ŞÜŞƏ SİLƏN 10 il ƏVVƏL
Maşını svetoforun qırmızı işığında saxlayıram. 7-8 yaşlı oğlan uşaq əlində əski yaxınlaşır. Tərtəmiz faraları silir. Yaşıl işığın yanacağını görüb tez pəncərəmə yaxınlaşır:
- Əmi, 20 qəpik ver də...
Dinmirəm. Qızım yanımda oturub.
- Əmi, sən o yanındakı gözəl qızın canı, 20 qəpik ver də.
Vermirəm.
- Əmi, 20 qəpik ver, bulka alım, yeyim.
Əl çəkmədiyini görüb 20 qəpiyin verib ordan uzaqlaşıram.
ŞÜŞƏ SİLƏN 10 İL SONRA
Gecə saat 12-dir. Toydan qayıdıram. 17-18 yaşlı uşaq qabağımı kəsir. Əlində də bıçaq.
- Alə, pulları çıxart.
Donub qalıram. Həmin şüşə silən, 20 qəpiyə görə yalvaran uşaqdır.
- Nə donub qalmısan? Yortum qarnıvu? Çevir ciblərivi.
Nəyim var çıxarıb verirəm.
- Saatı da çıxart.
Saatı da verirəm. Görəsən əl çəkəcək. Bıçaqlamaz ki...
- Əmi, qorxma. Öldürmərəm. Sağ ol de... şalvarını çıxartdırmadım. Ha...Ha...Ha.
Deyib, uzaqlaşır.
QARABAĞ ƏLİLİ BUGÜN
- Salam.
- Hə, nə deyirsən? Vaxtım yoxdur. Tez elə.
- Torpaq istəyirəm. Ev tikim. Həyətyanı sahədə də toyuq-cücə saxlayım. Nəsə əkim.
- Torpaq yoxdur.
- Axı, mən Qarabağ əliliyəm. Qarabağda qılçamı itirmişəm.
- Neyləyim... Nə vaxt torpaqlar alınar, qılçanı basdırdığın yerdə də gedib ev tikərsən.
- Özümü yandıracam!
- Get nə istəyirsən, elə!
Qarabağ əlili həyətə çıxır. Üstünə benzin töküb yandırır.
QARABAĞ ƏLİLİ 10 İL SONRA
- Salam.
- Hə, nə deyirsən? Vaxtım yoxdur.
- Torpaq istəyirəm. Ev tikim. Həyətyanı sahədə də toyuq-cücə sağlayım. Nəsə əkim.
- Torpaq yoxdur.
- Axı, mən Qarabağ əliliyəm. Qarabağda qılçamı itirmişəm.
- Neyləyim... Nə vaxt torpaqlar alınar, qılçanı basdırdığın yerdə də gedib ev tikərsən.
Qarabağ əlili elə kabinetdəcə benzini çıxarır. İcra başçısının üstünə tökür. Kibriti çəkir.