Modern.az

Milli siqaret bazarının NƏHƏNGLƏRİ: Imperial Tobacco: “Azərbaycan ən cəlbedici bazar sayılır”

Milli siqaret bazarının NƏHƏNGLƏRİ: Imperial Tobacco: “Azərbaycan ən cəlbedici bazar sayılır”

Ölkə

7 Mart 2014, 09:13


Gündəlik təlabat malları bütün dünyada, o cümlədən Azərbaycanda ən sürətlə inkişaf edən sektorlardan biridir və tütün məhsulları da bu baxımdan istisna deyil.  Tütün sivil dünyaya bəlli olduğu zamandan bəri siqaret istehsalı da mövcuddur.  Əgər cəmiyyətdə siqaret çəkən kəsim varsa deməli bu bazarın keyfiyyətli məhsulla təmin olunması da vacib məsələlərdən biridir. Azərbaycan bazarında saxta və keyfiyyətsiz siqaretlərin olduğu sirr deyil. Düzgün qablaşdırılmayan, ucuz və keyfiyyətsiz tütündən istehsal olunan bu şübhəli qutuların hansı yollarla bazara ayaq açması da maraq doğurur. İstehlakçı hüquqlarını müdafiə edən qurumlar bununla bağlı dəfələrlə öz münasibətlərini bildiriblər. 

Modern.az saytı Azərbaycan siqater bazarının əsas tərəfdaşlarını tapmaq və onlarla bi mövzuda danışmaq üçün uzun müddət sorqlaşdı.  Uzun zaman göztərdiyimiz cəhdlərdən sonra biz bir sıra şirkətlərdən müsbət cavab ala bildik. 

Axtarışımız maraqlı nəticələr üzə çıxardı. Sən demə Azərbaycanda dünyanın ən nəhəng beynəlxalq şirkətlərinin nümayəndəlikləri çalışırmış. Biz onların hər biri ilə görüşüb ölkəmizdə tütün məhsullarının satışı ilə bağlı tez-tez mətbuat səhifələrində qaldırılan suallarımızı verdik. Biz bu müsahibələri növbə ilə oxucularımızın diqqətinə çatdıracağıq.

Bu gün Azərbaycan tütün bazarının əsas oyunçularından olan Imperial Tobacco şirkətini təqdim edəcəyik.

Müsahibimiz Imperial Tobacco şirkətinin korporativ işlər üzrə meneceri İrakli Nadareişvili Imperial Tobacco Azərbaycan nümayəndəliyinin rəhbəri Elnur Bağırovdur.  

- Şirkətiniz haqqında bir qədər məlumat almaq istərdik.  

İrakli Nadareişvili:  - Biz “Imperial Tobacco” şirkətini təmsil edirik. Bu, Böyük Britaniyanın 100 illik təcrübəsi olan tütün şirkətidir. Şirkət özündə məşhur tütün markaları olan “Davidoff”, “West”, “Gauloises”, “JPS”  brendlərini birləşdirir. Bizim məhsul çeşidinə bütün növ tütün və tütün məmulatları - siqaret, bükülən tütün, siqar, təmbəki, çeynənilən tütün və tütün bükmək üçün kağız daxildir. Ofisi İngiltərənin Bristol şəhərində yerləşən şirkətin aksiyaları London Fond Birjasında dövriyyədədir. Dünyanın 160-dan çox ölkəsində fəaliyyət göstərən şirkətin əməkdaşlarının ümumi sayı 38 min nəfərdir. Şirkətin müxtəlif ölkələrdə 46 istehsal zavodu var. Burada müxtəlif adlar ilə məhsullarımız istehsal olunur. Hər bir fabrikdə yüksək keyfiyyətli məhsul istehsalı üçün lazım olan bütün resurslar var.  

Şirkət daxilində ciddi davranış kodeksi mövcuddur və bu bizim biznesimizin hər bir sferasına və hər bir əməkdaşına şamil olunur. Bu qaydalar təkcə malların dövriyyəsində deyil, həmçinin istehsal prosesində də tətbiq olunur. Şirkət müxtəlif dövlətlərdə tütün biznesini tənzimləyən yerli qanunlara tam şəkildə riayət edir. Bəllidir ki, tütün sənayesi tənzimlənən sahədir. Bir çox ölkədə yerləşən ofisimizdə yerli qanunvericiliyi öyrənən, işimizin həmin ölkələrin qanunlarına uyğun formada qurulması üçün müvafiq qurumlarımız fəaliyyət göstərir. Azərbaycan da bu məsələdə istisna deyil.  

  - Azərbyacanda tütün bazarında vəziyyət barədə hansı qənaətləriniz var? Bu sahədə perspektivlər necədir?  

Elnur Bağırov: - Azərbaycanın tütün bazarı çox dinamik və müasirdir. Yerli bazar dünyanın tütün sənayesində mövcud olan ən son tendensiyalara cavab verir. Azərbaycan bazarında satılan tütün məhsulları içərisində müasir formatlı siqaretlər üstünlük təşkil edir və siqaretlər müxtəlif qiymətlərə satılır. Bazarda daha yüngül siqaretlərə də tələbat var. Bizim bazarda bahalı siqaretlərlə yanaşı orta və daha aşağı qiymət kateqoriyalarında olan lakin keyfiyyətli siqaretlər də satılır. “Imperial Tobacco” bütün bu kateqoriyalarda azərbaycanlı istehlaçkılara maksimal seçim imkanı verir.

- Bizim siqaret bazarı cəlbedicidirmi?  

Elnur Bağırov: - Əlbəttə. Bu gün “Imperial Tobacco” Azərbaycan bazarındadırsa, deməli, bu artıq bazarın cəlbedici olmasının göstəricisidir. Qeyd edim ki, bizim coğrafi məkanda Azərbaycan bazarı ən cəlbedici bazar hesab olunur. Azərbaycanda bizim məhsullar 1998-ci ildən satılır. 2003-cü ildə isə şirkətin Azərbaycan nümayəndəliyi rəsmi qeydiyyatdan keçib. Ölkəmizdə şirkət “Reemtsma Cigarettenfabriken GmbH Azərbyacan nümayəndəliyi” kimi qeydə alınıb. Bu, “Imperial Tobacco” - ya daxil olan şirkətdir. Nümayəndəlikdə hamısı azərbaycanlı olmaqla, 50 əməkdaş çalışır. Bizim məhsullar Azərbaycana uzun illərdir tərəfdaşımız olan “İMEKS” şirkəti tərəfindən idxal olunur və pərakəndə satışa çıxarılır. Bu şirkətdə 250 nəfər çalışır. Bundan başqa, biz, həmçinin Azərbaycanın yerli tütün istehsalçısı “European Tobacco Baku” ilə əməkdaşlıq edirik. Müqavilə əsasında bu fabrikdə bizim beynəlxalq brendlərdən biri, “Prima Lux” markası istehsal olunur. Xüsusi vurğulamaq istərdim ki, yerli zavodda  istehsal olunan məhsulumuz  bütün beynəlxalq standartlara tam cavab verir. Malın keyfiyyətinə nəzarət üçün bizim müvafiq personalımız var.

İrakli Nadareişvili: - Mən bir məsələni vurğulamaq istərdim. Bütün dünyada tütün biznesi ən çox kontrabanda daşımalarına və saxtalaşdırmağa məruz qalan bir biznes sahəsidir. Bütün bunlar bizim maraqlarımıza zərbədir, çünki bu biznes qeyri-leqal istehsalçılar üçün yaxşı gəlir vasitəsi hesab olunur. Odur ki, bizim maraq dairəmizə təkcə tütün məhsulunun yayımı deyil, eyni zamanda bazarın monitorinqinin aparılması, saxta məhsulların ayırd edilməsi, qeyri-leqal məmulatların bazara çıxarılmasının qarşısının alınması daxildir. Bunu nəzərə alaraq şirkətimiz dövlətin müvafiq qurumları ilə əməkdaşlığı özünün əsas prioriteti hesab edir. Biz, həmçinin bu biznesin leqal şəkildə aparılması üçün rəqib şirkətlərlə də əməkdaşlıq edirik.        Dünya ölkələrində siqaret biznesi sahəsinin çoxlu hüquqi tənzimlənmələrinə baxmayaraq, tütün biznesi tam leqal biznesdir və bu məhsullar tamamilə qanuni şəkildə satışa çıxarılır. Odur ki, bizim şirkətin Azərbaycan bazarında təmsili keyfiyyətli məhsul, leqal satış və vergi ödəyicisi olmaq deməkdir.  

- Azərbaycan bazarında siqaretə tələb və təklif necədir? 

Elnur Bağırov:  - Qeyd edim ki, “Imperial Tobacco” müxtəlif istehlakçı tələbatını tam ödəyir. Bazarda istənilən qiymətli və formatlı siqaretlərə tələbat olduğuna görə şirkətimiz azərbaycanlı alıcılara “Davidoff”, “West”, “P&S”, “Imperial Classic”, “Prima Lux” kimi tanınmış beynəlxalq markalar təqdim edir.        
Bizim məhsullarımızda satış və marketinq strategiyası, eləcə də istehlakçıların alıcılıq qabiliyyətinin əks olunması əsasdır. Buna misal olaraq bu yaxınlarda “West Micro” məhsulunun qiymətinin düşməsi faktını qeyd edərdim. Azərbaycan bazarında “West Micro” müasir trend məhsul kimi tanınır və qiymət nöqteyi-nəzərindən asılı olmayaraq bizim şirkətin yüksək keyfiyyətli standartlarını tam əks etdirir.   

İrakli Nadareişvili: - Mən əlavə edim ki, tütün biznesi dinamik sahə olduğuna görə burada rəqabət böyükdür. Tez-tez bazara daxil olan yeni məhsullar və qiymət strukturunun tez-tez dəyişməsinə görə siqaret biznesi bazar konyukturasını izləməyə məcburdur. Bu biznesdə çevik qərarlar qəbul etmək zəruridir. Buna görə də mallarda qiymət artımı və enməsi müşahidə olunur. İstehlakçı artdıqca tələblər də artır.  

- Sovet vaxtı populyar olan ənənəvi xarici siqaret brendləri hələ də aktuallığını saxlayır? Şirkətiniz yeni brendlərini təqdim edərkən ənənəvi adlar bazarda ciddi əngəl törətmir ki?  

 Elnur Bağırov: - Biz hər şeydən əvvəl istehlakçının tələblərini təmin etmək üçün çalışırıq. Müəyyən brendi istehlaka buraxmazdan əvvəl bazarı tədqiq edirik. Bu tədqiqata  iqtisadi, demoqrafik, kulturoloji göstəricilər daxildir. Tədqiqatların yekunu əsasında qərar qəbul edirik. Sizin nəzərdə tutduğunuz siqaret markalarına gəlincə isə onlar keçmiş SSRİ-yə aid olan istehlak bazarına aiddir.  Biz, “Imperial Tobacco” olaraq özümüzün beynəlxalq, qlobal markalarımız və onlara aid olan strategiyalarımız var.  Həmin markaları eyni keyfiyyətlə və standartla Azərbaycan da daxil olmaqla dünyanın bütün ölkələrində ala bilərsiniz. Bizim şirkət beynəlxalq standartlara ciddi riayət edir. Azərbaycana idxal olunan siqaret məhsullarımız dünyanın müxtəlif ölkələrində olan fabriklərimizdə - Almaniyada, Rusiyada, Ukraynada istehsal olunur. Həmin fabriklərin mallarını siz, həmçinin Böyük Britaniya, Almaniya, Fransa kimi bir çox ölkədə də ala bilərsiniz. Qlobal şirkət olaraq biz bütün istehlakçılarımıza eyni standart və keyfiyyətli seçim təqdim etməyə çalışırıq. 

İrakli Nadareişvili:   - Məhsul istehsalı tütünün alınmasından başlanır. Bizim şirkət tütünü dünyada 40-dan çox ölkənin bazarlarından mərkəzləşdirilmiş qaydada alır. Bundan sonra tütün fabriklər arasında bölüşdürülür. İstehsala gəlincə isə hər bir fabrik öz məhsulunu müxtəlif bazarlar üçün istehsal edir. Bu bazarlar tez-tez dəyişir. Məsələn, Almaniyada yerləşən fabrik bir müddət sonra İsveçrə üçün məhsul istehsal edə bilər.  Ona görə də standart və keyfiyyətə həmişə ən yüksək səviyyədə riayət olunur.

- Əsas hansı brendlər istehsal edirsiniz?

Elnur Bağırov: - Imperial Tobacconun bütün dünya üzrə istehsal sahələri genişdir. Biz təkcə siqaret istehsal etmirik. Bizim markalara, həmçinin “Romeo and Julietta”, “Cohiba” kimi ən yaxşı Kuba siqarları da daxildir. Həmçinin tütün bükmək üçün kağız istehsalı var.  Dünya üzrə çox geniş sayda “Gauloises”, “JPS”, “Davidoff”, “West”, “Imperial Classic” kimi brendlərimiz təqdim olunur. Azərbaycanda isə məşhur markalarımızdan olan “Davidoff”, “West”, “P&S”, “Imperial Classic”, “Prima Lux” ilə təmsil olunuruq.  

  - Azərbaycan qanunvericiliyində siqaretlə bağlı müəyyən məhdudiyyətlər var. Ölkəmizdə, həmçinin “anti-tütün” kampaniyası aparan  hərəkatlar var. Belə bir mühit işinizə necə təsir göstərir?  

 İrakli Nadareişvili : - Biz buna çox anlayışlı yanaşırıq. Dövlətin bu biznesi tənzimlənməsi üçün öhdəlikləri var. Hökümət və “anti-tütünçü” - lər kimi bizim üçün də həddi buluğa çatmamış səxslərin arasında siqaretçəkmə halları tam şəkildə qəbul olunmur.  Biz də hökumətlə bərabər tütün məhsullarının kontrabandasını, vergidən yayınmanı qəbul etmirik. Bu baxımdan bizim mövqeyimiz dövlətin mövqeyi ilə üst-üstə düşür. Söhbət bu və ya digər sahənin düzgün tənzimlənməsindən gedirsə, o zaman həmin biznes sahəsinin bu tənzimləmədən kənarda saxlanması mümkün deyil. Burada söhbət leqal biznesdən gedir. Tütün bazarının tənzimlənməsindən danışarkən müxtəlif  ölkələr buna öz nöqteyi-nəzərindən baxır. Azərbaycanda tütünün tənzimlənməsində ən vacib məqsəd həddi buluğa çatmamış səxslərin siqaret çəkməməsi, istehlakçılara tütünün özündə daşıdığı risklər barədə tam informasiyaların verilməsidir. Biz bununla tam razıyıq və bunu qəbul edirik. Əsas odur ki, tütün bazarının tənzimlənməsi rasional və düşünülmüş olsun. Halbuki siqaret biznesi həddi-büluğa çatan şəxslərin seçimi ilə formalaşır.

Elnur Bağırov: - Bizim şirkət işlədiyi ölkələrin qəbul etdiyi qanunlar çərçivəsində fəaliyyət göstərir. Azərbaycanda da belədir. Bununla bağlı şirkətin fəaliyyəti bütün qanuni tələblərlə - vergilərin ödənilməsi, məhsulun qablaşdırılması, məhsulda nikotinin, qətranın miqdarını müəyyən edən qanunvericiliklə 100 faiz üst-üstə düşür.

- Azərbaycan bazarında rəqabət necədir? 

Elnur Bağırov: - Dünya tütün bazarında  bir neçə əsas oyunçu var. Onlardan biri də “Imperial Tobacco” şirkətidir. Tütün bazarında olan əsas oyunçular, həmçinin Azərbaycan bazarında da təmsil olunurlar. Biz rəqabətə biznesin sağlam elementi kimi baxırıq. 

İrakli Nadareişvili: - Rəqabət nəticə etibarı ilə ən çox istehlakçılara xeyirdir. Rəqabət nəticəsində yeni məhsullar və təkliflər yaranır. Bizim üçün ən qiymətli olan istehlakçıdır. Bizim başlıca məqsədimiz odur ki, onlar razı qalsın.  

- Şirkətiniz sosial, humanitar layihələrdə iştirak edirmi?  

İrakli Nadareişvili: - Şirkətimizin siyasəti üçün əsas istehsal ilə yanaşı sosial investisiyalar da önəmlidir. Şirkətimiz işlədiyi ölkələrdə belə layihələrdə iştirak etməyə böyük diqqət yetirir. Bizim təhsil, sosial sahəni əhatə edəcək bir neçə uzunmüddətli layihələrimiz var. Böyük məmnuniyyətlə öz əməkdaşlarımıza sosial humanitar layihələrə qatılmaq imkanı vermişik. Bununla bağlı konkret planlarımız var. Bu il üçün də belə layihələrimiz olacaq.

Xaqani SƏFƏROĞLU 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı