
“Bakının yeni Baş Planı ("Böyük Bakının Regional İnkişaf Planı") MDB çərçivəsində şəhərsalma sahəsində hazırlanmış ilk nəhəng miqyaslı sənəddir. Bu layihədə Bakının nəqliyyat, yol, tikinti, ekoloji və başqa problemlərinin həll edilməsi nəzərdə tutulub”. Modern.az-ın xəbərinə görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildiriblər.
Qeyd olunub ki, 2030-cu ilədək həyata keçiriləcək layihə Bakı şəhərini və Abşeron rayonunun bir hissəsi, eləcə də Sumqayıt şəhərini əhatə edəcək.
Plana görə, Bakı ilə yanaşı Sumqayıt və Xırdalan şəhərinin ərazilərində mühüm dəyişiklər olacaq
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, Bakının “Sovetski” məhəlləsinin ardınca “Papanin” və “Xutor” adlanan ərazilərdəki gecəqondular, yaşayış üçün əlverişli olmayan bütün birmərtəbəli tikililərin sökülməsi nəzərdə tutulur.
Bundan başqa, metronun “Koroğlu” stansiyasının yaxınlığında, Ziya Bünyadov prospekti boyunca yerləşən, “Ulduz” metrostansiyasınadək uzanan Böyük Şor qəsəbəsinin, “205-ci məhəllə” adlanın ərazinin də sökülməsi nəzərdə tutulur. Sözügedən ərazidə birmərtəbəli, kommunal şəraiti olmayan evlər, gecəqondular yerləşir ki, həmin tikililərin təmizlənməsi qarşıda duran məqsədlərdən biridir.
"İlkin planın sxemində həm “Sovetski”, həm “Xutor”, həm də “Papanin”də söküləcək evlərin yerində yalnız yaşıllaşdırma işlərinin aparılması nəzərdə tutulub. Lakin həmin ərazilədə yaşayan insanlar oradan köçməsə, o zaman həmin ərazilərə uyğun yeni plan hazırlana bilər. Hazırda əlimizdə ilkin planın sxemi var. Biz hələ bilmirik ki, oradan neçə nəfər köçəçək. Sökülmə işləri başa çatdıqdan sonra yeni planın hazırlanmasına ehtiyac olub-olmadığı müəyyənləşəcək. Ancaq yaşıllaşdırma ilə yanaşı, həmin ərazilərdə ictimai binalar da tikilə bilər"-deyə komitədən bildirilib.
Bütün bunlarla yanaşı, paytaxtın mərkəzi hissəsindən iri obyektlərin şəhərdən kənara köçürülməsi və ərazinin abadlaşdırılması əsas vəzifə kimi qarşıya qoyulub.
Bakının baş planına görə, Dübəndi, Pirallahı adalarının turizm sahəsinə çevrilməsi nəzərdə tutulur. Ölkə başçısının tapşırığına əsasən mərkəzdə olan müəssisələr şəhərdən kənara köçürülməlidir. Plana görə Qaradağ rayonunun Ələt qəsəbəsində Dəniz Limanının tikilməsi nəzərdə tutulur.
Modern.az