
Hər il tək Azərbaycanda böyrək və qaraciyər çatışmazlığından onlarla adam ölür. Amma ölüm faktları ilə yanaşı, əməliyyat olunub yenidən həyata qayıdanlar da az deyil.
Transplantasiya əməliyyatının bahalığına baxmayaraq, Azərbaycanda kifayət xəstəyə orqan köçürülüb.
Mərkəzi Neftçilər Xəstəxanasından Modern.az saytına verilən məlumata görə, ötən il bu tibb ocağında 55 böyrək, 19 qaraciyər köçürülməsi əməliyyatı həyata keçirilib. Bu ilin ilk üç ayı ərzində isə 32 böyrək, 11 qaraciyər transplantasiyası gerçəkləşdirilib.
“Təbii ki, ilin sonuna kimi bu rəqəmin artacağı gözlənilir. Orqan köçürülənlər arasında azyaşlılar da var. Belə ki, bu günə kimi 5 nəfər azyaşlıya böyrək, 6 azyaşlıya isə qaraciyər köçürülüb. Onlar arasında 4, 6, 5, 10, 13 yaşlı uşaqlar var.
Hazırda Azərbaycanda yalnız bir xəstəyə iki canlıdan həm böyrək, həm də qaraciyər köçürülüb. Həmin şəxs Dövlət Neft Şirkətində şöbə müdirinin mavini vəzifəsində çalışır”-deyə Mərkəzi Neftçilər Xəstəxanasından Modern.az-a bildirilib.
ARDNŞ-də şöbə müdirinin müavini Mehman Eyyubovun səhhəti hazırda normaldır.
Gültəkin ƏLƏSGƏR