yalnız orada xidmət keçmələrini onlara xüsusi güzəşt kimi təqdim etmək doğru olmazdı. Muxtar Respublikada da rayonlar olduğundan orada bir rayondan digərinə düşmə prinsipi icra olunur. Ona görə də heç kim deyə bilməz ki, gənclər öz evlərinə ən yaxın ərazidə xidmət edirlər”.  

Gültəkin ƏLƏSGƏR          
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı