
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elnur Aslanovun vəzifəyə təyinatı ilə bağlı Modern.az saytına açıqlama verib. Nazirliyin mətbuat xidmətininn rəhbəri Müşfiq Əmirov bildirib ki, bir müddət öncə ölkə başçısının sərəncamı ilə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilmiş Elnur Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Strateji planlaşdırma, elmi potensial, investisiya şöbəsinə müdir təyin olunub.
Qeyd edək ki, son günlər media Elnur Aslanovun nurçuluqda ittiham olunmasına dair çeşidli informasiyalar yayırdı. Bu informasiyalarda bildirilir ki, Elnur Aslanov ABŞ-ın Pensilvaniya ştatında sığınmış türkiyəli din xadimi Fətullah Gülənin nurçu təriqətinin Azərbaycandakı rəhbərlərindən biridir.
Elnur Aslanov 1977-ci ilin yanvarında Bakıda anadan olub. Onun iki ali təhsili var. E.Aslanov BDU-nu və “Azərbaycan” Unversitetini bitirib. Siyasi elmlər namizədidir. E.Aslanovun karyerası hakim YAP-ın qərargahından başlanıb.
1997-ci ilin yanvarında 19 yaşlı Elnur Aslanov hakim partiyanın Beynəlxalq əlaqələr və siyasi partiyalarla iş şöbəsində təlimatçı vəzifəsinə təyin olunub. Bir müddət bu vəziifədə çalışan E.Aslanov daha sonra baş referent olur. O, YAP-ın baş ofisində 4 il çalışıb. 2001-ci ildə E.Aslanovun karyerasında ciddi dəyişikliklər başlanır. Həmin ilin aprelində o, Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin İnformasiya işinin təşkili və analitik təhlil sektoruna referent vəzifəsinə aparılır. Daha sonra irəliləyərək böyük məsləhətçi olur. Bu vəzifədə iki il çalışdıqdan sonra İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin köməkçisi vəzifəsinə təyin olunur.
O, 2007-ci ildən 2014-cü il martın 17-dək Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsini tuturdu. Martın 17-də ölkə başçısı onu istefaya göndərmişdi.
Elnur Aslanov Milli Məclisin deputatı Rəbiyyət Aslanovanın oğludur.
Gültəkin ƏLƏSGƏR