
Bu gün Azərbaycanda istər dövlət, istərsə də özəl ali məktəblərin əksəriyyəti müəllim hazırlayır. Bu qədər müəllimə ehtiyac varmı? Müəllim yetişdirilməsində hansı universitetlər yaxşı mənada seçilir?
Modern.az-a açıqlama verən BDU-nun professoru Nüşabə Sadıxlı ən yaxşı müəllim kadrlarının BDU-da yetişdiyini düşünür: “Müəllim həm psixologiyanı, həm pedaqogikanı gözəl bilməli, həm də intellekti olmalıdır. Bu mənada ən gözəl biliyi elə Bakı Dövlət Universiteti verir. Əvvəllər BDU-da yalnız filoloq hazırlanırdı. Yəni pedaqoji sahəyə az yer verilirdi. Amma indi filologiya fakültəsində həm pedaqoq, həm də filoloq hazırlanır. BDU-nun səviyyəsi ilə bağlı hamının informasiyası var. Yəni həm səviyyə, həm pedaqoji təcrübə baxımından məncə, ən gözəl təhsili də elə BDU verir.
Sovet sistemində olan təyinat məsələsinə çox önəm verirəm. Yəni o zaman müəllim kimi ixtisaslaşan hər bir kəs ən azı ilk növbədə ucqar rayonlarımızda təcrübə keçirdilər. Həm rayonlarımızda o səviyyə qalırdı, həm də müəllimlər işlə təmin olunurdu. Amma indi əksəriyyət təhsilini bitirən kimi Bakıda qalmaq istəyir. Bu da balansı pozur. O mənada nəzərə alsaq ki, hamı Bakıda qalmaq istəyir, onda bu qədər müəllimə ehtiyac yoxdur. Amma nəzərə alsaq ki, rayonlarımızda müəllim qıtlığıdır, təbii ki, müəllimə ehtiyac var”.
Deputat Nizami Cəfərov müəllim hazırlığını azaltmağı üstün tutur : “Ali məktəblərin adını xüsusi çəkmək olmur. Çünki müxtəlif sahələr var. Elə sahələr var ki, görürsən, bir ali məktəbdə, eləsi var bir başqasında üstündür. Amma hər halda müəllim hazırlığına həmişə daha çox Azərbaycan Dövlət Pedaqoji Universitetində əlavə diqqət yetirilir. İndi Pedaqoji Universitetin əsas işi müəllim hazırlamaqdır. Orada pedaqoji ixtisas, metodika çox keçilir, praktika çoxdur. Bu mənada bizdə Pedaqoji Universiteti daha çox müəllim hazırlığına məsuliyyət daşıyır. BDU-da ümumiyyətlə, daha çox ixtisas üzrə mütəxəssis hazırlanır. Ancaq əlbəttə, pedaqoji universitet əsas seçilir.Ümumiyyətlə, müəllim hazırlığını bir az azaltmaq lazımdır. Yəni bu qədər müəllim hazırlanırsa, keyfiyyət yüksək olmalıdır”.
Təhsil eksperti Şahlar Əsgərova görə, ali məktəblər diplom verməklə kifayətlənməməlidir: “Bütün ali məktəblər keyfiyyətli təhsil verməli, cəmiyyət, dövlət, hökumət qarşısında boyunlarına götürdükləri yükü çəkməlidir. Hamısı yaxşı müəllim yetişdirməlidir. Azərbaycan reallığından çıxış edərək güman edirəm ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti bu işi daha uğurla yerinə yetirir. Pedaqoji Universitetin həm müəllim, həm kadr, həm də metodik potensialı kifayət qədər yüksəkdir. Yaxşı müəllim yetişdirəm universitetlər sırasında Bakı Dövlət Universitetinin də adını çəkmək olar. Çünki burada əsas elmi tədqiqat üçün ixtisasçılar, eyni zamanda da pedaqoq hazırlanır.
Çox müəllim yetişdirilməsi qorxulu bir hal deyil. Əhali nə qədər çox ali təhsil sistemindən keçərsə, bu cəmiyyət üçün daha yaxşıdır. Ali məktəbi qurtarandan sonra işə düzələcək, düzəlməyəcək, o sonrakı məsələdir. Yəni, əgər bir gəncin sonradan müəllim işləyib işləməyəcəyinə baxmayaraq ali təhsil almasının özü yaxşı bir şeydir".
Misranə Həsənzadə