“Bütün siyasətçilər hər yerdə eynidirlər: onlar körpünü elə yerdə tikməyə söz verirlər ki, heç orda çay yoxdur”.
Nikita Xruşov
Nikita Xruşovun doqquz illik Sovetlər birliyinə rəhbərlik dövrünə, onun siyasi fəaliyyətinə baxış birmənalı deyil. Kapitalist ölkələri ilə münasibətlərin yaxşılaşması, sovet pulunun dəyişdirilməsi, kosmosun fəth olunması, siyasi məhbusların bəraət alması və s. hadisələr Xruşovun hakimiyyəti dövrünə təsadüf edir. Ancaq bunlarla yanaşı rəhbər siyasi fəaliyyətində bir sıra maraqlı məqamlarla da yadda qalıb.
Nikita Xruşov ilk dəfə olaraq Stalinin şəxsiyyətə pərəstiş məsələsini dövrün ən böyük siyasi tədbirində, partiyanın 20-ci qurultayında kəskin tənqid edib və 1961-ci ildə onun nəşinin mavzoleydən çıxarılmasına nail olub.
Beriya Xruşovu hətta büro üzvləri qarşısında “xryuşa” adlandırsa da Xruşov təmkinin pozmayıb. Məqamı çatanda isə Xruşov Beriyanın həbs olunması üçün Jukova xüsusi əmr verib.
Nikita Xruşov 1960-cı ildə BMT-nin iclasında çıxış edən zaman ayaqqabısını çıxardıb tribunaya döycələyib, SSRİ-ni tənqid edənləri bu üsulla hədələyib. Həmin məşhur ayaqqabılar 2007-ci ildə Xruşovun nəvəsi tərəfindən 30 min dollara amerika vətəndaşına satılıb.
Xruşovun ən yadda qalan islahatlarından biri də qarğıdalı plantasiyalarının salınması olub. O hətta Sibirdə, Tayqada belə plantasiyaların salınmasına göstəriş verib.
Ginnesin rekordlar kitabına düşən ən bahalı teleqram da Nikita Xruşova məxsusdur. Bu Xruşovun 12 aprel 1961-ci ildə Yuri Qaqarinə ünvanladığı teleqramdır. Həmin teleqram 1993-cü ildə Amerikada keçirilən hərracda 68500 dollara satılıb.
İlk dəfə olaraq SSRi-dən kosmosa it göndəriləndə Amerika prezidenti bundan məyus olur ki, niyə Amerika yox, məhz SSRİ. Bu məyusluqdan xoçhallanan Nikita Xruşov həmkarını bir az da qıcıqlandırmaq üçün Kennedinin həyat yoldaşına gözəl bir it bağışlayır.
Nikita Xruşovun siyasi fəaliyyətində maraq çəkən məqamlardan biri odur ki, o hansı vəzifədə işləməsindən asılı olmayaraq kilsələrin bağlanmasının təşəbbüskarı olub. Ancaq bu təşəbbüsdə Xruşovu heç kim dəstəkləməyib.
Nikita Xruşov 1 dəfə Sovet İttifaqı Qəhrəmanı, 3 dəfə Sosialist Əməyi Qəhrəmanı kimi yüksək mükafatlarla təltif olunub.
Xruşovun Sovetlər birliyinə rəhbərliyi dövründə SSRİ Silahlı Qüvvələrinin şəxsi heyətinin üçdə bir hissəsi ixtisar olunub.
Nikita Xruşovun yaddaqalan islahatlarından biri də sovet vətəndaşlarının mənzil şəraitinin yaxşılaşdırılması olub. Bu məqsədlə 1956-cı ildən kütləvi şəkildə yeni yaşayış binalarının tikintisi başlanıb. Həmin binalar bu gün də onun adı ilə “xruşovka” adlanır.
Ermənilərin Dağlıq Qarabağın Ermənistanın tərkibinə verilməsi məsələsinə Xruşovun münasibəti sərt və kəskin olub. 1960-cı ildə bu məsələ ilə bağlı ona müraciət edəndə o qəti şəkildə etirazını bildirib. 1964-cü ildə Krım Rusiyanın tərkibindən çıxarılıb Ukraynaya veriləndə Mikoyan Dağlıq Qarabağ məsələsi ilə bağlı Xruşova yenidən müraciət edib. Xruşov bu məsələni birdəfəlik həll etmək üçün Mikoyana maraqlı bir cavab verib:
- Yoldaş Mikoyan, siz bu təklif və təkidlərinizlə məni Qarabağda yaşayan ermənilərin Ermənistana köçürülməsi ilə bağlı sərəncam imzalamağa məcbur edirsiniz.
Nikita Xruşovun siyasi karyerasının sonluğu da qeyri-adi olub. Belə ki, o istirahətdə olduğu zaman 14 oktyabr 1964-cü ildə Mərkəzi Komitənin növbədənkənar plenumunda vəzifəsindən azad edilib, Leonid İliç Brejnev isə SSRİ-nin yeni rəhbəri seçilib. Bu plenumun keçirilməsinin əsas təşkilatçısı və təşəbbüskarı Mikoyan olub.
Xruşovun vəzifədən azad edilməsi xəbərini həyat yoldaşı Nina Petrovna Karlovı Varidə eşidib. Həmin vaxt Nina Petrovna Brejnevin həyat yoldaşı Viktoriya Petrovna ilə birlikdə istirahətdə olublar. Xruşovun xanımının ciddi narahatçılıq keçirməsinə baxmayaraq Brejnevin həyat yoldaşı sevincini gizlədə bilməyib:
- Nina, artıq sabahdan mən səni Böyük Teatrın fəxri lojasına konsertə tamaşa etməyə dəvət edəcəm.
Beləliklə “Mən kommunizmi qurub, kapitalizmin məzarını ziyarət edəcəyəm” deyən Nikita Segeyeviç Xruşov öz arzusuna çatmayıb.
Ömrünün sonuna kimi sadəcə fəxri təqaüdçü kimi yaşayan Nikita Xruşov 1971-ci ildə vəfat edib.
İlham Cəmiloğlu