Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə bağlı müzakirələr hələ də bitmir.
Bəzi mətbuat orqanları baş nazirin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə gizli “nurçu dosyesi”ndən söz açıldığını iddia edib.
Ərdoğan isə Türkiyədə verdiyi açıqlamada bir cümlə ilə olsa da, Prezident Əliyevlə nurçu camaatla bağlı müzakirələr apardığını təsdiqləyib.
Fərqli şərhlər, mülahizələrlə bağlı Türkiyə Böyük Millət Məclisi (TBMM) də açıqlama verib.
Türkiyənin hakim partiyasının aparıcı füqurlarından olan millət vəkili, TBMM-in Aparat rəhbəri Mustafa Kabakçı Modern.az saytına açıqlamasında Ərdoğanın Bakı səfərini şərh edib. O bildirib ki, səfər zamanı aparılan məxfi müzakirələr barədə detallı bilgiləri yoxdur: “Amma ümumi deyə bilərəm ki, cənab baş nazir və cənab prezidentin görüşündə bölgə ilə bağlı Türkiyə və Azərbaycanın maraqları müzakirə olunub. Hər iki dövlət istəyir ki, regionda sabitlik, sülh davam etsin və haqsızlıqlara son qoyulsun”-deyə TBMM rəsmisi qeyd edib.
Parlament nümayəndəsi onu da bildirib ki, Əliyev və Ərdoğan bununla yanaşı iki ölkə arasında iqtisadi, siyasi, mədəni əlaqələrin genişlənməsini də istəyirlər. Onun sözlərinə görə səfərin əsas məqsədlərindən biri Türkiyə-Azərbaycan birliyini gücləndirməyə xidmət edib.
TBMM səlahiyyətlisi Türkiyədə keçiriləcək prezident seçkilərindən də danışıb. “İndidən bir şey demək çətindir. Türkiyə demokratik ölkədir, namizədlər məlum olduqdan sonra onların şanslarını dəyərləndirmək olar. Xalqımız hansı namizədi layiq biləcəksə, onu da prezident seçəcək”. M. Kabakçı ötən gün cəbhə xəttində mina partlaması nəticəsində həlak olmuş hərbiçilərimizlə bağlı Azərbaycana başsağlığı verib.
Qeyd edək ki, Ərdoğan aprel ayının 4-də Bakıya rəsmi səfərə gəlmişdi.Aqşin Kərimov