
Bu gün dünya şöhrətli alim, elmdə inqilab sayılan qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin 93 yaşı tamam olur. “Əslən Azərbaycandan olan alimə ən yaxın olan şəxs təbii ki, Lütfi Zadə irsinin varisi və “Süni intellekt və Lütfi Zadə Mərkəzi”nin rəhbəri professor Rafiq Əliyevdir.
Modern.az-a açıqlamasında o, böyük alimi təbrik etməyindən, ona göndərdiyi təbrik məktubu və telefon danışığından bəhs edib:
“Bu gün səhər duran kimi zəng vurub təbrik elədim. Dedi ki, ay Rafiq, məni niyə təbrik edirsən? Sən bilirsən axı, mən heç vaxt ad günü keçirmirəm. Dedim, onu bilirəm, amma siz keçirtmirsiniz, biz keçiririk. Dedim ki, sizi Azərbaycanda çox sevirlər, dostlarınız da, həmkarlarınız da, televiziya kanalları və mətbuat da sizi təbrik edir. Həm də bir məktub yazdım ona. Telefon söhbəti tarixdə qalmır, amma məktub qalır. Məndə pafoslu danışıq yoxdu. Bilirsiz ki, bəlağətli danışığı sevmirəm. Amma Zadə təkcə Azərbaycan üçün yox, Amerika üçün yox, bütün dünya üçün bu saat ən nadir bir şəxsiyyətdir. Nyutondan, Eynşteyndən sonra sağ qalmış bir adamdır. Mən fikirləşdim ki, ona nə yazım... İngilislərin bir ifadəsi var: “leaving genius” , yəni yaşayan dahi. İngilis ədəbiyyatında, ingilis mənbələrində bu ifadə tez-tez işlənir. Mən də ingilis dilində ona yazdım ki, siz əsl canlı dahisiz. Çox sağ olun ki, dünyanı bu qədər dəyişə bildiniz. Mən “Qeyri-səlis və din“ adlı yazımda da qeyd etmişdim ki, qeyri-səlis məntiq başqa dünya təfəkkürünü yaradıb. Qeyri-səlis məntiq dini, siyasi insanlar arasında olan konfliktləri aradan götürmək üçün nəzərdə tutulan bir məntiqdir. Texnikada, fizikada tətbiq edilmək üçün deyil, bu, yeni bir dünyagörüşdü. Ona görə də mən onu sivilizasiya adlandırdım. Lütfi Zadə də yeni sivilizasiyaya keçidə stimul verən bir şəxsiyyətdir“.

Elmin Nuri