Sumqayıtda bir yataqxanada kiçik bir otaqda məskunlaşan 76 yaşlı Aydın dayıya verdiyim sual deyəsən yerinə düşməmişdi. “Xocalı yuxunuza gəlirmi?”. Kişi papağını çıxarıb əlini yellədi:
- Ay bala,heç yatıram ki, yuxu da görəm. Düz 22 ildir o gecənin ağrı-acısı hər gecə gəlir dolur gözlərimə. Unutmaq olmur. Mən daşam, divaram ki, partlamayam, parçalanmayam... Heç nəyi unutmuram. Allah o gecə elə bil ki, bizi sınağa çəkirdi. Ən çox unutmadığım isə Müşkülat adlı qonşumuun 6 aylıq qızını böğması i idi. Qucağındakı uşaq qarlı-çovğunlu, yolsuz meşədə dayanmadan ağlayırdı. Mən yol axtarıb arxamızca gələn adamları ermənilərin olduğu yerdən uzaqlaşdırdım ki, uşağın səsini eşidib, gəlib bizi tapmasınlar. Bir az getmişdik ki, bir də gördüm Müşkülat deyir ki, “..əmi, mən uşağı boğub öldürdüm, hara tullayım...”. Dəhşətə gəldim, bu zülmün son həddi idi. Qohum-qonşular ələ keçməsin deyə, cavan gəlin, yeganə körpəsinə qıymışdı. Qundağdakı körpəsinə baxdım ki, qap-qara qaralıb, ancaq dodaqları qırmızıdır. Dedim a bala, neylədin? Atma uşağı, bəlkə ona görə Allah bizi bağışlayar. Ermənilərin səsi gələn ərazidən xeyli uzaqlaşmışdıq ki, bir də gördüm, Müşkülat ağlaya-ağlaya deyir: “Əmi, uşaq dirildi axı...”.
Bu uşağın adını atası Salatın qoymuşdu. Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərova Xocalı aeroportunda düşəndə Müşkülatın əri qarşılıyıb, ona yemək də vermişdi. Qızı anadan olan gecə ermənilər Salatın Əsgərovanı vəhşicəsinə qətlə yetirmişdilər. O da Salatının şərəfinə qızına onun adını vermişdi.

Dağlara əmanət edilən xocalılar...
Neçə xonçalar gəlin evinə getmədi, neçə arzu kam yandı o gecə dünyanın ən səfalı, ən gzəl yeri olan Xocalıda qalanan tonqallarda. Təzə evlənənlər ev tikmişdilər, ev qurmuşular ki, körpələri ata yurduna sahib çıxacaqlar. İnsanın ürəyində hər zaman gözəl arzular olur. Xocalılar da planetimizin bütün insanları kimi hər zaman gözəl arzularla yaşayrdılar, evlərini, eşiklərini qurur, ata-baba ocaqlarına sahiblik edirdilər. 1988-ci il onların bu dinc həyatına son qoydu. O zaman ermənilər artıq Qarabağda Azərbaycandan torpaq iddiası ilə nümayişlərə çıxmağa başlamışdılar. O gündən də xocalılıların qara günləri başladı. Azərbaycan rayonlarını rus ordusunun hərbi birləşmələrinin iştirakı ilə bir-bir işğal etməyə başlayan ermənilər, indi Xocalını hədəf seçmişdilər. Erməni silahlı quldur dəstələri müasir silahlarla Xocalının yaşayış ərzilərinə hücum edəndə, Xocalı qəhrəmanları onların qarşısına ov tüfəngi, daşla çıxırdılar. Həmin günlərin acısını öz gözləri ilə görən Sara Əliyeva danışır, Aydın kişinin bacısı:

- Xocalıya ancaq vertolyot vasitəsilə gəlib-getmək olurdu. Axırıncı vertolyot da noyabrda Şuşada vurulandan sonra, daha vertolyot da uçmadı. Bakı ilə əlaqəmiz kəsildi. Qaldıq Allahın umuduna. Açlıq, səfalət başladı. Bir qab un tapanda onu çalışırdıq ki, açlıqdan ağlayan uşaqlara verək. Belə şeyləri müharibə kinolarında görmüşdük. Əsgəran ermənilər tərəfindən işğal olunandan sonra, bütün olan-qalan ümidlərimiz də öldü. 25-i fevral günü yoldaşım evə gəldi. Milli Ordunun döyüşçüsü idi. Malik İmanlı Ağayar oğlu. Dedi ki, ermənilər bütün Xocalını tanklar və hərbi texnika ilə mühasirəyə alıblar. Gedin qohum-qonşunun zirzəmisində gizlənin. Xocalıda vəziyyətdən hali olduğumuzdan bizim uşaqları bir ay əvvəl Bərdəyə bacımgilə göndərmişdik. Mən də mühasib olduğumdan, kəndin haqq-hesab işinə baxırdım. İşi qoyub getməmişdim.
Gecənin bir aləmində bir də gördük ki, dünya dağılır. Torpaq ayağımızın altında lərzəyə gəlir. Tankların, topların, güllələrin səsi bir-birinə qarışıb. Evdə, zirzəmidə gizlənib qalan qohum-qonşularımız ayaqyalın, başıaçıq Qarqar çayı boyunca üzü aşağı qaçmağa başladılar. Qar dizdən, soyuq və şaxta... hara getdiyimizi bilmirik. Haradan erməni səsi gəlirdisə, yolumuzu dəyişirdik. Bir təhər çaydan meşəyə keçdik. Gecənin qaranlığı ana balasını, bala anasıını axtarır, ağlaşma, mələşmə səsləri bir-birinə qarışıb.
Deyirəm əlbət cəhənnəmi o gecə gördük. Ermənilərin atdığı güllədən yoldaşım Malik yaralandı. Neçə gün o qarda, tufanda irəliləməyə özündə təpər tapdı, sonra yarası ağır olduğundan oturdu gedə bilmədi. Əlimi nəfəsimlə isidib yarasının üstünə qoyurdum, bir də yarasından axan qana baxırdım. Onun uzandığı yerdə qarın rəngi qıpqırmızı idi. Əzablara, soyuğa tab gətirməyib, Malik öldü.
Yoldaşımın meyitini kolların dibində qoyub, üstünə bir yaylıq örtdük. Bacımın oğlu, ustunə nişanə qoydu ki, gəlib taparıq. İnsan da ölüsünü, doğmasını atarmı?! O günlərdə qara baxanda elə bilirdim ki, qar qırmızı rəngdədir. Bacım elə bilmişdi havalanmışam. Ancaq elə deyildi, yoldaşımın yarasından axan qana o qədər baxmışdım ki, hər şey gözümə qan rəngində görünürdü.
Kəndimizdən olan bir qadını 16 və 18 yaşında olan oğlanları kürəklərinə şələləyib aparırdılar. Yazıq evdən qaçanda ayaqqabı da geyməmişdi. Bir də gördük ki, arvadın ağzından köpük gəlir. Bədəni qıc oldu. Uşaqlar bacımı çağırıb dedilər ki, anamıza nəsə oldu. Bacım nəalac qalıb dedi ki, apara bilməyəcəksiniz. Ananız ölüb. Bir az da daşıyandan sonra, o uşaqlar da doğma analarının meyitini o dağlara əmanət etdilər.
Kəndimizdən bir gənc ana 3 uşağı ilə ölüb o dağlarda, meşələrdə qaldı. 12 gün ac-yalavac o dağlarda meşələrdə gizləndik, bizimkilər tərəfə yol tapmağa çalışdıq. Bir arzumuz var idi ki, erməni əlinə düşməyək. Çünki yaxın kəndlərdəki fermalardan Xocalıdan erməniyə əsir düşənlərimizin səs-çığırtısı, naləsi gəlirdi. Səsləri ərşə dirənmişdi. Bilirdik ki, onlara olmazın zülmlər verirlər. 12 günün tamammında kənd yollarını, dağları daşları yaxşı tanıyan bələdçilərimizin köməyi ilə Əsgəran tərəfə çıxıdıq, özümüzünkülər harayımıza gəldilər...
Xocalı qətliamına dünyanın hər yerində heykəl qoyulsun!!!

Aydın kişinin bacısı qızı İradə Çəfərovanın Xocalı işğal olunan günü iki körpə uşağı 3 yaşlı oğlu, 2 yaşlı qızı və əri Yusifəli Qarayevlə birlikdə olublar. Bütün xocalılar kimi, onun da əri müdafiə batalyonunda vuruşurmuş. Meşədən, sal qayalıqlardan keçib, balalırını qoruya bilmişdi. Özü o günləri belə xatırlayır:
- Elə olurdu ki, uzun bir yol gedirdik, sonra həmin ərazidən ermənilərin səsini eşidib bir də geri qayıdırdıq.
3 gün 3 gecə meşədə yol gedəndən sonra, ermənilərə əsir düşüblər. İradə Cəfərovanın göz yaşları içərisində danışdıqları:
- Bizi bir kəndə gətirdilər. Orda, Sumqayıtda elə ermənilər tərəfdən öldürülən ermənilərə abidə qoymuşdular. Erməni döyüşçüləri gəlib tövləyə girib bizi hədələyib dedilər ki, “bu gecə sizinkilər bizim bütün türk dünyasına dəyən iki igid əsgərimizi öldürüblər. Onların hayıfını sizdən çıxacağıq”.
Bizi sıraya düzmüşdülər. Sonra sıradan 13 nəfər kişini çağırdılar. Onların arasında mənim həyat yoldaşım Yusif də var idi. İki yaşlı qızım Lamiyə atasının dalınça ağlamağa başladı. Mən də sıradan çıxıb yoldaşımın yanına getdim. Dedim ki, bizi birlikdə aparın. Erməni məni vurub itələdi. Ədəbsiz sözlərlə söydü, yenidən qadınların içinə qatdı. Gözümüzün qabağında döyüşçü kişilərimizi gülləbaran etdilər. Qızım səhərə qədər “ata” deyib ağladı, erməni gətirdi uşağa çörək versin, 2 yaşlı qızım əli ilə çörəyi itələyib, atasını istədi. Həmin günü saat 4-ə qədər bizi saxlayıb, sonra qadınları-uşaqları buraxdılar. Əlmizdə nəyimiz varsa, hər şeyimizi aldılar. Bir də dedilər ki, “əlimizə düşsəniz hər tikənizi qulağınız boyda edəcəyik”...
22 il ərzində çox şey dəyişdi. Həsrətimiz açımız isə həmişə göynəyir. Balalarım böyüdü. Oğlum həkimdir. Qızım Lamiyə Xocalı İcra Hakimiyyətində humanitar məsələr üzrə müavin işləyir. Xocalı təkcə Azərbaycanın yox, dünyanın, insanlığın göz dağıdır. Bir arzum odur ki, Azərbaycanın, dünyanın hər yerində Xocalı şəhidlərinə abidə qoyulsun.