Son 1 aydır ki, Qarabağ mövzusu gündəmə fərqli yöndə gəlib. İşğal olunmuş torpaqlarımızı necə ala bilərik, bu qara ləkəni alnımızda necə çıxara bilərik deyən yoxdu. Bu son bir aydaki danışılanlar işğalların ilk günlərindəki “qaçqınlar gəldi şəhəri kirlətdi” söhbətinə oxşayır. 20 ildə düşüncəmiz bu səviyyədən bir addım o tərəfə keçməyib. Hələdə qaçqın-yerli oyunu davam edir. Kimsə o beyninin ağıl nöqtəsinə sığdıra bilmir ki, Qarabağ Azərbaycanındı, Qarabağ tək Qarbağda doğulub böyüyənlərin deyil.
Yenidən başlayıblar ki, torpaqlarınızı qoyub gəldiniz, yenidən Qarabağdan gələnləri mədəniyyətsiz adlandırılar. Bunları kənardan oxuduqca, həm üzülürəm, həm də içimdəki acı təzələnir. Sözüm konkret ünvanlanmayıb, çünkü “gic və bic” məsəli var. Biri düşünmür deyir, biri ağılldır düşüncələrini fərqli təbliğ edir. Amma bu görüntü heç də müsbət hadisələrdən xəbər vermir. Məncə bir çörəklə, bir də torpaqla Allah kimsəni imtaha çəkməsin…
…Mən hələ 3-cü sinifdə oxuyurdum, Ağdamda Natəvan qızlar bayramı keçirilirdi. Dünyanın çox ölkısindən rəqs qrupları, müğənnilər, müxtəlif incəsənət xadimləri gəlmişdi. Ağdam camaatı və rəhbərliyi 3 ay öncədən hazırlıq görməyə başlamışdı. Mənim də çox kiçik bir rolum vardı o bayramda. Ona görə 3 ay dərsdən sonra o vaxtki Pioner evinə gedirdik. “Qarabağ bülbüləri”nin bədii rəhbəri Murad Rzayev bizi hazırlaşdırdı. Bayram günü gəldi. Azərbaycanın bütün bölgələri ora axışmışdı. Biz televizordan izlədiyimiz tanınmış insanları orda gördük. Polad Bülbüloğlu bayramı açdı, Zeynəb Xanlarova bağlanış etdi. Qədir Rüstəmovu, Arif Babayevi xarici qonaqlar heyranlıqla dinləmişdi. Biz “mədəniyyətsizlər” böyük bir mədəniyyət tədbirindən üzü ağ çıxmışdıq. Xurşudbanu Natəvanın məzarı olan İmarət deyilən məkanda keçrilən tədbirin səsi-sorağı bu günə qədər gəlib. Təbii olar onu bilmək və duymaq isətəyənlərin qulağına. Qulağını və zehnini pas basmışlar, Şuşanın mədəniyyət ocağı olduğunu da unudublar… Şuşanın mədəniyyətindən yazmaq isə məncə artıq olar…
…Evdə oturmuşduq, ermənilərin atdığı “qrad” düz evimizin altına saplanmışdı. Amma xoşbəxlikdən açılmadı. Biz ailəlikcə ölümdən qurtardıq. Amma o gün aldığmız zərbəni hələ beynimizdə daşıyırıq. Ondan bir az sonra rayonumuz işğal edildi. O gün evimizi tərk edəndə kiçik qardaşımın dönüb evdəki xalçanı və divarı öpüb “birdın geri qayıtmarıq”-deyə ağlmasının içimizdə açdığı yaranı unutmaq üçün zaman yetərlimi?
Bir az yaşlı uşağın aldığı zərbəni hiss etmək üçün ürəyin ölçüsü nə qədər olmalıdır? Evliykən evsiz, yurdluykən yurduz, yerliykən yersiz olmaq? Başdaykən ayağa keçmək? Başqasının süfrəsində boynunu bükmək? Dişin-dırnağınla tikdiyin evini qoyub, yatqxana köşələrində əzilməyin nə olduğun bilirsinizmi?
Bir gündə evinə iki şəhid tabutunun gəlməsi hissini yaşamısınızmı? Bir atanın işğala dözməyib ölməsinin nə olduğunu bilirsinizmi? Sizi oxuduğunuz məktəbdə “Qaçqın” deyib ələ salıblarmı? Siz məktəbə gedəndə yardım bağlamasından çıxan köhnə ayaqqabı geyinib, yırtılmış burnunu gizlətmisinizmi? Sizə köhnəlmiş makaronu yardım adına sırıyıblarmı? Siz hər gecə yatanda doğulduğunuz evin otaqlarını tək-tək düşünüb ağlıyırsınızmı? Sizin doğmalarınızın qəbrlərini ermənilər dağıdıbmı? Siz bayramlarda ata məzarına gül qoymaq istəyib, o daşı tapmayıb ağlamısınızmı?...
YOX! əgər belə olsaydı indi oturub kimsəyə namus dərsi keçməzdiniz. Kimsə torpağından, elindən obasından vaz keçməz. Namusuzluq və namus anlayışını qadınların ətəyinin ölçüsü ilə ölçənlər, Qarabağ Azərbaycan torpağıdır. Bizim hamımızın namusu işğal olunub. Söz yarası, güllədən də itidir, birbaşa ürəkdən vurur…