Bu gün Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan istiqamət və hədəflərin müzakirəsinə həsr olunan “dəyirmi masa” keçirilib.
Modern.az-ın məlumatına görə, tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, Şirvan şəhəri, Salyan , Neftçala, Saatlı, Sabirabad və Hacıqabul rayonları təhsil şöbələrinin müdirləri, məktəb direktorları, müəllimlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər. “Dəyirmi masa” iştirakçıları Dövlət Strategiyası çərçivəsində təhsilin inkişaf prioritetləri və keyfiyyətin təmin edilməsi barədə fikirlərini nəzərə çatdırıblar. Sənəddə nəzərdə tutulan müddəaların uğurla həyata keçirilməsi üçün ictimai dəstəyin əhəmiyyəti qeyd olunub, pedaqoji sahədə çalışanların müvafiq islahatlara hazır olmasının zəruriliyi vurğulanıb.Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov “dəyirmi masa”da çıxış edib: “Məktəbəqədər təhsilin inkişafı ilə bağlı kurikulumların 5 yaşlı uşaqların məktəbə hazırlıq proqramı tətbiq olunacaq. Burada uşaqların məktəbə psixoloji metodik hazırlığı tətbiq olunacaq. İstedadlı uşaqlarla bağlı Dövlət Proqramının tətbiqinə dair yeni sənədin hazırlanması nəzərdə tutulur. Məktəbəqədər hazırlıqla bağlı səriştəli valideyn proqramı hazırlanacaq. Bu proqramların həyat keçirilməsində əsas məqsəd valideynləri şəxsiyyətyönümlü uşaqların yetişdirilməsi məqsədilə onları maarifləndirməkdir”.
Tədbirdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov çıxış edib. “Müəllimlərin gələcək inkişaf mərhələləri ilə əlaqədar olaraq, artıq müəllimlər arasında 3 sistem tətbiq olunacaq. Bu peşənin nüfuzunun yüksəldilməsi, əməkhaqqının artırılması, müəllim əməyinin stimullaşdırılması, stimullaşdırma ilə bağlı ucqar kəndlərdə tədbirlər aparılacaq. Müəllim hazırlığı sistemi dəyişəcək. Pedaqoji Universiteti bitirən məzun kurikulumu bilmir, bu məsələləri nəzərə alaraq, müəllim hazırlığını yeni formada həyata keçirmək lazımdır. Həmin müəllimlərə internatura modeli tətbiq olunacaq, 4-cü kursun müəllim hazırlığının keyfiyyəti dəyişə bilər. İnternatura modelini keçən müəllimlərə həvəsləndirici təlimlər tətbiq olunacaq. Artıq müəllimlərin təyinatla göndərilməsi məcburi olaraq tətbiq olunacaq. Növbəti qiymətləndirmələrə görə müəllimlərin differensial əmək haqlarına keçid olacaq”.
Müzakirələr zamanı geniş fikir mübadiləsi aparılıb, müəllimləri və ictimaiyyət nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Həmçinin Salyan şəhərində ən yaxşı müəllimlərin “Açıq dərs”lərini müşahidə edilib.
Rafiq Qənbərov