Mən dünyada müxtəlif dinlər tanıyıram. Mirzə Fətəli Axundov kimi onları puç və əfsanə hesab etmirəm. Hamısına hörmətlə yanaşıram. Xüsusilə də öz İslam dinimizə. Baxmayaraq ki, sovet dövrünün yetirməsiyəm. Amma yaşım artdıqca başa düşürəm ki, hər bir dinin içində parçalanmalar varmış. Daha doğrusu bölmələr. Xristian - boynundan xaç asan hər kəs - katolik, provaslav, protestantlara bölünür. Hətta erməninin xaçının ucu oyulmuş olur. İslamda da sünni-şiyə məsələsini bilirdim. Zaman keçdikcə yeni təriqətləri də siz bizə əyan edirsiniz, mənim kimi yatmışları oyadırsınız.
DEMƏ“ALLAH HAQQI” DEMİŞİK...
Uzun, səliqəyə salınmamış saqqalı, şalvarının ətəyi topuqdan olan insan görəndə barmaqla göstərib “vəhhabidir” deyirik. İçmirlər, çəkmirlər. Pis vərdişlərdən uzaqdırlar. Çox dərindən tanımasam da, hardasa onlara bir simpatiyam, ehtiramım var. Nə ehtiram? Sonda deyəcəyəm.
Nədir bunların günahı və ya günahsızlığı? Nə işlə məşğuldurlar? Bunu bilmirəm. Saytlarda yazılanlar düzgündürmü? Bilmirəm. Amma Azərbaycan vəhhabisiylə bağlı bir müşahidəmi sizinlə də bölüşmək istəyirəm.
Evi təmir elətdirirdim. Dükana girdik. Xarici görünüşündən vəhhabi olan biri bizə yaxınlaşdı. Yüksək mədəniyyət nümayiş etdirdi. Malları göstərdi. Biz də bəyəndik, seçdik. İş gəldi qiymət məsələsinə. Vəhhabi müdir hansı qiyməti demişdisə, üstündə də dayandı. Biz isə pulumuzun az olduğunu, ondan artıq verməyəcəyimizi dedik. Yox, elə bilməyin ki, pulum yox idi. Sadəcə al-ver edirdik. Ucundan tutub ucuzluğa çatmaq üçün. Nəhayət ustam:
- Allah haqqı pulumuz bu qədərdir. Qiyməti sal, alaq, - dedi.
Səhərdən “sınmayan” vahabi müdir o saat razılaşdı. Divar kağızını biz deyən qiymətə verdi. Üstəlik yapışqanın, rezakın da bağışladı. Onun bu hərəkəti məni çox düşündürdü. Axı, niyə öz qiymətində israr edən adam, birdən-birə fikrini dəyişdi? Cibinə niyə ziyan etdi? Sonralar anladım. Ustam “Allah haqqı” demişdi axı. Allahın adı olan yerdə vəhhabi gücsüzdür. Gəlin cümləmi bir az da konkretləşdirim. Allahın adı olan yerdə vəhhabi güclüdür.
NURÇU
Onları xarici görünüşündən tanımaq mümkün deyil. Mən yalnız bir əlamətə görə təyin edə bilirəm. Kimə “xocam” deyilsə bilin ki, nurçudur. Çöhrələrindən nur tökülür. İçmirlər, çəkmirlər. Pis vərdişlərdən uzaqdırlar. Təhsili, biliyi yüksək tuturlar. Azərbaycanda məktəblər açıb, həm özləri dolanırlar, həm də bilikli uşaqları bir yerə yığıb yüksək təhsil verirlər. Ən istedadlılarını qanadları altına alırlar. Beynimizi xaricə axıdırlar.
Burda haşiyə çıxmaq istərdim. Bir tanışım var. O gün gileylənir ki, bəs rektor çağırmışdı yanına. Ki, oğlun dərsə gəlmir. Qayıbları da o həddə çatıb ki, qovulmalıdır. Oğlum da deyir ki, “bəs mən bir də universitetə getməyəcəyəm. Çıxıram”.
Tanışım deyir ki, oğlu Türk litseyini bitirib. 670 balla şərqşünaslığa girib. İndi də deyir ki, “ata, mən mükəmməl bilik almaq istəyirəm, bunu da mənə vermirlər. Mən Türkiyədə təhsil almaq istəyirəm”. Mən də kasıb adam. Oğlum da özbaşına gedib türklərə müraciət edib. Söz veriblər ki, bonus ayırsınlar.
Əgər sizin də bilik və qabiliyyətinizə kimsə qiymət versə, təhsilinizi davam etdirməyə kömək etsə, bilin ki, nurçudur.
TƏRİQƏTLƏR
Gündə bir təriqət adı meydana çıxır. Adların sadalamağa lüzum bilmirəm. Əgər hər hansı birisiylə üzbəüz otursan məntiqləri, savadları və bilikləriylə sıravi vətəndaşı öz tərəflərinə çəkmək qabiliyyətinə malikdirlər.
Əgər hansısa vəzifəli adamın oğlu içirmişsə, çəkirmişsə, eyş-işrətlə məşğul olurmuşsa və bu təriqətlərdən hansı birisə onu düz yola qaytarıbsa və o da Allahın böyüklüyünü başa düşərək bu vərdişlərdən uzaq durubsa, bu təriqət rəğbətə layiqdir, yoxsa töhmətə?
Əgər Azərbaycanda bu təriqəti maliyyələşdirməkdə günahlamdırdığımız Səudiyyə Ərəbistanının ərazisində Məkkə şəhəri, Kəbə evi yerləşirsə və hər il yüzlərlə azərbaycanlı dünya müsəlmanlarının mərkəzi sayılan ora ziyarətə gedib hacı olursa - bu dövlət rəğbətə layiqdir, yoxsa töhmətə?
NƏSİMİ, VAHABİ, NURÇU...
Hər dəfə bu təriqətlərin adı çəkiləndə Nəsimi yada düşür. Hürufiliyi, Sufi təriqətini yaydığına görə dərisi soyulan İmadəddin Nəsimi. Edam etdilər – dediyindən dönmədi. Fəzlullahı isə dörd yerə şaqqaladılar. O da dediyindən dönmədi. Yenəmi ideya?
Əgər belə qorxulu şeydirsə vaxtında niyə tədbir görmürlər? Əgər bir təriqətin yayılmasında dünya müsəlmanlarının müqəddəs şəhəri olan Məkkə şəhərinin – Kəbənin yerləşdiyi Səudiyyə Ərəbistanının arxa kimi adı çəkilirsə, bu reklamdır, yoxsa antireklam?
Əgər bütün günü televiziya və saytlarda Nurçuların lideri Fətullah Güləni böyük güc, o boyda Türk Cümhuriyyətinin baş naziri Rəcəb Tayyib Ərdoğanı isə zəif məxluq kimi göstəririksə, onda Azərbaycandakı nurçular pis adamdırlar, yoxsa yaxşı? Zəifdirlər, yoxsa güclü?
HANSI MƏSHƏBƏ QULLUQ EDİR?
Belə bir məsəl var. “Filan vəzifəli, pullu, oliqarx görəsən hansı məshəbə qulluq edir?”. Yox dini mənada başa düşməyin. Bizim vəzifəlilərin hamısı müsəlmandır.
Sadəcə hər hansı biri vəzifədən çıxarılan kimi bu sual ortaya gəlir. Obyektləri, pulları, yaxtaları, imarətləri, oğlanlarının adına xaricdəki firmaları gündəm mövzusu olur. Araşdırdım. Tapdım. Birin, ikisini deyim. O birilərini də özünüz tapın.
Yunan Allahları. Yəqin ki, onları tanıyırsınız. Səmavi dinlərdən çox-çox qabaq olublar. Cild-cild mifologoyalar, əsatirlər var haqlarında. Böyükləri də ZEVSdir.
FEMİDA
Metroda bir ədliiyə işçisi gördüm. Nişanında tərəzi işarəsiydi. O an Binə qəsəbəsində Ədliyyə Nazirliyinin cəzaçəkmə müəssisəsinin qabağında ucaldılan əzəmətli Femida heykəli yadıma düşdü. Femida ədalət ilahəsi sayılır. Dünya, o cümlədən Azərbaycan ədliyyəsində də bir simvoldur. Gözləri bağlı, bir əlində qılınc, o birində mizan tərəzi. Bir növ ədalət allahı. Belə çıxır ki, Azərbaycanın ədliyyə işçiləri bütə - göylər Allahı Zevsin ikinci arvadı, ədalət allahı Femidaya sitayiş edir?
POSEYDON
Xəzər Dəniz Gəmiçiliyinin keçmiş rəisi Aydın Bəşirov haqqında işdən çıxandan sonra pis xəbərlər yayılmağa başladı. Demə bu illər ərzində o ancaq cibinə işləyirmiş. Heç nə də baş vermirmiş. Dəniz onu öz doğması kimi qəbul edirmiş. Belə çıxır ki, Xəzərə nəzarət edənlərimiz Zevsin qardaşı, dəniz allahı Poseydona sitayiş edirlər? Ona görə də işləri belə xod gedir?
ZEVS
Əvvəlcədən deyirəm. Üzərrik yandırın. Yüz dəfə “tfu-tfu” deyin. Lap filan yerinizi qaşıyın da... Dünyadan təyyarə qəzalarıyla bağlı xəbərlər gəlsə də, Azərbaycanda salamatçılıqdır. Gəlir, qazanc da öz yerində. İndi belə çıxır ki, AZAL göylər Allahı Zevsə sitayiş edir? Ona bac-xərac göndərir?
BİR QURUMUN ALLAHI YOXDUR
Yunan mifologiyasında allahlar çoxdur. Lap Azərbaycanda olan nazirlik-komitələrin sayı qədər. İndi bir fikir meydana çıxır. Onlar Azərbaycanamı xidmət edir, yoxsa onları hifz edən yunan allahlarına? Amma birindən başqa. Bu da Neft Şirkətidir. Axı o vaxt neft olmayıb. Ona görə də kütləvi ixtisarlar, işdənçıxarmalar yalnız SOCAR-da baş verir. İşdən çıxarılan neftçilər, qəm yeməyin. Dua edin. Bəlkə uca Zevsin sizə yazığı gəlib SOCAR-a da öz allahını göndərdi. Yox, səhv etdim. Bütün neft quyularının yanında, zavodlarda göyə alovlar ucalır axı. Bu dolayısı yolla Atəşpərəstlik deyilmi? Demə ARDNŞ özü ayrıca bir dinmiş. Rövnəq müəllim, günahımdan keç.
SON
İntiharlarla bağlı xəbərlərə indi də təriqətlər əlavə olundu. Mən də çaşaraq özümün kəşf etdiyim “təriqət”ləri yazdım. Aidiyyatlı qurumlarların işini yaman artırdım. Nurçularla, vahabilərlə, sələfilərlə bacarmırdılar, Femidaçılar, poseydonçular və göylər Allahı Zevsin Allah təyin etdiyi digər Allah qohumlarıyla, atəşpərəstliklə necə bacaracaqlar?
Vəhhabilər isə heç nə demir. Sadəcə Allahın adını çəkirsən, “Allah haqqı” deyirsən - qulun olur. Nurçulara bilik və bacarığını göstərirsən arxan olur. Görəsən hansı yaxşıdır? Allaha sitayiş, biliyə qibtə, yoxsa oda, bütlərə səcdə?