
Qarabağ savaşı veteranı, “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuş İbad Hüseynovla bağlı müzakirələr səngimək bilmir.
Bu yaxınlarda bir qrup döyüşçü İbad Hüseynovun erməni terrorçusu, azərbaycanlılara qarşı döyüşlərə rəhbərlik etmiş Monte Melkonyanın qətlə yetirməsi faktını inkar edən müraciəti yayıb.
Bir sıra mətbuat orqanları bu məlumatı yayımladı. Ardınca da qarşı tərəf cavab verdi... Beləcə tərəflərin qarşılıqlı ittihamları bu gün də mediada və sosial şəbəkələrdə davam etməkdədir...
Vətən uğrunda döyüşənlər arasında yaşanan yersiz mübahisənin insanların döyüş ruhuna mənfi təsir etdiyi göz önündədir.
Təsəvvür edin, 1991-92-93-cü illərin soyuq səngərin birləşdirdiyi, qardaş səviyyəsinə gətirdiyi cəhbədaşlar 2014-cü ilin atəşkəs rejimində biri-birini fırıldaqçılıqda ittiham edir. Özü də müharibənin bitmədiyi, Vətən torpağının düşmən tapdağından hələ azad edilmədiyi dönəmdə.
Azərbaycan torpaqlarının qorunub saxlanılmasında böyük xidmətləri olan 708-ci briqadanın bir qrup döyüşçüləri İbad Hüseynovun əleyhinə müraciət ünvanlayıb. Müraciətdə İ. Hüseynovun erməni terroçusu M. Melkonyanın qətlə yetirmədiyi, bu faktı öz adına çıxararaq ondan sui-istifadə etdiyi vurğulanıb.
Müraciətdə digər məqam isə İbad Hüseynovun Milli Qəhrəman adı almaq üçün kimlərə xahiş-minnət etməsi barədə qeydlərdir.
Ağrılı məqamdır, deyilmi?! Təsəvvür edin ki, kütlə şüurunun hər an gözlənilən müharibəyə hazır olmadığı bir zamanda döyüş yolu keçmiş kəslər biri-birilərinə qara yaxır.
İbad Hüseynovun açıqlamalarında isə qeyd olunur ki, belə bir niyyəti olmayıb.
Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki İlham İsmayıl da Modern.az-a açıqlama verərkən müharibə bitməmiş bu kimi məsələlərin qabardılmasını lüzumsuz hesab edir: “İbad Hüseynovun Melkonyanı qətlə yetirməsi bağlı fakt bu gün cəmiyyətə lazımdır. Çünki müharibə şəraitində olan bir ölkə üçün qəhrəman tipajları çox vacibdir. Amma döyüş yoldaşlarının da buna əks çıxmasına təbii baxmaq lazımdır. Ancaq Qarabağ müharibəsi başa çatmamış bu məsələnin üstünə gedilməsi məqsədəuyğun deyil. Həqiqətin kimin tərəfində olması sonra müzakirə edilə bilər”.
Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev də döyüşçülərin biri-birinə qarşı bu şəkildə münasibət sərgiləməsindən təəsüfləndiyini bildirib: “Goranboyda iki Milli Qəhrəman – mən və Məhəmməd Həsənov, eləcə də başqa döyüşçülər bu gün də biri-birimizlə çox gözəl münasibət saxlayırıq. Biz döyüş vaxtı necə bir idiksə, o birliyi indi də saxlayırıq. Təki başqa yerlərdə də döyüşçülər bu cür gözəl münasibəti qoruyub saxlaya bilsinlər. Bu gün bizə bu lazımdır. Bizim Qarabağ boyda dərdimiz var. Bu gün aralarında umu-küsü olan adamlar da barışmalıdır. Hamı Qarabağ uğrunda döyüşlərə hazır olmalıdır. Bu gün biz Qarabağı qaytarmasaq torpaq bizi götürməz. Döyüşçülər də biri birini qqeyd-şərtsiz qəbul etməlidirlər. Bir-birinin arxasında durmalıdırlar. Başqa yolumuz yoxdur!”.
Elmin Nuri