Sosioloq: “Gərginlik, stress keçirmək insanların ömrünü azaldır”
Dünyada müxtəlif səbəblərdən insanların ömrü getdikcə daha da qısalır. İndi bir çox ölkələrdə kişi və qadınlar 65-70 yaşlarına çatanda hansısa səbəblərdən dünyalarını dəyişmiş olurlar. BMT-nin hesablamalarına görə, Azərbaycanda orta yaş dövrü 72-dən 62-yə düşüb. Digər bir araşdırmaya görə son illər Azərbaycan əhalisi arasında olan 50-60 yaş arası insanların sayı da azalıb.
“Buna səbəb olan psixoloji, bioloji, ekoloji faktorlar var. Konkret olaraq bir neçəsinin üzərində dayana bilərik”.
Bunu Modern.az-a sosioloq Əhməd Qəşəmoğlu hazırda ölkə əhalisi arasında 50-60 yaş arası insanların azalması probleminə münasibət bildirərkən deyib:
“Əvvəla, cəmiyyət getdikcə mürəkkəbləşir. Qloballaşmanın sürətlə getdiyi bir vaxtda hər ay demək olar mürəkkəbləşmə daha da artır. Cəmiyyət mürəkkəbləşdikcə, hər bir situasiyadan baş çıxarmaq mənasında çətinliklər yaranır. Bu isə öz fəaliyyətini, davranışını, güzəranını qurmaq baxımından insanlara çətinlik yaradır. Yaranan çətinliyin özü də bir stress yaradır. Stressin çoxalması hesabına əhali arasında yayılan qan-damar, əsəb xəstəlikləri artmaqda davam edir”.
Sosioloq bildirib ki, ümumiyyətlə, bir çox xəstəliklər başlanğıcını stressdən götürür: “Digər tərəfdən, Azərbaycan ailəsi tarix boyu heç vaxt indiki qədər gərgin vəziyyətdə olmayıb. Ailənin bir neçə funksiyası var. İnsan xarici mühitdən aldığı mənfi enerjini özü ilə birgə evinə də gətirir. Bu enerjini ailədə atmalıdır. Bunun üçün uyğun şərait olmalıdır. İndiki ailələrdə əvvəlki şərait yoxdur. Əvvəllər ailədə rahatlıq üçün yaradılan mühit həmin gərginliyi aradan qaldırmağa şərait yaradırdı. Lakin indi bunları görmək az hallarda baş verir. Vəziyyət elədir ki, insan evdə dincəlmək əvəzinə daha çox stress yaşayır, problemlərlə yüklənir. Problemlər bir az da artır. Bu gərginlik ailənin bütün üzvlərinə təsir edir, xəstəliklərə səbəb olur. Eyni zamanda evdə böyüyən gənclərin əsəb pozuntusuna təsir edir. Təhlükəli qidalar da sağlamlığın düşməni mənbəyinə çevrilib”.
Ə.Qəşəmoğlunun fikrincə, sovet dövründə qidalar az olduğundan, insanlar az yemək yeyər, üstəlik pəhriz də saxlaya bilərdi: “Beləliklə, uzun müddət sağlam yaşaya bilirdilər. Amma indi qidalar çoxalsa da, onların içərisində istər kimyəvi cəhətdən zərərli, ekoloji cəhətdən arzu olunmayan, genləri dəyişilmiş, yəni qəbul olunması təhlükəli qidalar çoxalıb. Bu baxımdan düşünürəm ki, insanların belə tez dünyasını dəyişməsinə səbəb olan amillərdən biri də budur. Qəbiristanlığa gedərkən baş daşlarındakı tarixlər insanı dəhşətə gətirir. İnsanların ömrünün azalmasına sadaladığım səbəblərlə yanaşı, siqaret, mənşəyi məlum olmayan içkilər də təsir göstərir”.
Sosioloq mənşəyi bilinməyən dərmanların insan orqanizmə mənfi təsirini xüsusi qeyd edib: “Bu, düşmənlikdən daha dəhşətlidir. Digər tərəfdən, tibbin səviyyəsi elədir ki, insanlar öz xəstəliklərini müalicə etməkdə çətinlik çəkirlər.
Əgər ölüm hadisələri çoxalır və gəncləşirsə, deməli bu məsləyə ciddi diqqət vermək lazımdır. Düşünürəm ki, bu, günün ən aktual məsələlərindən biridir.”
Qeyd edək ki, statistik rəqəmlər də müxtəlif yaş qrupları arasında ölüm hallarının ilbəil artdığını göstərir: 50-54 yaş arası insanların ölümü 2008-ci ildə 1038, 2009-cu ildə 1159, 2010-cu ildə 1184, 2011-ci ildə 1180, 2012-ci ildə 1225 nəfər olub. 55-59 yaş arası insan ölümü isə 2008-ci ildə 1239, 2009-cu ildə 1223, 2010-cu ildə 1305, 2011-ci ildə 1365, 2012-ci ildə 1431 nəfər olub. 60-64 yaş arası ölüm halları 2008-ci ildə 1020, 2009-cu ildə 1127, 2010-cu ildə 1448, 2011-ci ildə 1489, 2012-ci ildə isə 16022 nəfər olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin son siyahıya alınmasına əsasən yaşı 100 olan ahılların sayı 305 nəfər azalıb. Nəticədə ölkədə 100 və yaşı yuxarı olan şəxslərin ümumi sayı 838 nəfər olub.
Gülşən Raufqızı