Modern.az

Təhsil nazirinin ixtisar planları: proqnozlar və gözləntilər...

Təhsil nazirinin ixtisar planları: proqnozlar və gözləntilər...

Ölkə

18 Mart 2014, 12:19

İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyevin işdən azad olunmasından sonra bəzi digər ali məktəb rektorlarının da işdən azad olunacağı gözlənilir. Modern.az saytının məlumatına görə, təhsil sahəsində islahatlar bununla bitməyəcək. Belə ki, kadr islahatları ilə yanaşı, ali təhsil müəssisələrinin də ixtisarı nəzərdə tutulur. Hazırda bu istiqamətdə bir neçə variant üzərində iş gedir.

Məlumatlara görə, gənc və enerjili təhsil naziri Mikayıl Cabbarovun qarşıya qoyduğu əsas istiqamətlərdən biri Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin dünyadakı reytinqli ali məktəblər sırasına daxil olması istiqamətində işlərin aparılmasıdır. Bu planın əsas mahiyyəti təhsilin keyfiyyətini qaldırmaqla yanaşı, xarici ölkələrdən Azərbaycana tələbə axınını təmin etməkdir. Bunu reallaşdırmaq üçünsə kadr dəyişikliyi ilə yanaşı, digər tədbirlər həyata keçiriləcək.

Plana uyğun olaraq bəzi ali məktəblərin Bakıdan regionlara köçürülməsi nəzərdə tutulur. Kampus təhsil sisteminin tətbiqini həyata keçirilməsi planlaşdırır. Bu planları reallaşdırmaq üçün ali məktəblərdə təhsil keyfiyyəti, orada tədris olunan ixtisaslar və gələcək perspektivi ilə bağlı monitorinqə başlanılıb. Bu monitorinqin nəticəsinə uyğun olaraq hansı ali məktəbin bağlanması, hansı ali təhsil ocaqlarında ixtisasların tədrisi və sair məsələlərlə bağlı qərarlar veriləcək.

Təhsil Nazirliyi Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, ali təhsil müəssisələrinin ümumi ixtisarı nəzərdə tutulmur. Lakin ali təhsil müəssisələrinin profillərinə uyğun olaraq ixtisasların sistemləşdirilməsi həyata keçirilir.

Gültəkin ƏLƏSGƏR   

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı