“Bu xəbər məni çox sevindirdi”. Bunu Modern.az-a açıqlamasında “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov deyib. O, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Qaraağ əlilləri və veteranları ilə bağlı yaxın günlərdə sərəncam veriləcəyi haqda açıqlamasını şərh edərkən bildirib: “Düşünürəm ki, qəbul ediləcək qərar bizim bu qəbildən olan, müharibədə xidmət edən insanların hər birini sevindirəcək. Bu, bir müddət əvvəl cənab prezidentə etdiyimiz müraciətin nəticəsidir. Biz ən vacib məsələləri qaldırıb təklif ünvanladıq. Bununla bağlı bir çox nazir və məmurlarla görüşdük. Sağ olsunlar bizi qəbul etdilər. Biz onlara insanların həyatını dəyişə biləcək addımların atılması təklifini irəli sürdük. Onlar da bunu tam normal qəbul etdi və müsbət həll olunacağına dair bizə vəd verdilər. Düşünürəm ki, bizim irəli sürdüyümüz təkliflər insanları qane edəcək və həyatlarında dönüş yarada biləcək. İnanıram ki, məhz bununla bağlı fərman və sərəncam imzalanacaq. Bu qəbildən olan insanlar da razı qalacaq. Yalnız tibbi sığortayla bağlı təklifdən başqa hamısı öz həllini tapacaq. Məndə olan məlumata görə, yaxın bir-iki il ərzində hökumət vətəndaşlarının tibbi sığorta məsələsini geniş formada həyata keçirməyi planlaşdırır. Bizə bildirildi ki, tibbi sığortayla bağlı ümumi respublika üzrə proses həyata keçirilərkən bu qəbildən olan insanlar da öz layiqli haqlarını alacaqlar”.
"Qarabağ veteranları, əlillərlə, şəhid ailələri ilə bağlı hər hansı addım atılan zaman biz buna çox sevinirik”. Bunu da Modern.az-a açıqlamasında “Azərbaycan Vətən Müharibəsi Veteranları” Birliyinin sədri Füzuli Rzaquliyev deyib. “Bu, torpaqlarımızın azad edilməsi üçün insanlarda daha da ruh yüksəkliyi yaradılmasına səbəb olacaq. Müsbət hal kimi qiymətləndirirəm. Hələ qədimdən müharibələr lənətlənib, müharibə görmüş insanlar daim diqqətdə olub, qayğı ilə əhatələnib. Ən vacibi bu addım torpaqlarımızın işğaldan azad olunması üçün stimullardan biridir. Bu olsa da, olmasa da müharibə qaçılmazdır. Amma atılan addımın da bir stimul olacağına inanıram”.
" İnformasiyadan xəbərdarıq. Çox sevinirik“, – Modern.az-a açıqlamasında “Vətən Müharibəsi Əlilləri” İctimai Birliyinin sədri Firudin Məmmədov belə deyib. “Zaur Həsənov intihar edəndən sonra dövlətin yüksək rütbəli məmurları ilə, o cümlədən baş nazirin müavini Əli Əhmədovla və Səlim Müslümovla görüşdük. Əlillərin ən ağır vəziyyətini təsdiq edən problemlərini yazılı sürətdə təklif olaraq təqdim etdik. Əli Əhmədov bizə bildirdi ki, həmin təkliflər dövlət başçısına çatdırılacaq. Biz həmin təklifləri Prezidentə çatdırılması üçün müraciət etdik. Yazılı paket şəklində prezidentə həmin təklifləri göndərdik. Təkliflərdə əlillərin müavinətlərinin artırılması, əlillərin sağlamlığının sığortalanması, əlillərin özlərinin və ailə üzvlərinin övladlarının təhsil haqqından azad edilməsi, əlillərə kommunal güzəştlərin təklif olunması, əlillərin sosial problemləri ilə bağlı müvafiq komissiya yaradılması ilə bağlı 5 təklif irəli sürdük. Onlar da çatdırdılar. Bu gün müjdə olaraq həmin təkliflər əsasında prezidentin sərəncamını gözləyərik. Düşünürəm ki, bu qərarın verilməsi müharibə əlillərinin həyatında çox ciddi rol oynayacaq. Bu olacağı təqdirdə biz öz təşəkkürümüzü və minnətdarlığımızı bildirə bilərik”.Qeyd edək ki, nazir Səlim Müslümov jurnalistlərə açıqlamasında Qarabağ əlilləri ilə bağlı bütün problemlər həll olunacağını deyib. Onun sözlərinə görə, Qarabağ əlillərini və veteranlarını narahat edən bütün problemlər barədə ölkə başçısının müvafiq sərəncam və fərmanları var. “Yeni layihələri də hazırlayıb təqdim etmişik. Yaxın günlərdə şad xəbər eşidəcəksiniz”.
Gülşən Raufqızı