Modern.az

Azərbaycanda korrupsiya cinayətlərinin STATİSTİKASI açıqlandı

Azərbaycanda korrupsiya cinayətlərinin STATİSTİKASI açıqlandı

Ölkə

17 Yanvar 2014, 11:29


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində 2013-cü ildə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı mətbuat konfransı keçirilib.
Modern.az xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Әliyev ötən ilin yekunu ilə bağlı ətraflı məlumat verib.

K.Əliyevin sözlərinə görə, ötən il idarə tərəfindən vətəndaşların 1860 müraciətinə baxılıb, həmçinin 230 cinayət xarakterli material araşdırılıb. Həmin cinayət xarakterli materialların 69%-i üzrə cinayət işi başlanıb, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.

İdarənin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə bu müddət ərzində 5311 müraciət daxil olub, həmin müraciətlərin 26-ı üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmaqla istintaq aparılıb, onlardan 16-sı üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib. Bununla yanaşı, korrupsiya ilə əlaqədar olmayan müraciət müəlliflərinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulmuş hüquqlarının bərpası ilə bağlı ətraflı izahlar verilib.

2013-cü il ərzində idarənin növbətçi prokurorları tərəfindən korrupsiya və digər hüquqpozmalar barədə müraciət etmiş 205, idarə rəisi tərəfindən isə 25 vətəndaş qəbul edilməklə ərizələri alınıb, həmin ərizələr üzrə tam və hərtərəfli araşdırmalar aparılmaqla obyektiv qərarların qəbul edilməsi təmin edilib.


Hesabat dövrü ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə idarənin əməliyyat qurumları tərəfindən 424 müraciət araşdırılıbr. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 18, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 7 cinayət işi başlanıb. Həmin işlərdən 19-u üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

2013-cü il ərzində idarənin İstintaq şöbəsi tərəfindən 367 şəxs barəsində 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Həmin cinayət işlərindən 3 şəxs barəsində 2 iş rüşvət vermə (aktiv rüşvətxorluq), 41 şəxs barəsində 16 iş rüşvət alma (passiv rüşvətxorluq), 66 şəxs barəsində 36 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 5 şəxs barəsində 4 iş vəzifə səlahiyyətlərini aşma, 8 şəxs barəsində 4 iş səhlənkarlıq, 124 şəxs barəsində 65 iş mənimsəmə və israf etmə, 1 şəxs barəsində 1 iş təbii qaz, elektrik və istilik enerjisini talama, 17 şəxs barəsində 7 iş qanunsuz və yalançı sahibkarlıq, 2 şəxs barəsində 2 iş vergidən yayınma, 84 şəxs barəsində 51 iş dələduzluq, 16 şəxs barəsində 13 iş isə digər faktlarla əlaqədar olub.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 40 milyon 92 min manat ziyandan istintaq müddətində 17 milyon 236 min manat və ya 42,9 %-i ödənilmiş, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

2013-cü il ərzində də korrupsiyaya qarşı mübarizə sahəsində idarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib.

Belə ki, əhalinin sosial müdafiəsi, səhiyyə, nəqliyyat və digər sahələrdə aşkar edilmiş pozuntuların aradan qaldırılması ilə əlaqədar təkliflər hazırlanıb aidiyyəti qurumlara təqdim edilmiş, həmçinin bir sıra hallarda vəzifəli şəxslər tərəfindən "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun tələblərinin pozularaq cinayət xarakteri daşımayan pozuntulara yol verildiyi müəyyənləşdirildiyindən həmin şəxslər barəsində "Prokurorluq haqqında" qanuna müvafiq olaraq aidiyyəti üzrə təqdimatlar verilib. 

Gültəkin Ələsgər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı