Modern.az

Hacıbala Abutalıbovun sərəncamı havada qalıb

Hacıbala Abutalıbovun sərəncamı havada qalıb

Ölkə

30 Yanvar 2014, 14:02

Son dövrlərdə Bakıda tıxacların qarşısının alınması, avtomobillərin maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə Bakıda bir neçə yeraltı avtomobil dayanacağı yaradılaraq, avtomobil sahiblərinin istifadəsinə verilib. Amma həmin dayanacaqlarda qiymətlərin yüksək olması sürücüləri onlardan uzaq salıb. Bu səbəbdən də payxtaxtın əsas küçələrinin kənarında avtomillərin necə gəldi parklanması müşahidə olunmaqdadır ki, nəticədə nəqliyyatın hərəkətinə ciddi əngəllər yaranır.

Qeyd edək ki, bu məsələ dəfələrlə deputatlar tərəfindən də qalıdırılıb və yeraltı dayanacaqlardakı qiymətlərin endirilməsi təklif olunub. Deputat Çingiz Qənizadənin sözlərinə görə, şəhərdəki tıxac probleminin həlli üçün salınmış yeraltı dayanacaqlarda maşını 6 saatdan yuxarı saxlamaq üçün 6 manat ödəmək lazımdır. Deməli, ayda 150 manat yalnız maşın dayancağına pul verilməlidir.
“Dünyanın heç yerində belə qiymətlər yoxdur. Dövlətin siyasəti nəticəsində dayanacaqlar tikilib istifadəyə verilib. Amma kimlərsə bundan daha çox qazanc əldə etməyə çalışırlar”-deyə millət vəkili bildirib.

Bakı Şəhər İcra Hakimiyyətindən Modern.az saytına bildirilib ki, yeraltı dayanacaqları idarə edən özəl qurumların qiymətləri endirəcəyi gözlənilir. Qeyd edilib ki, mer Hacıbala Abutalıbov hələ ötən ilin 26 iyulunda “Bakı şəhərində yeraltı və yerüstü avtomobil dayanacaqları haqqında” sərəncam imzalayıb. Sərəncama müvafiq olaraq Bakı şəhərinin mərkəzi hissəsində yaranan nəqliyyat sıxlığı probleminin aradan qaldırılması məqsədilə paytaxtın mərkəzi hissəsində yerləşən dövlət və qeyri-dövlət müəssisə və təşkilatlarına məktub ünvanlanıb.

Həmin məktub vasitəsilə avtomobil sahibləri yeraltı dayancaqlardan istifadəyə çağırılıb.

Doğrudur həmin sərəncamdan sonra Bakının mərkəzi küçələrində avtomobillərin icazəsiz yerlərdə saxlanması halları müvəqqəti də olsa azalıb, amma bu, bir müddət belə davam edib, vəziyyət yenə əvvəlki kimidir.

Xatırladaq ki, Hacıbala Abutalıbovun həmin məktubunda tələb olunub ki, sözügedən sərəncama əsasən, paytaxtın Neftçilər, G.Səfərəliyeva, Ü.Hacıbəyov (Hökümət evinin ətrafı), İstiqlaliyyət, (Gənclər meydanı, Qoşa Qala Qapısı), Əziz Əliyev, Azərbaycan, Ə.Cavad, Bül-bül, R.Behbudov, Azadlıq, 28 may, Xəqani, Xəqani adına bağın ətrafı (keçmiş “9 Yanvar” bağı), Nizami, Füzuli dairəsi, Ş.Qurbanov, Nizami metrostansiyasının qarşısındakı C.Cabbarlı və Z.Əhmədbəyov küçələrinin kəsişməsi, Ə.Hüseynzadə küçəsinə qədər olan hissə, Ş.Bədəlbəyli, S.Vurğun, Füzuli, M.A.Əliyev və şəhərin digər mərkəzi hissələrini əhatə edən küçə və prospektlərində, müəyyən olunmamış yerlərdə, küçələrin səki hissələrində avtomobillərin parklanması, durması və dayanması qəti qadağan edilib.

Paytaxtın mərkəzi küçələrində yerləşən və istifadələrində avtomobil olan bütün idarə və müəssisələrdən, yerli və xarici nümayəndəliklərdən, beynəlxalq təşkilatlardan, həmçinin qeyd olunan qurumlarda çalışan və istifadələrində avtomobil olan əməkdaşlarından xahiş olunub ki, avtomobillərin parklanması, durması və dayanması qaydalarına riayət etsinlər.

“Rəhbərlik etdiyiniz qurumlarda çalışan avtomobil sahiblərindən qeyd olunan problemin aradan qaldırılması məqsədilə xidməti və fərdi avtomobillərin Heydər Əliyev adına Saray ilə Füzuli meydanı arasında yeni istifadəyə verilmiş müasir tipli yeraltı avtomobil dayanacağında və ya digər yeraltı avtomobil dayanacaqlarında parklanmasını tövsiyə etməyiniz xahiş olunur.
Əks təqdirdə nəqliyyatın sıxlığının və tıxacların qarşısının alınması məqsədilə adları qeyd olunan küçə və prospektlərdə, müəyyən olunmamış yerlərdə, küçələrin səki hissələrində avtomobillərin qanunsuz parklanması hallarının qarşısı sərt inzibati üsullarla alınacaqdır”-deyə Hacıbala Abutalıbov müvafiq ünvanlara göndərdiyi məktubda vurğulayıb.

Hazırda şəhərin küçələrində hər gün təkrarlanan mənzərə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbuvun sərəncamının havada qaldığını deməyə əsas verir.


Modern.az
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı