ruhaniyyatçı-filosof
İçsəs
Həqiqətin yolu – birdir.
***
Gerçəklik həqiqətə yetə bilmir – ikinci yol yaranır.
***
Həqiqət ikiləşməyə qarşıdır, ona görə gerçəkliyə qarşıdır.
***
İkinci yol varsa, hökmən o, özünü utanmazcasına birinci yola qarşı qoyacaq.
***
İkinci yol – birinci yolu tanımamaq, anlamamaq, ona inanmamaq, dönük çıxmaq yoludur.
***
Birinci yol – arxayınlaşmamaq, özünə güzəştsizlik; ikinci yol – arxayınlaşmaq, özünə güzəşt yoludur.
***
Ömür – birdir, ömrün həqiqəti – birdir, ona görə yol – birdir.
***
İçindəki ikiləşməni yox edənlərin, öz içində ruhsal aydınlığa çıxanların, həqiqətini – özünü tapanların yoludur – birinci yol.
***
İkiləşmədən qurtulmayanların yoludur – ikinci yol.
***
İkiləşmə aradan qalxanda yol da bir olur – ömür həqiqətləşir.
***
İnamsızlıq ikinci yoldur – inama qarşı.
***
İdraksızlıq ikinci yoldur – idraka qarşı.
***
Mənəviyyatsızlıq ikinci yoldur – mənəviyyata qarşı.
***
İradəsizlik ikinci yoldur – iradəyə qarşı.
***
Qorxu ikinci yoldur – qorxmazlığa qarşı.
***
Yalan ikinci yoldur – doğruya qarşı.
***
Əxlaqsızlıq ikinci yoldur – əxlaqa qarşı.
***
Dönüklük ikinci yoldur – dönməzliyə qarşı.
***
Bütün yaxşı işlər birinci yolun istəyi, çağırışıdır.
***
Bütün pis işlər ikinci yolun istəyi, çağırışıdır.
***
Birinci yol – təhlükənin, pisliyin üstünə getmək yoludur; ikinci yol – təhlükədən qaçmaq, pisliklə barışmaq yoludur.
***
Birinci yol – amal uğrunda candan keçmək yoludur; ikinci yol – amalsızlıq, canını qorumaq, qurtarmaq yoludur.
***
Bir ömürdə iki yol – ömrün ikiləşməsidir.
***
Birinci yol – mahiyyət, həqiqət; ikinci yol – gerçəklik yoludur.
***
Yol – birdir, ikinci – yolsuzluqdur.
